ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Paşinyan Azərbaycanın Ermənistanla sərhəddə ordu cəmləşdirdiyini deyir

Rəsmi Bakı Baş nazirin çıxışını siyasi manipulyasiya adlandırıb

Azərbaycan qoşunlarını Ermənistanla sərhəddə və Dağlıq Qarabağla təmas xəttində cəmləşdirib.
Bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 7-də çıxışı zamanı deyib.
Baş nazir hazırda vəziyyətin çox gərgin olduğunu bildirib.
“Son bir həftə ərzində regionumuzda hərbi-siyasi vəziyyət xeyli pisləşib. Səbəb Azərbaycanın bir neçə gündür ki, Dağlıq Qarabağın təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca qoşun toplamasıdır. Azərbaycan mətbuatında və təbliğat platformalarında anti-erməni nifrət nitqləri daha intensiv xarakter alıb”, – Paşinyan deyib.
Paşinyan beynəlxalq ictimaiyyəti, BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətləri regionda baş verə biləcək növbəti partlayışın qarşısını almaq üçün ciddi tədbir görməyə çağırıb:
“Ermənistan Azərbaycanla sülh və münasibətlərin nizamlanması haqqında saziş imzalamaq istəyir və buna hazırdır. Biz Brüssel və Praqada əldə edilmiş razılaşmalar, habelə üçtərəfli bəyanat (Ermənistan, Azərbaycan və Rusiya) əsasında sülh gündəliyinə sadiqliyimizi ifadə edirik”.
Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın söylədiklərini növbəti saxta, siyasi manipulyasiya adlandırıb.
XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadə bildirib ki, bölgədə təhlükəsizliyə əsl hədəni Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etməsi yaradıb.
“Ermənistanın silahlı qüvvələrinin hələ də öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxmaması hər kəsə məlumdur. Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalıdır. Sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneçilikləri dayandırmalıdır”, – Hacızadə deyib.
Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.
Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.
2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.
Ermənistan isə bu ittihamı qəbul etmir.
Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button