ArxivXəbər lentiXəbərlər

Azərbaycanla Avstriya arasında korrupsiya qalmaqalı daha da böyüdü

Vyana məhkəməsi problemin iki ölkənin xarici işlər nazirləri səviyyəsində müzakirəsinə qərar verdi.

Avstriya məhkəməsi ölkələr arasında məlum əskinas çapı qalmaqalı ilə əlaqədar Azərbaycan Mərkəzi Bankına bir neçə ay əvvəl sorğu göndərsə də, hələlik cavab ala bilməyib. Məhkəmənin suallarına cavab almaq məqsədilə Azərbaycan tərəfilə video-konfrans təşkil etmək cəhdi də nəticə verməyib. Azərbaycan Mərkəzi Bankı video-konfransdan da imtina edib. Bütün bunlar avqustun 5-də Avstriyada hakim Corc Olşakın sədrliyilə keçirilən məhkəmə iclasında açıqlanıb.
Avstriyanın “Der Standard” qəzetinin yaydığı məlumata görə, Vyana Cinayətlər Məhkəməsində keçirilən iclasda hakim proses iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan Mərkəzi Bankı suallara cavab vermədiyindən, məhkəmə yaranmış problemin iki ölkənin nazirləri səviyyəsində həllinə qərar verib. Hakim Corc Olşak bildirib ki, Azərbaycan tərəfi bundan sonra da susmaqda israrlı olsa belə, məhkəmə istintaqı yenə də davam etdiriləcək. Növbəti məhkəmə iclası isə oktyabrın 3-nə təyin olunub.
Çox güman ki, hakim “nazirlər səviyyəsində” deyərkən problemin Avstriya və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində müzakirəsi və həllini nəzərdə tutur. Yəni, ittihamlara cavab verilməsi üçün Avstriyadan sorğu bu dəfə Xarici Işlər Nazirliyinə göndəriləcək.
Xatırladaq ki, pul əskinaslarının çapına dair Azərbaycan və Suriya ilə bağlanmış müqavilələrdəki korrupsiya, bu ölkələrin Mərkəzi Bankının rəhbərliyilə rüşvət sövdələşməsinə görə Avstriyada 9 nəfər məhkəmə qarşısına çıxarılıb. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, eləcə də pul əskinaslarının çapına məsul şöbənin rəhbəri, Mərkəzi Bankın törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da var. 83 səhifəlik ittiham aktında yazılanlara görə, təqsirləndirilən şəxslər cinayətkar birlik yaradaraq, 2005-2011-ci illərdə Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayaleyə bu ölkələrdən əskinas çapının sifarişi almağın müqabilində 14 milyon avro rüşvət veriblər.
OeBS şirkəti Azərbaycan və Suriya ilə müqavilələrdəki məbləğin bir hissəsini bu ölkələrdə bank sektoru ilə bağlı qərarlar qəbul edən vəzifəli şəxslərə məhz Panamada qeydiyyatdan keçmiş “Venkoy” şirkəti vasitəsilə ötürüb./azertimes.com/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button