ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda inanclı vətəndaşların kütləvi həbsilə bağlı Milli Şuranın bəyanatı

Milli Şura həbs olunan inanclı şəxslərin sayı, kimlikləri və onlara qarşı irəli sürülmüş ittihamların mahiyyəti haqda dəqiq məlumatlara malik deyil. Ancaq yayılan məlumatlar belə qənaət yaradır ki, son həftələr ərzində çoxlu sayda vətəndaşımız casusluq və narkotik ittihamı ilə həbs olunub.
Milli Şura Azərbaycan-İran arasında münasibətlərin gərginləşməsilə eyni vaxtda ölkəmizdə inanclı vətəndaşların kütləvi şəkildə həbsi, bəzi hallarda həbs edilən şəxslərə işgəncə verilməsi haqda məlumatlardan narahatdır.
Milli Şura baş verənlərə münasibətdə indiki hakimiyyətin uzun illər ərzində öz siyasi rəqiblərini şərləyərək həbs etməsi praktikasını, Tərtər cinatlərini və bir çox başqa sifarişli cinayət işlərində hüquq mühafizə orqanlarının əsassız, kütləvi, qanunsuz həbslər həyata keçirməsini nəzərə alır. Milli Şura hakimiyyətə çağırış edir ki, İran casusu axtara-axtara ölkənin indiki halda günahsız olan insanlarını kütləvi şəkildə həbs etməsin.
Bir daha bəyan edirik ki, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi bizim üçün qırmızı xətdir və toxunulmazdır. İran hakimiyyətindəki müxtəlif dairələrin Azərbaycana qarşı əsassız iddia və təhdidlərini də qətiyyətlə pisləyir və rədd edirik. Biz İranın, yaxud başqa bir ölkənin xeyrinə casusluq etməyi ən ağır cinayət sayırıq, ölkəmizə gerçəkdən də xəyanət edən şəxslərin ədalətli və açıq məhkəmələr tərəfindən cəzalandırılmasından yanayıq. Ancaq biz onu da unutmamışıq ki, Tərtər cinayətlərində Ermənistana casusluq etmək ittihamı ilə həbs olunmuş, işgəncəyə məruz qalmış, bir çox hallarda işgəncə ilə öldürülmüş şəxslərin mütləq əksəriyyətinin sonda cinayətkar, casus yox, cinayət qurbanı olduğu artıq sübuta yetirilib. Milli Şura hesab edir ki, Azərbaycanda heç bir halda 2-ci Tərtər cinayəti kimi xarakterizə oluna biləcək cinayətlər baş verməməli, insanlar kütləvi və əsasız həbs edilməməlidir.
Həbs olunmuş şəxslərin hər birinə qarşı ittihamlar yenidən və ciddi şəkildə araşdırılmalı, cinayət törətməmiş bütün şəxslər azad edilməlidir.
Milli Şura İranda o ölkənin vətəndaşı olan azərbaycanlıların öz hüquqlarını tələb etdiyi üçün kütləvi şəkildə həbsindən də narahatdır. Azərbaycan-İran münasibətlərinin gərginləşməsindən həm Azərbaycanda, həm də İranda yaşayan sadə azərbaycanlıların zərər görməsi bizi ciddi şəkildə narahat edir. Biz inanırıq ki, dövlətlərarası münasibətlərdə yaranan gərginliyə görə hər iki ölkədə yaşayan azərbaycanlıların kütləvi həbsi səhvdir və durdurulmalıdır.
Milli Şura Azərbaycan-İran arasında mübahisə yaratmış məsələlərin diplomatik vasitələr və danışıqlar yolu ilə həllinə tərəfdardır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button