ArxivXəbər lentiXəbərlər

Azərbaycan ilə İran arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələləri müzakirə edilib

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovun bu ölkənin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafei ilə görüşündə iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələlərinə dair müzakirələr aparılıb.

Səfir deyib ki, son üç ildə Azərbaycan və İran prezidentləri səkkiz dəfə görüşüblər. Dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyıb. Ötən il ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrində 70 faiz artım müşahidə olunub. Həyata keçirilən birgə iqtisadi layihələr konkret nəticələrini göstərir.

Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin istismara verilməsi ilə Fars Körfəzi ilə Avropanın ucqar limanları arasında birbaşa əlaqə yaranacaq. Cari il mart ayının əvvəllərində Azərbaycan ilə İranın dəmir yolları sistemlərini birləşdirəcək xətt və körpü istismara verilib. Hazırda İranın Astara şəhərində yük terminalının tikintisi sürətlə davam etdirilir. Azərbaycan malik olduğu coğrafi mövqeyi sayəsində İran ilə Rusiya və Mərkəzi Asiya ölkələri, o cümlədən Avropa ölkələri arasında əlverişli tranzit rolunu oynaya bilər. Ölkələrimiz arasında dəmir yolunun birləşdirilməsi hər iki dövlətin, eləcə də regionun iqtisadi inkişafına öz töhfəsini verəcək. Yüklərin bu istiqamətdə daşınması alternativ yollar ilə müqayisədə vaxta qənaət baxımından 60 faiz, maddi cəhətdən 40 faiz daha ucuz başa gələcək.

B.Hüseynov həmsöhbətinə Qazaxıstanın Aktau şəhərində Azərbaycan şirkətlərinin qurduğu müasir logistik mərkəz barədə ətraflı məlumat verib. O, İran şirkətlərini sözügedən mərkəzin imkanlarından istifadə etməyə dəvət edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu nəzərə çatdırıb, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinin regionun iqtisadi inkişafına ən böyük maneə olduğunu bildirib.

Qeyd olunub ki, son illərdə Azərbaycan ilə İran arasında turizm sahəsində əlaqələr inkişaf edir. Belə əlaqələr turizm sənayesinin inkişafına böyük təkan verir, həmçinin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.

Q.Şafei ölkələrimiz arasındakı müştərək bağlılıqları qeyd edib O, İranın ən uzun quru sərhədi olan ölkələrdən birinin Azərbaycan olduğunu deyib. Bildirib ki, Azərbaycan və İran prezidentləri arasındakı sıx əlaqələr, ölkələrimizin hərtərəfli münasibətlərinin inkişafı ciddi siyasi iradənin nəticəsidir.

Palatanın sədri İran ərazisindən Avropa və Mərkəzi Asiya istiqamətində uzanan dəmir yolu xəttinin İran iqtisadiyyatı üçün prioritet məsələlərdən biri olduğunu nəzərə çatdırıb. O, iki ölkənin dəmir yolu xətlərinin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb, Ticarət palataları və özəl sektor nümayəndələri arasında görüşlərin təşkil edilməsinin faydalı olduğunu bildirib.(AZƏRTAC)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button