AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Qarabağın azadlığı yalnız cihad və Azərbaycan xalqının himməti ilə mümkündür

Ərdəbilin imam cüməsi: “Amerika və Rusiya Ermənistanın Qarabağı işğal etməsindən faydalanır. Qarabağın azad edilməsinin yolu yalnız Azərbaycan Respublikası xalqının himməti və səhnədə hazır olmasıdır.”

Qafqaz Mədəniyyət Mərkəzi – Seyid Həsən Amili dünən axşam Qarabağ Azadlıq Təşkilatının Azərbaycan, Rusiya, Gürcüstan və Türkiyədən olan üzvləri ilə görüşüb. Görüşdə Ayətullah Amili deyib: “Bu görüşlər İran və Azərbaycan xalqlarının dini və mədəni əlaqələrini gücləndirmək üçün çox yaxşıdır. Bizim Azərbaycan Respublikası ilə çoxlu ortaqlıqlarımız vardır və Azərbaycan ölkəsini öz ölkəmiz kimi sevirik.”

Ərdəbilin imam cüməsi daha sonra deyib: “Biz Qarabağ problemini öz dərdimiz bilirik. Bu məsələ hamımızı narahat edir və Qarabağın tezliklə azad olunması üçün dua edirik. Bizim dini rəhbərimiz “Qarabağ müharibəsində canından keçən kəs, şəhid olmuşdur” deyə buyurub. Rəhbərimizin bu sözündən sonra gənclərimiz orada şəhid olmağa və Qarabağı azad etmək üçün iştirak etməyə hazırdırlar.”

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi vurğulayıb: “Qarabağ problemini həll etmək üçün referendum keçirilməsini ortaya atırlar. Bu hadisənin baş  verməsi Azərbaycan üçün matəm deməkdir. Azərbaycan rəsmiləri imperializmin bu məkirli planının həyata keçməsinə imkan verməməlidir.

Amerika müxtəlif ölkələrdə referendum keçirməklə, o ölkənin bir hissəsini ondan qoparıb, öz əyalətinə çevirir.”

Seyid Həsən Amili daha sonra deyib: “Arzumuz budur ki, dini təşkilatlar Qarabağın azad olunması istiqamətində təlaş göstərsinlər. Çünki dini əqidə olmadan bu işdə müvəffəqiyyət qazanmaq olmaz.”

Amerika və Rusiyanın Qarabağda maraqları olduğunu, bu üzdən təcavüzkar ölkəni dəstəklədiklərini açıqlayan imam cümə deyib ki, Qarabağın azad olmasının yeganə yolu Azərbaycan Respublikası xalqının səhnədə iştirak etməsidir.

Ayətullah Amili Xocalı faciəsinə də toxunaraq vurğulayıb: “Xocalı hadisəsinin və bu məntəqənin əhalisinin məzlumluğunu bütün dünyaya çatdırmaq üçün İran bütün səyini göstərir.”

Qarabağın azad olunması üçün İranın təlaşlarından söz açan Vəliyyi-fəqihin nümayəndəsi deyib: “İran ötən illər ərzində Qarabağın azad olunması üçün çox səy göstərib və həmişə Azərbaycan Respublikası xalqının yanında olub. Amma Azərbaycanda o dövrün dövlət adamları düşünülməmiş hərəkətləri ilə bu məntəqədə vəziyyətin ağırlaşmasına səbəb oldular.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button