ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Avropa Məhkəməsinin Abbas Hüseynova təyin etdiyi kompensasiya ödənilmir

Hüquqşünasın Çingiz Əsgərova müraciəti nəticə verməyib

Müsəlman Birliyi Hərəkatının üzvü, Nardaran hadisələrinə görə 2015-ci ildən həbsdə olan Abbas Hüseynova Avropa İnsan Haqları Məhkəməsinin qərarıyla təyin olunmuş kompensasiya verilmir. Bu barədə Meydan TV-yə Avropa Məhkəməsində onu nümayəndə kimi təmsil edən Yalçın İmanov məlumat verib.
Nardaran hadisələri zamanı həbs olunan şəxslərin Avropa Məhkəməsinə işgəncə ilə bağlı şikayətləri üzrə araşdırmalar zamanı hökumət ərizəçilərin hər birinə 8 min avro kompensasiya ödəməyə razılaşaraq, həmin şikayətlərin baxılan işlərin siyahısından çıxarılmasını təklif etmişdi. Şikayətçilər hökumətin onların pozulmuş hüquqlarının bərpası üçün hansı addımlar atacağıyla bağlı heç bir aydın təklif irəli sürməməsini, həmçinin təzminatın məbləğinin də yetərli olmamasını əsas gətirərək, hökumətin təklifindən imtina etmişdilər.
Lakin Avropa Məhkəməsi araşdırmanın davam etdirilməsi üçün əsaslar görməyib. Məhkəmənin qərarıyla Cabbar Cabbarov və daha 7 ərizəçinin işi birləşdirilib. Azərbaycan hökumətinin şərtləri, orada göstərilən öhdəliklərə əməl olunmasını təmin etmək üsulları nəzərə alınaraq, Konvensiyanın 37.1 maddəsinin (c) bəndinə uyğun olaraq ərizələr siyahıdan çıxarıb.
Başqa sözlə, hökumət ərizəçilərin şikayətləndiyi pozuntu faktını etiraf edirdi, bunun əvəzində onların hər birinə kompensasiya ödəmək öhdəliyini üzərinə götürürdü. Ona görə də qərara əsasən, işlər siyahıdan çıxarılsa da, hökumət 3 ay ərzində ərizəçilərə – Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılovun hər birinə 8 min avro təzminat ödəməliydi.
Yalçın İmanov deyir ki, 3 aylıq müddət çoxdan başa çatsa da, kompensasiya Abbas Hüseynovun bank hesabına köçürülməyib.
Hüquqşünasın sözlərinə görə, təzminatın ödənilməsi ilə bağlı Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova və onun ofisinə də müraciət edib. Lakin bu müraciətlər nəticə verməyib.
Yada salaq ki, bundan əvvəl tənqidçi jurnalistlər, ictimai-siyasi fəallara Avropa Məhkəməsinin qərarı əsasında ödənilməli olan kompensasiyanın köçürülməsi məsələsində problemlərlə bağlı şikayətlər dəfələrlə səslənib. Hətta bu problemlə əlaqədar bir neçə dəfə Prezident Administrasiyasının qarşısında da etiraz aksiyası keçirilib. Çünki Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun iş otağı orada yerləşirdi.
Çingiz Əsgərov bir müddət öncə həm də Ali Məhkəmənin sədr müavini təyin olunub.
Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaran hadisələri zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. O, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.
Abbas Hüseynovun işgəncəyə məruz qalması haqda bundan öncə də məlumatlar yayılıb. Hətta vəkili Yalçın İmanov 2017-ci ildə onun Qobustan həbsxanasında işgəncəyə məruz qalması haqda mediaya açıqlama verdiyinə  və bu barədə məlumatları ictimailəşdirdiyinə görə Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü hazırda həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button