ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

AŞPA-da Laçın dəhlizindəki vəziyyət müzakirə edilib

 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Laçın dəhlizindəki vəziyyət müzakirə edilib. Cari məsələlər üzrə debat proseduru əsasında baş tutan müzakirələrdə AŞPA-nın içveçrəli deputatı Pyer-Alan Fridez məsələ ilə bağlı Assambleyanı məlumatlandıraraq həm Azərbaycan, həm də Ermənistan tərəfinin hadisə ilə bağlı mövqeyini və versiyalarını səsləndirib. O, vurğulayıb ki, məqsəd humanitar böhrana yol açmamış vəziyyətin normallaşdırılmasıdır.
“Qərar Azərbaycan hakimiyyətinindir. Yaxşı olardı ki, gecikmədən irəli sürülən iddiaların yalan olduğunu təkcə sözlərlə deyil, beynəlxalq missiya qrupunun yerində müşahidələri əsasında sübut etsinlər. Bunun üçün hər iki ölkə üzrə AŞPA həmməruzəçilərinin əraziyə səfərinə icazə verilməsi ideal olardı,” Pyer-Alan Fridez qeyd edib.
Azərbaycan tərəfi ABŞ Dövlət Departamentinin, beynəlxalq ictimaiyyətin çağırışlarını, habelə, Avropa Parlamentinin məsələ ilə bağlı 19 dekabr tarixli qətnaməsini nəzərə almağa, Laçın dəhlizində sərbəst hərəkəti bərpa etməyə çağırılıb.
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan bildirib ki, Azərbaycan 9 noyabr bəyannaməsindən irəli gələn öhdəliyini yerinə yetirməyərək Laçın dəhlizini bağlayıb. “Artıq 46 gündür yol bağlıdır. Azərbaycan, həmçinin, xətləri kəsdiyi üçün qaz və işıq yoxdur,” Rubinyan vurğulayıb.
Ermənistanlı deputatlar Azərbaycanı etnik təmizləmə siyasəti aparmaqda günahlandırıblar.
Çıxış edən azərbaycanlı deputatlar isə Laçın yolunun bağlı olmasına dair iddiaların yalan və qərəzli olduğunu, dəhlizin mülki şəxslər və humanitar yüklər üçün açıq olduğunu deyiblər.
“Qarabağda heç bir humanitar fəlakət yoxdur və bunun gələcəkdə baş verməsi riski də sadə bir səbəbə görə yoxdur. Yol açıqdır. Hər gün dəhlizdən irəli-geri yük maşınları keçir. Azərbaycan ərzaq, dərman, əczaçılıq, mülki şəxslər üçün bütün imkanları təmin edir,” Milli Məclisin üzvü Nigar Arpadarai bildirib. O, həmçinin, qeyd edib ki, Ermənistan tərəfi nə qədər tez sülh masasına oturarsa, bu hər iki tərəf üçün faydalı olar.
Çıxış edən AŞPA üzvləri humanitar böhranın yarana biləcəyindən və regionda gərginliyin yenidən artacağından narahatlıqlarını ifadə ediblər. Parlamentarilər hər iki tərəfi danışıqlar masasına qayıtmağa, məsələni dialoq yolu ilə həll etməyə çağırıblar.
Müzakirələrin sonundan heç bir sənəd qəbul edilməyib.
Ötən il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir. Etirazçılar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismar olunduğunu deyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button