ArxivXəbər lentiXəbərlər

AİP məhbus ruhanilərlə bağlı 14 müsəlman dövlətə müraciət edib

Azərbaycan İslam Partiyası Bakıda yerləşən müsəlman ölkələrinin səfirliklərinə -İran İslam Respublikası, Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Türkmənistan Respublikası, İordaniya Krallığı, Qazaxıstan Respublikası, Qətər Əmirliyi, Küveyt Dövləti, Fələstin, İraq Respublikası, Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə Cumhuriyyəti və İslam Əməkdaşlıq Təşkilatına müraciət göndərib
Bu haqda qafqaz.az-a AİP-in mətbuat xidmətindən məlumat daxil olub.
Məlumata görə müraciətdə deyilir:
” Bismillahir Rəhmanir Rəhim
Artıq hər bir müsəlman dövlətinə, bu dövlətlərin Azərbaycandakı səlahiyyətli səfirlərinə, bütün dünya müsəlmanlarına bəllidir ki, ölkəmizdə insan haqları kobudcasına pozulur. Haqq sözü dilə gətirənlər, iqtisadi, siyasi, dini-mənəvi problemləri, bu istiqamətdəki neqativlikləri, müsəlman cəmiyyətlərinin təməl prinsipləri ilə ayaqlaşmayan və ziddiyyət təşkil edən halları açıq tənqid edənlər təhdid olunur, azadlıqdan məhrum edilərək zindanlara salınırlar. Bu gün cəmiyyətin inanclı təbəqəsinin qabaqcıl nümayəndələrini müxtəlif çirkin, saxta və qərəzli ittihamlarla günahlandırmaq, onlara qarşı qeyri-sağlam fikir formalaşdırmaq cəhdləri adi hal alıb.
Azərbaycanda İslam alimlərini terrorçuluq, dağıdıcılıq damğaları ilə ləkələmək düşünürük ki, müqəddəs dinimizə qarşı açıq xəyanətdir. Çünki dinimizə qarşı bu fikirləri dünya çapında formalaşdırmağa çalışanlar məhz İslam düşmənləridir. O qütblər ki, onlar İslamın inkişafından, genişlənməsindən xoflanır, qorxu hissi keçirirlər.
Çox təəssüflər olsun ki, əhalisinin 95 faizindən çoxu müsəlman olan və İslam dininə itaət edən ölkəmizdə tanınmış, cəmiyyətin dərin hörmətini, inamını qazanan İslam alimləri islamafobiyanın qurbanı olur, qanunsuz və haqsız olaraq zindanlara atılırlar. 2011-ci ilin yanvar ayının 7-də həbs olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilən İslam alimi, doktor Hacı Mövsüm Səmədov və Hacı Fəramiz Abbasov, 2011-ci ilin avqust ayının 11-də həbs olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilən ilahiyyatçı alim Hacı Abgül Süleymanov, 2013-cü ilin mart ayının 31-də həbs olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilən alim Hacı Taleh Bağırov belələrindəndir. Onlar İslam dini dəyərlərin daşıyıcıları, fəal dindarlardır. Həbs olunmalarının əsas illəti dinçilik olsa da, ittiham motivləri əvvəlcədən ssenariləşdirilmiş müxtəlif yalan və iftiradan ibarətdir.
Qondarma ittihamlarla şərlənərək azadlıqdan məhrum edilən Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Fəramiz Abbasov və Hacı Taleh Bağırov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müxtəlif Cəzaçəkmə Müəssisələrində saxlanılır və bununla kifayətlənməyənlər dəyərli alimlərə qarşı zorakılıq əməllərini davam etdirirlər. Bu dəyərli insanlar əsassız bəhanələrlə karsa(cərimə təcridxanası)salınır və müxtəlif növ təzyiqlərə, işgəncələrə məruz qoyulurlar.
Həbsxanalarda onların sağlamlığına və həyatına qarşı ciddi təhlükələr yaradılır.
Azərbaycan xalqının və müsəlman dünyasının bu tanınmış oğullarının öz əqidələrinə və ölkədəki haqsızlıqlara qarşı öz etiraz səslərini ucaltdıqlarına görə şərlənərək həbs olunmaları bizdə çox böyük təəssüf hissi yaradır və sağlam cəmiyyəti kədərləndirir. Özlərini Əziz İslam Peyğəmbəri Məhəmməd(s) ümməti sayan müsəlmanlar əxlaqı və ədəbi ilə xalqının içində sayılıb-seçilən və sevilən, İslami dəyərləri təbliğ edən, haqq və ədalət uğrunda mübarizə yolunda öz azadlığından belə keçən bu şəxslərə qarşı hər hansı bir qütbün qərəzli rəftarına qarşı kəskin reaksiya göstərməli, haqqın insanlar üzərində bərqərar olmasına töhfəsini verməlidirlər.
Sizlərdən Azərbaycan Konstitusiyasının hər kəsin vicdan və əqidə azadlığının təsbit olunmasını göstərən 48-ci maddəsini, insan haqq və hüquqlarına dair razılaşdırılmış beynəlxalq konvensiyaların müvafiq maddələrini, xüsusən də İslam dininin insanların azad düşüncə və davranışına verdiyi yüksək dəyəri əsas götürərək haqsız yerə həbs olunan İslam alimlərinin azadlıq hüquqlarının tezliklə bərpa olunmasına, günahsız insanların ailələrinə qovuşmasına diqqət ayıraraq ümidverici addımlar atmağınızı gözləyirik. Sözsüz ki, İslam dininin bilicilərinə, təbliğatçılarına qarşı aparılan planlı və dünya sionizminin sifarişli represiyalarına görə müsəlman dünyası, İslam alimləri, İslam dininin təəssübkeşləri, müsəlman ölkələrin rəhbərləri ciddi narahatçılıq hiss etməli, bu fəsadları törədənlərə adekvat cavab verməli, konkret tədbirlər həyata keçirməlidirlər.
Ümidvarıq ki, ölkəniz, dəvlət rəhbərləriniz İslam dünyasının bir parçası olan Azərbaycanda baş verənlərə, xüsusən də din xadimlərinə qarşı ədalətsizliyə, onların süni şəkildə qarşılaşdıqları məhrumiyyətlərə biganə qalmayacaq, azadlıqlarından ötrü ciddi addımlar atacaqlar.
Azərbaycan İslam Partiyası 02.12 2014″

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button