ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ Dövlət Departamenti Azərbaycanda mətbuat və İnternet azadlığının vəziyyəti barədə

Ötən gün ABŞ Dövlət Departamenti 200 ölkədə və ərazidə azadlıqların və hüquqların vəziyyətinə dair ənənəvi cavabını açıqlayıb. Azərbaycana həsr olunmuş bölmədə kütləvi informasiya və İnternet azadlığının pozulmasına xüsusi diqqət yetirilir.

Xüsusilə qeyd edilir ki, faktiki olaraq senzura mövcuddur, hərçənd qanunla qadağan edilib, jurnalistlər hədə-qorxu, döyülməyə və həbslərə məruz qalırlar. Ötən il ərzində hakimiyyət kütləvi informasiya vasitələrinə və xaricdə olan jurnalistlərə, hətta onların qohumlarına təzyiq göstərməkdə davam edib.

Sentyabrın 28-dən dekabrın 12-dək olan hərbi vəziyyət dövründə hökumət müstəqil və müxalifətyönlü kütləvi informasiya vasitələrinin və jurnalistlərin işinə məhdudiyyətlər qoyub.

Hakimiyyət ölkənin hüdudlarından kənarda aparıcı hüquq- müdafiə təşkilatlarına və müstəqil kütləvi informasiya vasitələrinə, eləcə də ölkədə onlarla bağlı şəxslərə təzyiqləri davam etdirib. “Amerikanın səsi”, “Azadlıq” radiosu və Bi-bi-si də daxil olmaqla, xarici kütləvi informasiya vasitələri hələ də eFeM-Radio tezliklərində yayımlanmır, hərçənd Rusiyanın “Sputnik” agentliyinə yerli radioda xəbərləri yayımlamağa icazə verilib.

Məhkəmə proseslərindən jurnalistləri və kütləvi informasiya vasitələrini qorxutmaq üçün istifadə olunub. Belə ki, iyunun 19-da Xətai Rayon Məhkəməsi “Azadlıq” qəzetinin  jurnalisti Təzəxan Mirələmlini xuliqanlıqda təqsirli bilərək bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Ondan elektron qolbaq taxmağı tələb ediblər və hər gün saat 23:00-dan səhər 7:00-a qədər evdən çıxmamağı tələb ediblər.

Yerli kütləvi informasiya vasitələrinin əksəriyyəti hökumətə və ya Kütləvi İnformasiya Vasitələrinə Dəstək üzrə Dövlət Fonduna yaxın şəxslərin himayəsinə arxalanıb. Belə dəstəkdən istifadə etməyənlər ciddi maliyyə çətinliklərilə üzləşiblər.

Əksər kütləvi informasiya vasitələri özünüsenzura tətbiq edir və hökumətin tənqidindən qaçır.

Böhtan cinayət  sayılır və xeyli  cərimə və üç ilədək həbs cəzası nəzərdə tutur. Prezidenti təhqir üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hərbi vəziyyət dövründə (27 sentyabr-12 dekabr) hakimiyyət bəzi veb-saytlara və sosial şəbəkələrə çıxışı bloklayıb. Hətta YouTube, Tvitter və İnstaqram bloklanıb.

İnternetdə tənqidi baxışlarını ifadə edən müstəqil küyləvi informasiya vasitələrinin bloklanması davam edib.

Hüquq müdafiəçiləri bildiriblər ki, bütün ölkə üzrə adamları mütəmadi olaraq polis məntəqələrinə çağırıblar, sosial şəbəkələrdə hökumətin tənqidilə bağlı postları silməyə məcbur edirlər və onlara tabe olmadıqları təqdirdə müxtəlif cəzalarla hədələyirdilər. Bir çox hallarda hökumət siyasi etirazlar zamanı İnternetə çıxışı bağlayıb və ya məhdudlaşdırıb.

“Amerikanın səsli”, “Azadlıq” radiosu, Azərbaycanın “Azadliq”, Bastainfo.com, Criminal.az, Topxeber.az, Fia.az, Monitortv. info, Xural.com, Az24saat.org, Anaxaber.az və Arqument.az, Meydan TV-nin veb-saytları bloklanmış qalıb.

Aprelin 13-də hakimiyyət Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin və onun xanımının İnternet və telefon əlaqəsini kəsib. Onların telefon əlaqəsi bərpa olunub, ancaq bütün il ərzində gecə saatlarında fasilələr davam edib. Dekabrın 31-nə olan məlumata görə, Əli Kərimli və xanımı əvvəlkitək İnternetə çıxış əldə edə bilməyiblər.

İyunun 23-də Nəsimi Rayon Məhkəməsi Əli Kərimlinin və xanımının bu məsələ ilə bağlı iddiasına baxmaqdan imtina edib.

Mayın 15-dan 19-dək Turan.az xəbər saytı və onun filialı Contact.az kütləvi kiberhücumlara məruz qalıb və iki dəfə bloklanıb. Hücum COVİD-19 pandemiyası ilə əlaqədar hökumətin hərəkətlərini tənqid edən məqalələrin dərcindən sonra baş verib.

Hökumətin vətəndaş cəmiyyəti fəallarının İnternet-kommunikasiyalarını izləməsinin inandırıcı əlamətləri vardı. Tez-tez fəalları saxlayıblar və hökumətin tənqidinə görə inzibati həbsə məhkum ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button