Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səs verdikdən sonra jurnalistlərə verdiyi müsahibəsində “Qranada görüşündə sülh müqaviləsinin imzalanması gözlənilirmi?” sualına cavabda belə deyib:
“Təəssüf ki, xeyr. Çünki sənədin imzalanması nəzərdə tutulurdusa, bu o demək olardı ki, o, maraqlar balansını qoruyub saxlayıb və biz onu imzalamağa hazırıq. Biz dedik ki, sülh gündəliyi bizim prioritetimizdir və biz Azərbaycanla mümkün qədər tez – ilin sonuna qədər, gələn ilin əvvəlində sülh müqaviləsi imzalamaq istəyirik”, – deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib.
Eyni zamanda, baş nazir intensiv danışıqların davam etdiriləcəyinə və tərəflərin məsələnin həllinə gələcəklərinə ümid etdiyini bildirib.
Sazişin ilin sonuna qədər imzalanacağını ehtimal edib-etməməsi ilə bağlı suala Paşinyan deyib ki, o, “bunu həmişə mümkün hesab etməlidir”.
“Mən belə bir müqavilə imzalamaq üçün siyasi öhdəlik götürmüşəm.Və bu, nə qədər geciksə, öhdəlik baxımından bir o qədər pisdir. Bu vəziyyətin dəyişəcəyinə ümid etdiyimiz üçün bunu mümkün hesab edirik”, – deyə Ermənistan lideri bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifinin İrəvana edilib-edilməməsi ilə bağlı sualını isə belə cavablandırıb: “Müxtəlif təkliflər və ideyalar var, mən heç birini açıqlamaq istəmirəm.
problem ondadır ki, bu, münasibət bildirəcəyim yeganə ideya deyil. Biz bütün məsələyə baxmalıyıq”, – Paşinyan bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə liderlərinin iştirakı ilə dördtərəfli görüşün keçirilməsini təklif edib.