ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

45 ildir ki, palçıq daxmada yaşayan ailə: “Burada məmurlar yaşayar?”

5 nəfərlik ailə ev tikintisi üçün dövlətdən kömək istəyir

48 yaşlı Həsrət Əliyeva digər dörd ailə üzvü ilə birlikdə Göyçayın Xəlitli kəndində qəzalı torpaq daxmada məskunlaşıb.
Dediyinə görə, iki qardaşının faciəli ölümündən sonra ailəsi ilə birlikdə Qırğızıstandan Göyçayın Xəlitli kəndinə köçən Əliyevlər 45 ildir ki, normal şəraitli evə həsrətdirlər.
Sonsuzluq səbəbindən ailəsi dağılan Həsrət iki qardaşı və kiçik qardaşının ailəsi ilə palçıq komada birgə yaşayır.
Əliyevlər ailəsi.
Ailə deyir ki, 45 il öncə tikilən bu ev artıq yaşayış üçün yararlı deyil. Qışda soyuq, yayda isə isti palçıq komada yaşamağı cəhənnəm əzabına çevirib. İki kiçikotaqlı taxta ev çöldən torpaqla suvandığından çat verib tökülür.
Şüşəsiz pəncərələr, nimdaş qapılar, evi soyuqdan qoruyan sellofan örtük beş nəfərlik ailənin yaşam durumu və çarəsizliyindən xəbər verir.
Bu evdə həyatımız zülmətə qərq olub”
Həsrət Əliyeva deyir ki, bəzən bu soyuq komada günlərlə qaranlıqda qalırlar:
Soyuq havada bu evdə üşüyürük. Köhnə qapı, pəncərələr, nimdaş palaz, içəridən vurulan sellefon örtük soyuğun qarşısını almır. Bütün gün kəndi gəzirəm ki, sobada yandırmaq üçün odun yığım. Nə qədər çör-çöplə qızınmaq olar? Qaza verməyə pulumuz yoxdur. Olur ki, günlərlə qaranlıqda otururuq. Bu evdə həyatımız zülmətə qərq olub”.
Qardaşı İntizam Əliyev də vəziyyətin dözülməz olduğundan gileylənir:
Bu ev taxtadan yığılıb. Çöldən soyuq olmasın deyə palçıqla suvayırıq. Evin bir otağı çöküb. Yenidən palçıqdan suvadıq, yamadıq. Pəncərələrdə şüşəsi olan da var, olmayana da sellofan vurmuşuq. Buz kimidir otaqlar. Heç bir şəraiti, mebeli, pəncərələrin pərdəsi yoxdur. Kim köhnə örtük və palaz verir onu döşəməyə səririk”.
“Ev dağılıb-tökülür. Nə döşəmə, nə tavan, nə də divarlar yararlıdır. Yağış yağır, damır, həşərat evə girir. Kim köhnə geyimini verir, onu geyinirik. Məktəbli qız övladım var, ona belə geyim tapılmır ki, vaxtında məktəbə getsin. Fəhlə işi olsa, işləyib ərzaq alarıq. On ildir ki, aldığım 150 manatlıq əlillik pensiyasının ümidinə qalmışıq. Kənddə ən ehtiyaclı ailə bizik, ən qəzalı ev də bizimdir”, – deyə o qeyd edib.
“Dərddən, çarəsizlikdən əsəb xəstəliyi tapmışıq”
Otaqdakı üç köhnə yataq çarpayısı ailənin sahib olduğu mebeldir.
Torpaq örtüklü mətbəx isə heç də ürəkaçan vəziyyətdə deyil.
Həsrət Əliyeva deyir ki, tale heç vaxt ailəsinin üzünə gülməyib.
Valideynləri vaxtsız övlad ölümü dərdindən dünyasını dəyişib. Kiçik qardaşı İntizam Əliyev yerimə əngəlli olduğu üçün III qrup əlildir.
Həyat yoldaşı Nahidə ağır yaşam şəraitindən əsəb xəstəsidir. Digər böyük qardaşı Veyis isə imkansızlıqdan ailə qura bilməyib. Ailənin gəlir mənbəyi bacı və qardaşın gündəlik fəhləlik qazancıdır. O da gündəlik olmur, bəzən günlərlə iş tapılmır.
Onun sözlərinə görə, ailənin miskin həyatı, ağır güzəranı ailə üzvlərini də xəstə edib:
“Odun almağa da pul yoxdur. Qazı da istifadə etmirik, çünki 30-40 manat qaz pulunu necə verəcəyik? Yeməyi, çayı belə sobada çətinliklə ərsəyə gətiririk. Bir plitə var, o da çörək bişirmək üçündür. Günlərlə qaranlıqda oturmuşuq, borca görə elektriki kəsiblər. Güclə hər ay 5-10 manat ödəyirik ki, borc azalsın, kəsməsinlər. Bu evdə hər birimiz xəstəyik. Dərddən, çarəsizlikdən əsəb xəstəliyi tapmışıq. Şəraitsizlik, nəmiş ev xəstəlikdir”.
Pay torpağımız yoxdur, həyətyanı sahə on sotdur. Nə əkək, nə becərək orada? Avam, təhsilsiz yetim böyüdük. Mən iş olanda ev təmizliyinə gedirəm, böyük qardaşım da qapılarda fəhləlik edir. O da ərzağa, kommunala belə yetmir. Kiçik qardaşım əlildir, yeriyə bilmir, durur yıxılır. Ona III qrup düşür. Ona bəzən kimsə gətirib nəzir verir. Bir də dolanışığı əlillik pensiyası ilədir. Nə ünvanlı sosial yardım ala bilirik, nə də iş tapa bilirik ki, aylıq gəlir olsun, evi tikək”, – deyə Həsrət Əliyeva vurğulayır.
“Dövlətdən evimizin tikintisinə kömək istəyirik”
Əliyevlər deyirlər ki, üç il öncə Göyçay Rayon İcra Hakimiyyətində və Məşğulluq Xidmətində olublar, evin qəzalı durumunu və iş ehtiyaclarını bildiriblər. Evə baxış keçirib, şəklini çəksələr də, ancaq ailəyə kömək edilməyib:
İcra Hakimiyyətinə dərdimizi dedik. Gəlib evin şəkillərini çəkib getdilər. Ancaq kömək olmadı, bir tək bələdiyyəyə göstəriş oldu, o da kiçik paketdə ərzaq yardımı verdi. Məşğulluqda isə əlilliyimə baxıb dedilər ki, təkrar yoxlanış edilib düzgün əlillik dərəcəsi olmalıdır. Sənə iş düşmür. Üçüncü qrup olmalı deyiləm, ayaqüstə də dura bilmirəm. Ancaq kimə deyirsən?  Baxan yoxdur. On ildir ki, sürünüb bunu almışam, ancaq anadangəlmə əliləm. Danışmağa da çəkinirəm ki, gəlib onu da kəsəcəklər. Pis güzəran, təhsilsiz həyat beş adamı bir otağa məhkum edib”.
“Evin bir hissəsi üstümə uçdu, yamadıq. Belə torpaq komada məmurlar yaşayar? Dövlət bizə kömək etsin ki, bu evi kiçik də olsa ev şəklinə salaq. Biz də normal vətəndaş kimi normal evdə yaşayaq. Bir otağı məcburiyyətdən iki yerə bölmüşük. İki bacım ailəlidir, onlar da kasıb yaşayır, dərdlərini güclə çəkir. Vətəndaş kimi dövlətdən kömək istəyirik ki, evin tikintisində kömək etsin”, – deyə o bildirib.
Aidiyyəti qurumlar nə deyir?
Dövlət Sosial Müdafiə Fondundan Rəşad Mehdili Meydan TV-yə deyib ki, ailə ilə əlaqə saxlayıb məlumatları götürsələr də, ailə üzvlərinin məşğulluğu olmadığına görə onlara ünvanlı sosial yardım düşmür.
“Ailənin sosial yardım almaq hüququnun müəyyənləşdirilməsi üçün suallar verilib. Məlum olub ki, ailə 5 nəfərdən ( Əliyeva Həsrət , iki qardaşı, qardaşının həyat yoldaşı və 13 yaşlı övladı) ibarətdir. Ailə üzvü olan İntizam Əliyev III dərəcə əlilliyi olan şəxsdir. Ailənin əmək qabiliyyətli 4 üzvü məşğul şəxs deyil. Bu səbəbdən də ailənin ünvanlı sosial yardım almaq hüququ yaranmır. Ailənin əmək qabiliyyətli üzvlərinin məşğulluğu təmin olunarsa, ünvanlı dövlət sosial yardımla bağlı müraciət edildiyi halda ailənin hüququna baxıla bilər”.
Rəşad Mehdili. Foto: “vergiler.az
Ailənin müraciəti Dövlət Məşğulluq Agentliyində araşdırılsa da, yekunda iş üçün regional filiala qeydiyyata yazılmaq məsləhət görülüb:
Ailənin müraciətinin əsas məqsədi mənzil təminatı və ünvanlı dövlət sosial yardımı ilə əlaqədar idi. İntizam Əliyevin və onun həyat yoldaşı Əliyeva Nahidə Ələddin qızının işləmək qabiliyyəti yoxdur. Ailə yalnız İntizam Əliyevin bacısı Əliyeva Həsrət İmarəddin qızının işlə təmin olunmaq istədiyini bildirib. Bununla bağlı vətəndaşın Mərkəzi Aran Regional Məşğulluq filialının Göyçay Rayon Xidmət Şöbəsinə yaxınlaşması tövsiyə olunub”.
“Bələdiyyənin hesabında pul yoxdur ki, ev tiksin…”
Xəlitli kənd bələdiyyəsindən isə ailənin ehtiyac içində yaşadığı  və evsizlikdən əziyyət çəkdiyi təsdiq edilib. Amma ev tikmək üçün bələdiyyənin hesabında vəsaitin olmadığı vurğulanıb:
Bu ailə müraciət edib, icra hakimiyətindən də gəlib baxıblar.  Evdən şəkillər çəkilsə də, kömək edə bilmədilər. Deyirlər ki, müraciət edən belə imkansız ailələr çoxdur, hansına kömək edək? Pensiya, nəzir ilə birtəhər dolanırlar, ancaq evləri bərbaddır. Hərdən kənd camaatı geyimdən, ərzaqdan qismən kömək edir. Yenə bir ailənin adına bank hesabı açılsa, biz də paylaşıb yardım toplayıb kömək edə bilərik. Bələdiyyənin hesabında pul yoxdur ki, ev tiksin. Belə bir imkana sahib deyilik”.
Yenə öz ümidimizə qaldıq, sürünəcəyik”
Göyçay Rayon İcra Hakimiyyəti isə ailəmin müraciəti ilə bağlı Meydan TV-nin sorğusunu cavablandırmaqdan imtina edib.
Göyçay Rayon İcra Hakimiyyəti
Foto: arxiv
Əliyevlər isə deyirlər ki, müraciətlərindən sonra nazirlikdən əlaqə saxlanılsa da, ümumi sual-cavabdan sonra kömək edə bilməyəcəklərini bildiriblər:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən zəng gəldi, bizə ünvanlı sosial yardım düşmədiyini və ev məsələsinə onların baxmadığını dedilər. Məşğulluq Agentliyindən isə dedilər ki, gedib iş qeydiyyatına düşün, süpürgəçi işi olarsa, işləyərsiniz. Yenə öz ümidimizə qaldıq, sürünəcəyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button