ArxivIslamSONXƏBƏRLƏRtahlil va magaleTarixXəbər lentiXəbərlər

42 YAŞLI İSLAM DÖVLƏTİ

Qurban Cəbrayıl, “Qələm” Yazarlar Birliyinin sədri

Bizim oxuduğumuz tarix dərsliklərində bu hadisə, onu doğuran səbəblər, hərəkətverici qüvvəsi və nəticələri barədə heç nə yazılmamışdı. Daha çox kütlələrin idarəçiliyi, istehsal vasitələri üzərində mülkiyyət formaları, qarşılıqlı əmək münasibətləri ilə müəyyənləşən, ibtidai icma quruluşundan tutmuş, sosializmə qədər sıralanan ictimai-iqtisadi formasiyalar arasında da adı yox idi.

Çünki hakimi-mütləqlərin arzusuna uyğun yazılmış, rəsmi ideologiyanın köləsinə çevrilmiş və ciddi təhriflərə uğradılmış tarixi faktları yalnız kağız üzərindən öyrənirdik. O isə həyatda baş verir, zalıma və zülmə meydan oxuyur, insanı yaranmışların ən üstünü, şərəflisi elan edirdi – Allah-təalanın sonuncu və ən mütərəqqi dini olan İslamın ilahi qanunlar toplusu, birgəyaşayış kodeksi sayılan Qurani-kərimdə buyurulduğu kimi…

Bütün bunları hələ çox sonralar öyrənib biləcəkdik, o zaman radio vasitəsilə xəbər tutduğumuz İmam Xomeyni adlı şəxsin uzaq Fransadan qonşu İrana gəlməsi, xalqın ayağa qalxıb şah üsul-idarəsini devirməsi və İslam dövlətinin qurulması idi…

1979-cu ilin 1 fevral (12 bəhmən – h.ş) günü 15 il sürgündə qalmış Ayətullah Ruhullah Musəvi Xomeyni (r.ə) Tehrana qayıtdı, 11 fevralda (22 bəhmən) İranda İslam inqilabı qələbə çaldı. 42 ildir ki, lap sərhədlərimizin yaxınlığında böyük bir ölkə, xalq yaşayır, yaradır, öz haqqının, dünya məzlumlarının tapdalanmış hüquqlarının müdafiəsinə qalxır, şəhid verir, amma irticaya baş əymir, bir qarış torpağının işğalına və bir ovuc təbii sərvətinin talanmasına imkan vermir.

Əslində İrana qarşı imperialist qüvvələrin belə vəhşi şəkildə diş qıcamasının, neçə illərdir amansız, qeyri-insani sanksiyalar girdabında saxlanılmasının əsas səbəbi də elə İslami həyat tərzi və bundan irəli gələn tövsiyələrə – özünü supergec sayanların qılıncının altından keçməmək, hakimiyyətin saxlanılması naminə xalqın malını tiranlara paylamamaq, yuxuya daldırılıb var-yoxu soyulan millətləri silkələyib oyatmaq və digər məsələlərə əməl etməsidir. Guya Pəhləvi rejimi dövründə bu ölkə ilə nüvə sazişimi bağlanmamışdı, SAVAK-ın gizli zindanlarında insan haqlarımı pozulmurdu, ölkənin hərbi-texniki potensialımı başqalarına təhlükə yaratmırdı..? Xeyr! Sadəcə, İslam inqilabından əvvəlki İran geniş əraziləri, zəngin xammal bazaları, qul yerinə işlədilən əhalisi ilə Qərbin ixtiyarında idi və məsələlərə hüquqi kontekstdən, beynəlxalq konvensiyalara uyğun yox, qoluzorluluqla yanaşan dünya jandarmeriyası belə bir “yağlı tikə”ni itirmək istəmirdi. Və buna çalışdı da…

İslam İnqilabının qələbəsindən heç ilyarım keçməmiş, qonşu İraqı İranın üzərinə qaldırdılar. Səddam Hüseynin “yadına düşdü” ki, 1975-ci ildə Əlcəzairdə İran şahı Məhəmməd Rza Pəhləvi ilə bağladığı Şəttül-ərəb çayının yatağı boyunca sərhədin müəyyənləşdirilməsi barədə müqavilə onun ziyanınadır. Əlcəzair razılaşmasını denonsasiya edərək adıçəkilən su hövzəsinin şərq sahillərini İraq ərazisi saymaqla Əbu Musa, Böyük və Kiçik Tonb adalarının iranlılardan təmizlənməsi tələbi səsləndirdi. Və qəfil hücumla Xuzistana soxuldu… 8 il ərzində 600 min şəhid verən gənc İslam dövləti nəinki qısa müddətdə bütün itirdiyi torpaqları azad elədi, hətta döyüş əməliyyatlarını İraq ərazisinə keçirdi. ABŞ və digər müttəfiqləri tərəfindən silah-sursatla (hətta kimyəvi bombalarla) təmin olunan Səddam rejimi biabırçı məğlubiyyətə düçar oldu.

Sonrakı dönəmlərdə də dinc quruculuq işlərinə süni əngəllər törədilən İran xalqı bütün müşküllərə baxmayaraq, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, səhiyyə, sosial rifah və digər sahələrdə tərəqqi arzuları və onun reallaşdırılması yolları aramaqdan bir an da olsa, əl çəkmədi. Və nəticə göz qabağındadır: çoxsaylı vacib istiqamətlər üzrə dünya səviyyəsində ən üstün pillələrdədir, I-III yerləri bölüşür.

Bu 42 ilin elə bir ayı, həftəsi, günü olmayıb ki, İslam Respublikası təhdidlər, böhtanlar, təzyiqlərlə üzləşməsin. Monolit təsisatlar, dövlət-xalq birliyi, İmam Hüseyn Məktəbindən alınan dərs müqabilində şəhidpərvər kütlələrlə döyüş meydanında üz-üzə gəlməkdən ehtiyatlanan xarici müdaxiləçilər guya, daxili müxalifəti fəallaşdırmaqla çirkin məqsədlərinə çatacaqları planlarını da heç vaxt gizlətməyiblər. Gərginlik daha çox Fələstin müqavimətinə dəstək, İsraili dövlət kimi tanımamaq, dincməqsədli müvə texnologiyasına sahiblənmək zəminində baş verib. Çoxsaylı satqın ərəb dövlətlərinin mason-sionistlərlə işbirliyinə rəğmən, şiə İranı sünnü Fələstinin haqq mübarizəsinə köməyini əsirgəməyib, HƏMAS-a dəstəkdə suçlanıb, Qəzza sektorunda mühasirə vəziyyətində saxlanılan məzlum insanlara yardımlar göndərib. Ümumiyyətlə, rəsmi Təl-əvivin işğalçı, qanunsuz məskunlaşdırma, beynəlxalq müqavilələrdən çıxaraq hegemonluq siyasətini ifşa etməsi rəsmi Tehrana ABŞ-İsrail qismində düşmən qazandırıb. Və hazırda dünyada zorən formalaşmış məhdud anti-İran cəbhəsinin başında məhz həmin cütlük dayanır.

Qərbdən Şərqə hansısa zəmində, formatda bütün növ müasir səlib yürüşlərinə antiterror kampaniyası adı qoyulub. 2011-ci ilin martında başladılan və bəşəriyyətin gözünə kül üfürərək “Vətəndaş müharibəsi” kimi hallandırılan Suriya faciəsi də bu qəbildəndir. ABŞ-ın başçılıq etdiyi “antiterror” koalisiyası 10 ildir ki, çox da güclü olmayan bu ərəb ölkəsini yerlə-yeksan edib, arada İsrail aviasiyası da təlim uçuşlarını dinc suriyalıların başına bomba yağdırmaqla reallaşdırır. Əslində isə əsas hədəf İran idi, Suriya sadəcə bufer zona rolunu oynadı. Hələ yenə də İslam Respublikasını bu ölkədə təxribata çəkməyə, açıq müharibəyə cəlb eləməyə çalışırlar, Ali Rərbərliyin təmkini və müdrik qərarları düşmənin qanlı planlarını pozur.

Qonşu və qardaş məmləkətin yüksəlişi zəminində siyasi qısqanclıqlardan qaynaqlanan ən böyük təzyiq sülhməramlı nüvə strategiyasına görədir. Hansı ki, rəsmi Tehran, hətta Ali Rəhbər öz məqamından, atom bombasının, digər kütləvi qırğın silahlarının yaradılmasını İslami nöqteyi-nəzərdən haram sayıldığını dəfələrlə bəyan edib. Bununla əlaqədar beynəlxalq konvensiyalara sayğı göstərib, Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq edib, müfəttişləri Buşəhrə, Natanza buraxıb (onlar da insafən, sentrafuqaların normativdən artıq yüklənmədiyini bildiriblər), nəticədə, 2015-ci ilin iyulunda “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ-la Hərtərəfli Birgə Fəaliyyət Planı qəbul olunub. Saziş iyulun 20-də BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. Razılaşmaya əsasən, İran sentrafuqaların artıq zənginləşdirilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən aradan qaldırılır. Amma ötən il mayın 8-də ABŞ sabiq prezident Donald Trampın imtinası ilə nüvə proqramına dair müqavilədən birtərəfli qaydada çıxdı. Eyni zamanda, İrana qarşı bütün sanksiyalar, o cümlədən ikinci dərəcəli, yəni bu ölkə ilə biznes quranlara qarşı da məhdudiyyətlər yenidən işə salındı. Çox təəssüf ki, qarşı tərəfdəki üç Avropa dövləti (Almaniya, Böyük Britaniya, Fransa) də BMT TŞ-nin ratifikasiya etdiyi mötəbər sənəddən geri çəkilməklə imzalarına hörmətsizlik göstərərək, özlərinə etibarsızlıq və etimadsızlıq mühiti formalaşdırdılar.

Səud rejiminin dəstəklədiyi hakimiyyətin sakinlərə, xüsusən şiəməzhəblilərə divan tutması hələ 2004-cü ildən Yəməndə ümumxalq narazılığını gücləndirmiş, münaqişə ocağını alovlandırmışdı. Əbdül Malik əl-Husinin başçılıq etdiyi kütlələr rəsmi Sananın siyasətinə qarşı dəfələrlə üsyan qaldırıblar. 2012-ci ildə ər-Riyaddan təlimatlar alan Əbdürəba Mənsur əl-Hadinin hakimiyyətə yiyələnməsi vəziyyəti daha da ağırlaşdırdı.
Şimaldakı Saad əyalətində başlanan döyüşlər 2015-ci ildən aktiv müharibə fazasına keçdi və Yəmən mühasirəyə alındı. Səudiyyə Ərəbistanının başçılığı ilə formalaşdırılmış antiterror koalisiyası (yenə də lənətə gəlmiş antiterror…) tam blokadada saxlanılan ölkəni hər gün bombalayır. Fələstində Qəzza faciəsinin bir modelidir: xalqı aclıqla, xəstəliklə sındırıb Husilərə dəstəyi dayandırmaq və neçə ildir sığınacaq verdiyi Mənsur Hadini qanlı kreslosuna qaytarmaq istəyirlər. Yəmən xalqı ilə bacarmırlar, arada Husi üsyançılarını İranın və Livan Hizbullahının silahlandırdığı barədə böhtanlar səsləndirirlər. Əvvəla, söhbət cəbbəxanadan getmir, İslam Respublikası aclıqdan, susuzluqdan, vəbadan kütləvi şəkildə məhv olan məzlum yəmənlilərə siyasi-maddi-tibbi kömək etməyə çalışır. Etməsinmi? Axı, XXI əsrin utanc yeri olan bu ölkədə yaşanan insanlıq dramına kənardan sakit durub baxmaq mümkün deyil. Hər anın dəhşətli ölüm statistikaları: göydən yağdırılan bombaların, aclığın, səfalətin, qaçqınlığın, epidemiyaların sonlandırdığı milyonlarla günahsız talelər… Yarım milyondan çox əhali vəbaya yoluxub, 2 milyon uşaq qidasızlıqdan əziyyət çəkir… Yəmən mühasirədə, Sana aeroportu bağlı – nə ərzaq qəbuluna imkan verirlər, nə dərman…

Səddam rejimi bitdi, amansız diktator rüsvaycasına gizləndiyi kanalizasiya quyusundan çıxarılaraq asıldı, lakin İraqın faciələri yekunlaşmadı. İranın sərhəd qonşusuna zəngin neft yataqlarına görə bu gün də rahatlıq verilmir, nəinki daxili, İranla bağlı, regional problemlərə də məşğul edilir…


İslam aləminin tanınmış şəxsiyyətlərinə, siyasətçilərinə, hərbçilərinə, alimlərinə terrorun, sui-qəsdin ardı-arası kəsilmir. Bağdad hava limanında SEPAH Qüds briqadasının komandanı, general Qasim Süleymaniyə, Tehran yaxınlığında görkəmli nüvə fiziki Möhsün Fəxrizadənin qətli son vaxtların ağrılı hadisələridir.

Bu mövzuda çox yazmaq, danışmaq olar. İslami İran Qərbdən Şərqə – özü də dini, məzhəbi, irqi ayrıseçkilik salmadan – haqları pozulan, qeyri-əxlaqi həyat tərzi ilə uçuruma sürüklənən, üzərində vəhşi sınaqlar aparılan, azadlığı əlindən alınan, ən yüngül halda isə təhqirə məruz qoyulan bütün insanların təəssübkeşi və müdafiəçisidir. Bu sırada harın hakimiyyətlərin aldatdığı Amerikanın müxtəlif inanclı gəncləri də var, hər saat partlayışa qurban gedən əfqanlar, haqları pozulan kəşmirlilər, yurd-yuvasından didərgin salınan Myanma müsəlmanları da… Elə Ayətullah Seyid Əli Xamenei cənablarının Ali Rəhbər, siyasi xadim, dövlət başçısı məqamında yox, bir ağsaqqal, ata, baba qayğısı və narahatlığı ilə 6 il öncə Amerika və avropalı gənclərə ünvanladığı məktub-müraciət də dediklərimizə bariz nümunədir.

Məncə, İran dövləti və xalqı, İslam İnqilabının ildönümləri barədə yazanda belə məqamları önə çəkmək, qabartmaq gərəkdir, – özü, öz əhalisi, ölkəsindən ötrü deyil, dünya müsəlmanları, planetin bütün mütərəqqi insanları, bəşəriyyə üçün yaşayan İran… – nəinki bəzi sosial şəbəkələrdə, hətta İslami saytlardakı “o getdi, bu gəldi” məhdud məzmunlu 5-6 cümləlik xəbərlər vermək…

O ki qaldı İran-Azərbaycan münasibətlərinə, süni şəkildə yaradılan xırda narazılıqları nəzərə almasaq, bu sahədə vəziyyət həmişə ürəkaçan olub: 1991-ci il 19 oktyabrda imzalanmış Müstəqillik Aktimizı ilk tanıyanlardandır, ermənilərin torpaqlarımıza təcavüzünü ali tribunalardan pisləyib və işğalçı qoşunların təcili çıxmasını tələb edib, qaçqın-köçkünlərimizə, aztəminatlı ailələrə yardımlar göstərib, 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizə sevinib, azadlığa qovuşan ərazilərdə quruculuq işlərinə hazırlığını bildirib və sair. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev də rəsmi görüşlərdə söylədiyi müxtəlif xoşməramlı fikirlərdən əlavə, neçə illər əvvəl Azərbaycan coğrafiyasından İrana qarşı plasdarm kimi istifadənin mümkünsüzlüyünü bəyan edib, işğaldan sonra ilk dəfə Cəbrayıl-Qubadlı istiqamətində səfərə çıxanda Azərbaycan-İran hüdudlarını “dostluq, qardaşlıq, mehribanlıq sərhədi” adlandırıb.

Başda Ali Rəhbər, dövlət-hökumət rəsmiləri olmaqla, bütün İran xalqını, respublikamızdakı diplomatik korpusun kollektivini, iranlı həmkarlarımı İslam İnqilabının qələbəsinin 42-ci ildönümü münasibətilə təbrik edir, daha böyük uğurlar diləyir, qonşu, qardaş məmləkətin tezliklə dünyanın inkişaf etmiş ölkələri sırasında olmasını arzualyıram!

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button