ArxivXəbər lentiXəbərlər

Əsgər anası hökumət binası qarşısında aclığa başladı: “Yol pulunu borc alıb gəlmişəm…”

Ermənistan ordusunun ötən ilin aprelində Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan əsgəri, milliyətcə yezidi kürdü Artur Asanyanın anası İrəvanda, hökumət binasının qarşısında azyaşlı qızı ilə birlikdə aclıq aksiyasına başlayıb. Buna səbəb Müdafiə Nazirliyinin Artur Asanyanın müalicəsini təşkil etməməsi və onun aldığı xəsarətin “döyüş zamanı baş vermədiyini” deməsidir.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Arturun anası Əsli Asanyan aclıq aksiyasına başlamazdan əvvəl Müdafiə Nazirliyinə baş çəkib. Orada onu “hansısa general” qəbul edib. “Onun sözlərindən belə başa düşdüm ki, deyir “sənin uşağın Qırmızı Xaçın xəstəxanasındadır, nə qədər yaşayar, yaşayar”. Mən onlara sağlam uşaq verdim, qaytarın mənim uşağımı”-qadın deyir.

Xatırladaq ki, erməni mətbuatı bu əsgərin problemi ilə bağlı əvvəl də yazıb. Əhvalat belədir ki, ötən ilin aprel döyüşləri zamanı yezidi kürdü Artur səngərdə olanda onun yaxınlığında qumbara partlayıb. Doğrudur, Artur qəlpə yarası almayıb, ancaq partlayış dalğasından bir tərəfi iflic olub. Müdafiə Nazirliyi isə deyir ki, əsgər “irsi xəstəliyə” tutulub və aprel döyüşlərində iştirak etməyib. Arturu 23 ay xidmətdən və xəstəxanada saxladıqdan sonra yararsız kimi bir neçə ay əvvəl ordudan tərxis ediblər.

Əsli Asanyan deyir ki, o, İrəvana yaşadığı Gümrü şəhərindən gəlmək üçün yol pulunu borc alıb. Və Arturun müalicəsinə verməyə pulu yoxdur. Qadın ikinci oğlunu hərbi xidmətə göndərməkdən imtina edir.

Polis hökumət binasının qarşısında oturub aclığa başlayan qadına təklif edib ki, içəri keçsin, onu qəbul edəcəklər. Əsli Asanyan isə imtina edib: “3 ay qabaq hökumətin qəbuluna yazıldım, cavab vermədilər. Oğlumu müalicə etməyənə qədər heç yana gedən deyiləm”.

Arturun anası dəfələrlə Müdafiə Nazirliyinə yazıb. Oradan Baş qərargah rəisi Movses Akopyan qadına cavab yazıb ki, Müdafiə Nazirliyi ancaq döyüş və ya xidməti vəzifələrini icra edərkən əsgərin aldığı xəsarəti müalicə etdirir. Asanyanın xəstəliyi isə təmas xəttində döyüş şəraitində alınan xəsarətlə bağlı deyil.

Virtualaz.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button