Islam

Ərdəbilin cümə namazınin xütbələri

31 yanvar (11 bəhmən)

Birinci xütbə

بسم الله الرحمن الرحیم

الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. Allah-Taala buyurur ki, təqva asayiş və təhlükəsizlik yaradır. Təqva əhlində heç vaxt qorxu və vahimə olmur. Təqvadan uzaq insanlar, günahkarlar qorxu keçirir. Təqva insana aramlıq bağışlayır. Bəşəriyyət fitrətən aramlıq, asayiş sorağındadır. İnsanda kiçik çətinliyə də dözüm yoxdur. Diqqət etmirlər ki, insan həyatında çətinlikdə bir hikmət var. (bax: Nəhcül-bəlağə, 226). Digər tərəfdən insanın aramlığı onun əbədiyyətindədir. Elə bir əbədiyyət ki, onda əzab olmasın. Çünki əbədiyyət əzabla da davam edə bilər. Həm behişt, həm də cəhənnəm əhli öz yerinin əbədiliyindən təəccüblənər. Həcc surəsinin 22-ci ayəsində oxuyuruq: ” (Kafirlər) oradan – (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və (onlara:) “Dadın atəşin əzabını!” (deyilər).” Cəhənnəm əhli qəmdən çıxmaq istəyəndə yenidən əzaba qaytarılar. Allah-Taala “həriq” sözünü işəldir. Buyurur ki, dadın onu. Rəvayətə görə Cəbrail həzrət Peyğəmbərin (s) görüşünə gəlib ərz edir: “Ya Rəsuləllah, od əhli odu, behişt əhli behişti böyük görər.” Yəni onlar gördüklərinin eşitdiklərindən böyük olduğuna şahid olarlar. Həzrət (s) buyurur: “Dünyada deyilən və eşidilənlər müşahidə edilənlərdən böyükdür. Axirətdə isə müşahidə edilənlər deyilən və eşidilənlərdən böyük olar.” (کلُّ شیءٍ مِن الدُّنیا سَماعُهُ أعظمُ مِن عِیانهِ، وکلُّ شیءٍ مِن الآخرةِ / امام علی (ع)/ عِیانُهُ أعظَمُ مِن سَماعِهِ)
Dünyada tərif olunan ləzzətə çatdıqdan sonra görürsən ki, tərif olunan həddə deyilmiş. Axirətdə isə əksinədir. Dünyada təriflənən axirəti daha böyük görürsən. Həzrət Peyğəmbər (s) buyurur: “Cəhənnəm əhli onun dərinliyinə atılar. (Allahdan qorxmayan, əli əyrilik edən, naməhrəmə baxan, evinə haram gətirənlər) Cəhənnəmin dərinliyi o qədər çoxdur ki, onun sonuna çatmaq üçün 70 il vaxt gedər.” Otuz metirlik quyuya baxanda adam qorxur. Cəhənnəm əzabı barədə düşünürükmü?! Cəhənnəmə atılanlar oradan çıxmaq istəyəndə yenidən qaytarılarlar. Cəbrail onların halından danışır. Peyğəmbər (s) buyurur ki, qəmdən qurtulmaq istəyəndə geri döndərilərlər. Həcc surəsinin 22-ci ayəsinin təfsiri də bu nöqtəni açıqlayır. Onlar həmin əzabı bu dünyada alıblar. İnsan dünya evini tərk edəndə ona əməllərinin nəticəsi deyilər. Ona deyilər ki, bundan sonra gördüklərin öz əməllərindir. Sadəcə dünyadan gedəndən sonra əməllər həqiqi simasında ortaya çıxar. Bəziləri dünya həyatında başqasının namusuna əl uzadıb, amma əməlinin ağırlığını görmür. Axirətdə bu əməlin həqiqi siması göstərilər.

Bir daha gecə namazı mövzusuna qayıdaq. Əzizlər! İnsanın hünəri, bacarığı, şərafəti bundadır ki, ruhunu Allahla minacata təşnə olanadək paklasın. Bundan yuxarı məqam yoxdur. Məqamlar bu meyarla bölünür. Əsas odur ki, insan Allahla xəlvəti söhbət, ünsiyyət üçün nə həddə istedada malikdir. Allahla xəlvəti minacat üçün istedad lazımdır. İnsan bu məqama çatanda onun xalisliyi, batini səfası artır. Həzrət buyurur: “Qəlb səfalananda maddi yerdən yuxarı qalxır.” (انَّ الْقَلْبَ إِذَا صَفَا ضَاقَتْ بِهِ الْأَرْضُ). İnsan yüksələndə torpaq dünya onun gözündən düşür. O bu dünyanın ağırlığına dözə bilmir Allaha şikayətlənir. (أَشْکُو إِلَیْکَ غُرْبَتِی وَ بُعْدَ دَارِی (دعای عرفه)). İnsan şikayətlənər ki, yer mənə darlıq edir. Görün insanın qəlbi necə böyüyür! İnsan surəsinin 21-ci ayəsində buyurulur: “(Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.” Pak şərab odur ki, insan onu içəndə daxilində qeyri-səmimilikdən əsər-əlamət qalmır. İmam Sadiq (ə) buyurur: “İnsanla Allah arasında azğın nəfsdən qara və dəhşətli hicab, pərdə yoxdur.” Gözün nuruna mane olan bu pərdədir. İsra, 46: “(Quranı) anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq (kar etdik). Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər.” Ayədə “əkinnə” deyərkən qalınlığından qarşı tərəfi göstərməyən hicab, pərdə nəzərdə tutulur. Bu pərdəni gözdən necə götürmək olar? Həzrət buyurur: “Bu hicabı aradan götürmək üçün ən güclü vasitə gecəni oyaq, gündüzü (oruc halda) susuz qalmaqdır.” Əlbəttə ki, elə bir namaz və oruc nəzərdə tutulur ki, başa çatandan sonra insanın əməl və rəftarlarına təsiri qalsın. Sanki insanın cismindən azalır, ruhuna artırılır. Həzrət Əli (ə) gecə namazına, oruca, nafilələrə dəvət edir. Sözünun davamında buyurur ki, cisminizdən götürüb ruhunuza əlavə edin və bu işdə xəsis olmayın. (Nəhcül-bəlağə, xütbə 183). Demək, ibadət insanın ruhunu gücləndirir. Hazırda qış mövsümüdür. Məbada bu uzun gecələri yuxuda keçirib, gündüzləri əldən çıxaraq. İnsan gecə namazı və orucla çox şey qazanır. Bəqərə, 286: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” Yəni siz xeyir işi yaratdığınız kimi, xeyir iş də sizi yaradır. Buyurulur ki, təqvanı qoruyun, təqva da sizi qorusun. Bir qeybət edəndə ruhunuz-canınız o qeybətdən təsirlənir. Bir şəxs İmam Səccadın (ə) hüzurunda qeybət etdi. Həzrət (ə) buyurur ki, bizi zəhmətə saldın. Bir şəxs Mirza Cavad Ağa Məliki Təbrizinin hüzurunda qeybət edir. Alim buyurur ki, bu qeybətinlə məni 40 gün zəhmətə saldın, onun təsirini təmizləmək 40 gün çəkəcək. Rəvayətdə deyilir ki, gecə ilə gündüz arasında bir bağ var. Bu bağa hər adam buraxılmır. Xeyir əməl sahiblərinin həmin bağa daxil olmaq icazəsi var. Ali-İmran, 92: “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” Əgər “birr” məqamına çatmaq istəyirsənsə sevdiyin şeylərdən bağışla. İmam Səccadın (ə) dövründə qoz içi qiymətli idi. İmam Səccad (ə) yoxsullara qoz içi verərdi. Səbəbini soruşanda insanın qiymətli şeylərdən bağışlamasının fəzilətini yada saldı. Bəli, sevdiyin şeydən bağışlamasan yüksək məqama çatmayacaqsan.
Azğın nəfslə müxalifət, ona qarşı çıxmaq yüksək məqam sayılır. Sevdiyin şeydən keç, bil ki, Allah nəfsə qarşı müxalifətin müştərisidir. Allah-Taala buyurur ki, behişt əhlinin istəyi ilə bulaqlara su gələr. (bax: İnsan, 6). Həzrət buyurur ki, bu bağçaya daxil olun, nəfsinizi tərbiyə edin. Yəni namaz, gecə namazı insanı ədəbləndirir. Bu məktəbdə oxuyan Allahla danışmaq istedadı qazanır. Allahla minacat istedadı qazanan dünya həyatından çox bəhrələnib. Gecə namazı əhlinin süfrəsi misilsizdir. Hafiz deyir ki, Allahın ona verdiyi səadət xəzinəsi gecə namazıdır. Şairin təbirincə, yuxu gözünü aparmasın, sübh dərsinə çata biləsən. Yatsan ayılanda sənin üçün ayrılmış yeri su basdığını görərsən. Gecə hamı yuxuda məst ikən Sənin xəyalınla gözümdən qanlı yaş axar…
Allah-Taala öz lütfü ilə bizə bu məqamı əta etsin!

…………………………………………………………………………………..

İkinci xütbə

بسم الله الرحمن الرحیم

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. Qarşımızda böyük təhlükə var. İnsan bu təhlükənin böyüklüyünü təsvir etməkdə acizdir. Həzrət Əlinin (ə) təbirincə, “kimsə onu vəsf edə bilməz”. Vay halına qəflətdə qalanın. Vay halına gözlənilmədən bu təhlükəyə düşənin! Allah, Quran, peyğəmbərlər bu barədə daim xəbərdarlıq ediblər. Həzrət Peyğəmbərin (s) bu mövzuda dəyərli buyuruğu var: “Ey qövm! Mənim sizə gətirdiyim buna bənzər: Bir şəxs qövmünü haraylayıb deyir ki, düşmən qoşununu gözümlə gördüm. Mən sizi qorxudanam…” (یا قوم ! إنی رأیت الجیش بعینی وإنی أنا النذیر العریان ! فالنجاء النجاء. فأطاعه طائفة من قومه فأدلجوا ، فانطلقوا على مهلهم فنجوا. وکذبت طائفة منهم فأصبحوا مکانهم، فصبحهم الجیش فأهلکهم واجتاحهم فذلک) Həzrət buyurur ki, həmin şəxs “özünüzü xilas edin” – deyə haray çəkir. Bəziləri onun sözlərinə etina etmir. Səhəri gün qoşun gəlir və bu qövmün qanını axıdır. Kim Peyğəmbərə (s) itaət etsə, onun sözünü dinləsə xilas olar. Dinləməyən qanı axıdılan qövmə bənzər. Həzrətin buyuruğunda “üryan” kəlməsi ilə rastlaşırıq. Həzrət buyurur ki, mən sizi üryan qorxudanam. Yəni bu xəbərdarlıq açıqdır, pərdəsizdir. Ərəb dilində üryan qorxudan ifadəsi ilə bağlı bir neçə ehtimal var. Səhrada təhlükə görən ərəb qövmünə doğru tələsib haray çəkir. Qövmü onun səsini eşitmədiyindən libasını əyinindən çıxarır ki, onu çılpaq görüb təhlükəni başa düşsünlər. Həmin ifadənin başqa bir mənası budur ki, insan libasını çıxarır və bununla düşmənin onu qarət etdiyini göstərmək istəyir. Üçüncü məna budur ki, libasını əyinindən çıxarıb havada yelləməklə qövmünün diqqətini cəlb etmək istəyir. Üryan şəkildə qorxutmaq böyük təhlükədən danışır. Peyğəmbər (s) özünü üryan qorxudan adlandırır. Biz bir şəxsin böyük təhlükəyə yaxınlaşdığını görsək fəryad çəkməklə ona xəbərdarlıq etmək istəyərik. Ərəb həmin ifadəni bu hala da şamil edir.
İnsanı elə bir əbədiyyət gözləyir ki, bu əbədiyyətin heç zaman sonu olmaycaq. İnsan əvvəlcədən bu barədə düşünməlidir. Həşr surəsinin 18-ci ayəsində oxuyuruq: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!” Allahın əzabı adi əzab deyil. Od içində əzabla bağlı xəbərdarlığa ehtiyac yoxdur?! Peyğəmbər bu təhlükədən xəbər verir. Ənkəbut, 54: ” Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Həqiqətən, Cəhənnəm kafirləri qapayacaqdır!” Cəhənnəm kafirləri əhatə edər. Hər yer od içində olar. Meyit yuyanın meyit üzərinə tökdüyü su da oddur. Bu odu insan özü yandırıb. Evə haram qazanc aparmaq, xalqın malına əl uzatmaq, bu kimi başqa təcavüzlər oddur. Ənkəbut, 55: “O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır. (Allah) onlara: “Etdiyiniz əməllərin cəzasını dadın!” – deyə buyuracaqdır.”
Əzizlər, ötən həftə iki mühüm hadisə baş verdi. Bu hadisələr ölkənin siyasi çəkisini çox qaldırdı və İranın regiondakı rolunu artırdı. Hadisələrdən biri Cenevrə-2 müzakirələrinin uğursuz başa çatması idi. Bu uğursuzluğun səbəbi İranın müzakirələrə qatılmamasıdır. Suriya haqqında əsas söz sahibi İrandır. Digər tərəfdən həmin danışıqlarda ziddiyyətli nöqtələr çoxdur. Suriya böhranından düyünü açacaq tərəf İran, Livan Hizbullahıdır. Amma onlar müzakirəyə dəvət olunmadı. Suriyanı oda çəkən terrorçular, DAİŞ, ən-Nüsrə qrupları da dəvət edilmədi. Amma terrorçulara silah verənlər müzakirəyə qatıldı. Artıq terrorçu qruplar azğınlaşıb, DAİŞ Ərəbistana tabe olmur. Ərəbistan mətbuatına baxsanız DAİŞ-ə qarşı çoxlu yazılar görərsəniz. Ərəbistan indi başa düşüb ki, qucağında necə ilan bəsləyib. Bu qrupa nəzarət əldən çıxıb. İndi ABŞ Malikinin əl-Ənbarda DAİŞ-ə hücumunu himayə edir. Hansı ki bu ilanı özü müsəlmanların boynuna sarıyıb. Bütün bunlar Cenevrə-2 müzakirələrinin təzadlarıdır.
Əgər müzakirələrə DAİŞ, ən-Nüsrə, Azad Ordu dəvət edilsəydi də faydası olmayacaqdı. Bir bu qədər qan axıdanlardan nə gözləmək olar?! Terrorçular nə beynəlxalq qanun, nə insani dəyər tanıyır. Belə bir vəziyyətdə Suriya ilə bağlı hansı ağıllı qərar çıxarıla bilər?!
Mühüm nöqtələrdən biri budur ki, Cenevrə-2 müzakirələri dünya üçün təhlükə siqnalıdır. ABŞ orada böyük beynəlxalq fitnənin bünövrəsini qoymaq istəyir. Bu plan baş tutsa dünya üçün daimi təhlükəyə çevriləcək. Ənənə yaranacaq ki, bir ölkəni süquta uğratmaq üçün oraya terrorçuları göndərmək lazımdır. Sonra beynəlxalq birlik adı altında bir neçə dövlət bir araya gələcək, qanuni hökuməti səhnədən çıxarıb, yerinə terrorçuları oturdacaq. Bununla da dünyada diktatorlar siyahısında bir ad artacaq. Bu siyahını dünya imperializmi hazırlayır. ABŞ-ın Cenevrə-2 planlarını pozan təhlükəsizlik şurasında Çin və Rusiyanın veto hüquqndan istifadə etməsidir. İndi bir qiyamla məqsədə çatmaq istəyirlər. Nə üçün Cenevrə-2 müzakirələrinə təhlükəsizlik şurasının daimi olmayan üzvləri də dəvət edilmişdir? Suriyaya aidiyyatı olmayan 60 ölkə müzakirələrə qatılmışdı. Cenevrə otellərində yeyib-içməkdən, yatmaqdan başqa işi olmayanlar qərar çıxarmalı idi! Əslində ABŞ onların əli ilə öz çevrilişinə qanuni don geyindirmək istəyir. Bir sözlə, beynəlxalq masştabda təhlükəli bir ənənənin, bidətin bünövrəsi qoyulur. İranı ona görə dəvət etmədilər ki, İran onların istəyinə boyun əyməyəcəkdir. Con Kerrinin sözlərinə diqqət yetirsək görərik ki, bütün dediklərimiz onun danışıqlarında öz əksini tapıb. ABŞ və müttəfiqlərinin Suriya böhranını həll etmək, qanı axıdılan məzlumlara arxa durmaq fikri yoxdur. Suriyada böhran dözülməz həddə çatıb. Övladı 15 gün ac qalıb ölənləri kim düşünür?! Bu xalqı mühasirəyə alan, DAİŞ və ən-Nüsrəni bu xalqa qarşı yeridən Amerikadır. ABŞ öz mənafeləri sorağındadır. Con Kerri deyir ki, Suriya xalqının inqilab etmək haqqı var. Guya xalq inqilab edib, Bəşər Əsəd onları qırır. Özləri etiraf edirlər ki, Suriyaya 80 ölkədən terrorçu gəlib. Hansı beynəlxalq qanunda yazılıb ki, bir ölkədə inqilab baş verəndə xaricilər oraya axışmalıdır?! Azərbaycan rəsmilərindən biri “Bəşər Əsəd insan öldürür, İran Əsədi himayə edir” deməklə terrorçuların müdafiəsinə qalxıb. Onlar Şaronun ölümü münasibətilə başsağlığı verirlər. Azərbaycan hökumətinin münasibətinə bax! Bu cənabdan soruşan lazımdır ki, öz ölkəsində inqilab etməli olan neçə yüz azərbaycanlı Suriyada nə axtarır?! Siz Əsədə təşəkkür edin ki, canınızı bu vəhabi terrorçulardan azad edib. Amma Azərbaycan hökuməti ABŞ və sionist rejimin siyasəti ardınca getmək zorundadır. Heydər Əliyevin təbirincə, Qarabağı bizə sionist lobbisi qaytaracaq!
İkinci mühüm hadisə Ərdoğanın İrana səfəridir. Bu da İranın müvəffəqiyyətidir. Artıq Türkiyə Ərəbistan, Qatar, ABŞ və Avropadan uzaqlaşıb, İrana maraq göstərir. Ərdoğan İranı ikinci vətəni adalndırdı. Dedi ki, Türkiyə və İranın nazirlər kabineti əslində bir kabinetdir. Türkiyənin İranla yaxınlığı İraq və Suriya ilə yaxınlıqdır. Ərdoğan bu səfəri ilə ABŞ və Avropaya böyük mesaj göndərdi. O süqut yolunun ortasından döndü. Ərdoğan başa düşdü ki, DAİŞ və terrorçularla qonşu olacaq. İran-Türkiyə birliyi Səudiyyə Ərəbistanına böyük zərbədir. Hazırda Ərəbistan Misirlə məşğuldur. O Misirlə həmkarlıq sayəsində İran-Türkiyə birliyi qaşısında dayanmaq fikrindədir. Artıq hər şey əlindən çıxıb. Bir vəhabi çox maraqlı bir şeir deyib. Məzmunu budur ki, dünyada biz vəhabilərin ixtiyarında gözümüzdə yaşdan başqa bir şey qalmayıb. Türkiyənin DAİŞ-ə hava hücumu İrana xoş niyyət nümayişi idi. Ərdoğanın İrana səfəri üçün bu hücum taktiki gediş oldu.
Əzizlər! Qərb, ABŞ, ərəblər Suriyada böyük pullar xərcləyib. Suriya onlar üçün şəxsiyyət məsələsinə çevrilib. Suriyadan çıxmaq zorunda ikən bunu zahiri ləyaqətlə həyata keçirmək istəyirlər. Dünya birliyinə demək isətyirlər ki, Suriyada lazım olan işlər görüldü və oranı tərk edirlər. Ərdoğan qızğın adamdır, damarlarında comərdlik var. Cürəti çatdı desin ki, səhvə yol verib, indi İranla həmkarlıq etmək istəyir. Suriyadakı başqa oyunçuların da yolu budur. Amerika da bu qənaətə gəldi ki, Suriya, Livan, İraq, Əfqanıstan problemləri İransız həll ola bilməz.
Avropa və Şərqi Asiyadan İrana gələn böyük parlament heyətləri də Ərdoğanın qənaətinə gəliblər. Avropanın kəşfiyyat şəbəkəsi Suriyaya nümayəndə göndərdi. Suriya baş nazirinin müavini elan etdi ki, bizə terrorçulara qarşı kömək təklif edilir. Bu hadisə regionda mühüm hadisədir.
Yuxarıda qeyd edilənlər İranın son günlərdə əldə etdiyi böyük uğurlardır. Bu uğurlar Əhli-beyt məktəbinin uğurlarıdır.
Bu cümə günü dərdimizi mövlamız İmam Zamana (əc) ərz edirik. Aman şiə sələfilərin əlindən. Sələfilər iki qrupdur: Vəhabi sələfilər və şiə sələfilər. ABŞ şiə sələfilərə kanallar verib, eyni vaxtda 15 şiə sələfi şəbəkəsi sünnə əhli böyüklərini təhqir edir. Vəhabi sələfilər də, şiə sələfilər də terrorçudur. Biri insan öldürür, o biri Əhli-beytin şəxsiyyətini hədəfə alıb. Bizə dəqiq məlumat çatıb ki, Ərəbistanda bir çox müsəlmanlar dindən çıxır. Dəlilləri budur ki, din belə fitva verən müftilərin dediyi dinsə, günahsız insanların qətliamı, başına mərmi ələnməsi dini göstərişsə, biz bu dindən uzaqğıq. Onlar dini bədbəxtlik amili kimi görürlər.
Fəcr on günlüyü astanasında Allaha şükr edirik ki, məmləkətimizə belə böyük bir lütf edib. Millətimiz özünə layiq olan yeri tutub. İnqilabımız dünyada əsil məqamına çatıb. Fəcr on günlüyünü əzəmətlə keçirməli, bizə bu inqilabı nəsib etmiş günlərin qədrini bilməliyik. Bu nəticə xalqımızın uzun illər müqavimət və məhrumiyyətə dözümü sayəsində əldə olunub. Almanlar deyirlər ki, İran siyasətini iki yolla tanımaq olar: Biri şahmatdır, o biri xalça sənəti. Şahmat böyük səbr istəyir. Bu oyunda gələcəyi görmək bacarığı lazımdır. Xalça sənəti də belədir. İnsandan böyük diqqət və səbr istəyir. Bir xətt pozulsa bütün təsvir pozular. Buna görə iranlılar siyasətdə səbirli, düşüncəli və diqqətlidirlər.
Allah-Taaladan istəyimiz budur ki, bizə şəhidlər qarşısında borcumuzu yerinə yetirməkdə yardımçı olsun.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button