Xəbərlər

“The Guardian”dan Əliyev hökumətinə rüşvət ittihamı

«Dəbdəbəli otellər və kürü diplomatiyası: Azərbaycan hökuməti britaniyalı deputatları necə ələ alır?»
Böyük Britaniyannın “The Guardian” qəzeti yazır ki, Azərbaycan korrupsiya və insan haqlarının vəziyyətinə görə tənqid olunsa da, Londonun bahalı Mayfair ərazisində yerləşən “müstəqil” cəmiyyət onu britaniyalı deputatlara və rəsmilərə tamam başqa cür təqdim edir. Jurnalistlər Jamie Doward və Charlotte Latimerin bu haqda hazırladığı məqalə “Dəbdəbəli otellər və kürü diplomatiyası: Azərbaycan elitası millət vəkillərini necə ələ alır?”
adlanır. “Azadlıq” radiosu həmin məqaləni tərcümə edib.
“The Guardian”ın məqaləsində deyilir ki, “guya müstəqil ticarət qurumu olan Avropa Azərbaycan Cəmiyyəti (”The European Azerbaijan Society” TEAS) müntəzəm olaraq, Britaniya deputatlarını və Avropa Parlamentinin üzvlərini keçmiş Sovet respublikası olan Azərbaycana qonaq aparır və orada onları lüks otellərdə yerləşdirir”.
İpək xalçalar, qızıl, kürü və əlbəttə, pul…
Qəzet yazır ki, bundan əvvəlki səfərlər zamanı Avropa Şurasının üzvlərinə Bakıda “krallara layiq qonaqpərvərlik” göstərilib. Işin içində olanlardan biri qəzetin müxbirlərinə belə deyib:ÿ”Bunlar əsl gəzinti səfərləridir və qonaqlara çox bahalı hədiyyələr verilir. Hədiyyələr əksər hallarda bahalı ipək xalılardan, qızıl və gümüş əşyalardan, içkilərdən, kürü və puldan ibarətdir. Bakıda 2 kiloqram kürü adi hədiyyə sayılır”.
Məqalədə qeyd olunur ki, dünyanın ən avtoritar rejimlərindən birinə, seçkilərin saxtalaşdırıldığı, jurnalistlərə və müxalifət partiyalarına divan tutulduğu bir vaxtda, yaxşı imic yaratmaq üçün “kürü diplomatiyası”ndan istifadə cəhdlərini insan haqları qrupları kəskin tənqid edirlər.
Jamie Doward və Charlotte Latimer yazır ki, TEAS Azərbaycanda neft və mədən maraqlarının əksəriyyətinə sahib elitar ailələrin ruporu olmaqda ittiham edilir.
“Cəmiyyətə Ilham Əliyevin yaxın çevrəsinə daxil və Azərbaycanın ən qüdrətli adamı kimi tanınan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Londonda yaşayan oğluÿ Tale Heydərovÿ rəhbərlik edir”, – deyə qəzet yazır.
Beynəlxalq “Global Witness” qeyri-hökumət təşkilatından Tom Mayne “The Guardian”a deyib ki, zahirən TEAS müstəqil təşkilat kimi görünə bilər, lakin tək bircə Tale Heydərovun ona rəhbərlik etməsi faktı cəmiyyət və onun məqsədləri barədə suallar doğurur.
“The Guardian” yazır ki, yaxşı əlaqələrə malik lobbiçi Lionel Zetterin direktor olduğu bu cəmiyyət Londonda Queen Anne’s Gate ünvanında, parlamentə çox yaxın bir məkanda yerləşir və Uestministerlə (Britaniya parlamenti) güclü əlaqələrə malikdir.
Heydərov qonaqpərvərliyi
Bu da qeyd olunur ki, TEAS rəsmi olaraq “Azərbaycan naminə Britaniya parlament partiyaları qrupu” üçün katiblik rolunu oynayır və bu partiyaların illik konfranslarında millət vəkilləri üçün bahalı ziyafətlər təşkil edir. Təşkilat bu yaxınlarda Mühafizəkarlar Partiyasının illik qurultayından sonra 400 millət vəkilinə caz ziyafəti verib.
Məqalədə deyilir ki, millət vəkilləri tərəfindən rəsmən bəyan edilmiş maraqlar siyahısına görə, cəmiyyət təkcə mühafizəkar parlamentarilərin Bakıya səfər xərclərinin ödənilməsinə 71 min 740 funt-sterlinq xərcləyib.
Qəzet yazır ki, parlamentdəki “Azərbaycan qrupu”nun üzvü və bu qrupun keçmiş sədri, mühafizəkar millət vəkili Mark Field bir müddət TEAS-dan ildə 6 min funt sterlinq maaş alırmış.
Qəzet bildirir ki, Field bu iddialara şərh verməkdən imtina edib.
“The Guardian” yazır ki, cəmiyyət həmçinin Leyborist Partiyasından olan millət vəkillərinin Azərbaycana gəzinti səfərlərinə azı 9700 funt-sterlinq xərc çəkib.
Bu da xəbər verilir ki, “yeni leyboristlərin Progress kampaniya qrupunun” bir tədbirinin də xərclərini TEAS ödəyib.
Qəzet yazır ki, 2011-ci ilin mayında millət vəkilləri Bob Blackman, Stephen Hammond, Gerry Sutcliffe, Mark Field və onun katibəsi Culia Dockerill, habelə lordlar Kilclooney və Rogan da daxil olmaqla, parlament nümayəndə heyəti TEAS-ın hesabına Azərbaycana beş günlük səfər edib. Elə həmin il Azərbaycanda seçki monitorinqləri aparan AŞ PA üzvləri Baronessa Eccles və Vikont Eccles “Avropa-Azərbaycan Cəmiyyəti”nin hesabına Bakıya səfər ediblər.
Məqalədə yada salınır ki, şahzadə Andrew Azərbaycana müntəzəm səfərlər edir və orada “əziz qonaq” kimi tanınır, baş nazir Devid Kemeron isə ötən il Olimpiada ərəfəsində prezident Əliyevi öz ofisində salamlayıb.
TEAS-ın keçirdiyi rəy sorğusunun nəticələrinə görə “millət vəkillərinin 72 faizi prezident Əliyevin fəaliyyətini bəyənir və onu Qərbin etibarlı partnyoru sayır”.
Jurnalistlər Camie Doward və Charlotte Latimer qeyd edirlər ki, TEAS həmçinin Britaniyanın biznes çevrələrində fəaldır. Ötən ay cəmiyyət Britaniyanın Azərbaycandakı biznes fəaliyyətinə həsr olunmuş konfrans keçirib.
“Sevgililər”in öz payı var
Bu konfransda baş nazirin Azərbaycan üzrə xüsusi ticarət elçisi, millət vəkili Charles Hendry ölkəsinin Bakı ilə işbirliyinin əhəmiyyəti barədə çıxış edib.
“Lakin tənqidçilər bildirirlər ki, Birləşmiş Krallıq Azərbaycanın qaz yataqlarından daha çox bu ölkədəki insan haqlarının vəziyyətinə diqqət yetirməlidir”, – deyə “The Guardian” yazır.
Qəzet Azərbaycan seçkilərində müşahidəçilik etmiş AŞ PA qrupundakı britaniyalı millət vəkillərinin bu kimi çağırışlara məhəl qoymamasını da qeyd edir.
“Mən azı, 10 seçki məntəqəsində olmuşam, lakin kiminsə şikayət edə biləcəyi kiçicik pozuntu da görməmişəm” – deyib Portsmutdan millət vəkili Mike Hancock.
“The Guardian” diqqəti belə bir fakta çəkir ki, Mike Hancockun köməkçisi və sevgilisi “Avropa-Azərbaycan Cəmiyyəti” üçün gördüyü işlərə görə 3 min funt-sterlinq pul alıb.
Mike Hancock bildirir ki, o, öz maraqlarını parlamentə bəyan edib və heç bir qanunsuz iş görməyib.
Müdrik millət vəkili
Məqalədə deyilir ki, bu cür izahatlara baxmayaraq, insan haqları təşkilatları Britaniya millət vəkillərini Azərbaycanın lobbiçiləri tərəfindən yaradılan imicindən daha uzağa baxmağa çağırırlar.
Öz növbəsində millət vəkilləri ölkələr üçün lobbiçilik edən təşkilatlara ehtiyatla yanaşdıqlarını bildirirlər.
Məsələn, Mühafizəkarlar Partiyasından millət vəkili Robert Walter deyir ki, o, bütün parlament fəaliyyəti boyunca ölkələri təmsil edən lobbiçi qruplarla ehtiyatlı davranıb və müdrik hərəkət edib.
Qəzetsə xatırladır ki, Walter Azərbaycanda prezident seçkilərini müşahidə etmiş müstəqil AŞ PA nümayəndə heyətinə başçılıq edib və “seçkilərin ədalətli keçirilməsini tərifləyib”.
“The Guardian” bunu da yada salır ki, Robert Walter Britaniya parlamenti partiyalarının insan haqları qrupunun sədr müavinidir.

Azadlıq.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button