ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ələsgər Məmmədli bu dəfə də ev dustaqlığına buraxılmadı

Qərardan apelyasiya şikayəti veriləcək

“Toplum TV” internet televiziyası və eyni adlı portalın təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması üçün vəkili növbəti dəfə vəsatət vermişdi. Budəfəki vəsatətə Ələsgər Məmmədlinin doğum günündə – mayın 24-də Xətai Rayon Məhkəməsində baxılıb.
Vəsatətə hakim Bəxtiyar Məmmədov baxıb. Ələsgər Məmmədlinin vəkili Aqil Layıc onun heç bir cinayət törətmədiyi halda, həbsdə saxlandığını bildirib. Vəkil vurğulayıb ki, ən əsası, Ələsgər Məmmədlinin səhhətində ciddi problemlər var. Hələ həbsindən öncə o, xərçəng şübhəsi ilə müayinədən keçirdi. Elə onu klinikadan çıxarkən tutublar.
Aqil Layıc hakimin nəzərinə çatdırıb ki, müvəkkilinin boğazındakı şiş getdikcə daha da böyüyür. Lakin Ələsgər Məmmədli ehtiyacı olan tibbi yardımı ala bilmir.
“Şiş böyüyür, boğulma yaradır. Təcili müayinə və müalicə olunmalıdır, əks halda, gec ola bilər. Ən azı, humanizm prinsipləri baxımından həbsdən buraxılmalıdır. Bu adamın istintaqdan yayınmaq niyyəti yoxdur, yaşayış yeri məlumdur”, – Aqil Layıc əlavə edib.
Lakin hakim vəsatəti təmin etməyib – Ələsgər Məmmədli bu dəfə də ev dustaqlığına buraxılmayıb.
Vəkil Xətai Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verəcək.
Aqil Layıc Meydan TV-yə bildirib ki, qalxanabənzər vəzdəki şişin böyüməsi başqa orqanlara da təsir göstərir:
“Qan təzyiqi ilə bağlı da problem yaranıb”.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Ələsgər Məmmədlinin səhhətində kəskin problemlər olması haqda deyilənləri təkzib edir. Hüquqşünasın müayinəsinin nəticələrilə bağlı rəydə iddia olunur ki, Ələsgər Məmmədlinin müayinəsinin nəticələri Milli Onkologiya Mərkəzinin həkimi ilə təhlil olunub və onda hazırda kəskin onkoloji proses izlənilmədiyi məlum olub. Əlavə olunub ki, boğazındakı düyünün histoloji müayinəsinin təcili aparılmasına da zərurət yoxdur.
Mayın 24-də Ələsgər Məmmədlinin 56 yaşı tamam olur.
Martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar arasında “Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button