Islam

Cihad Qərbin geosiyasi planlarına xidmət edir?

İslam aləmində baş verən ixtilaflar qlobal geosiyasət üçün də təhlükə törədir.

ərin gəldikləri bu qənaət bir çox təhdidlərin mövcudluğundan xəbər verir. Radikal dini qrupların törətdikləri terror hadisələri fonunda bu prosesin analizi vacib bir vəzifəyə çevrilib. Çünki süni surətdə müsəlmanların terrorçu obrazının yaradılması bütövlükdə bəşəriyyət üçün ciddi təhlükələr yarada bilər.

Radikal dini qruplar: sifarişçi kimdir?

Müasir dünyada radikal dini qruplaşmalar qlobal geosiyasətin aktual mövzularından biridir. O cümlədən, İslam dini adı altında fəaliyyət göstərən bir çox təşkilatlar var ki, terrorçuluqda günahlandırılırlar. Hazırda siyasi leksikonda “İslam terroru” ifadəsi tez-tez işlədilir. Lakin bunlar reallığı əks etdirirmi? Doğrudanmı, müsəlmanlar qətllər törətməklə hansısa siyasi məqsədə çata biləcəklərini düşünürlər? Bəlkə, bu başqaları tərəfindən ortaya atılmış bir oyundur?
Doğrusu, bu suallara müxtəlif cavablar vardır. Bəziləri reallıqda “İslam terroru”nun olduğunu iddia edir. Bir başqaları bu dini siyasiləşdirmə tendensiyasının obyektivliyini əsaslandırmağa çalışır. Bunlarla yanaşı, dünyanın bəzi güclü dövlətlərinin müsəlmanlardan öz məqsədləri üçün istifadə etdikləri qənaətində olanlar da vardır.
Son onilliklərdə bu mövzuda yazılanları və real siyasi hadisələri təhlil etməklə maraqlı nəticələr əldə etmək olar. Əslində, bir çox ekspertlər həmin istiqamətdə düşündürücü məqamları vurğulayıblar. Burada hər şeydən əvvəl “cihad” anlayışı üzərində dayanmaq lazım gəlir.
Bu sözün mənası Allah yolunda savaşmaq, çalışmaq, mübarizə aparmaq, səy göstərmək deməkdir. Onu silahlı savaşla eyniləşdirmək yanlışlıqdır. Burada insanın öz mənəvi və sosial qüsurları ilə mübarizə aparması nəzərdə tutulur. Yəni hər bir kəs daim nəfsə qalib gəlməyə çalışmalıdır. Bu isə reallıqda insanın özünün-özü ilə mübarizə aparması deməkdir. Bununla yanaşı, cihada siyasi məna da verilir. Müasir dövrdə bu, daha çox dini ideologiya əsasında müxtəlif məqsədlərlə silahlı savaş aparmağı nəzərdə tutur. Məsələn, müstəmləkəyə, haqsızlığa, ədalətsizliyə, İslamı yaymağa mane olanlara, müsəlmanların hüquqlarını pozanlara və başqalarına qarşı müharibəyə qalxmaq olar.
Bütün bunlarla yanaşı, cihadı tamamilə mənfi aspektdə təqdim etmək tendensiyası hiss edilir. Məhz həmin mənada cihaddan ilk növbədə İslamın özünü gözdən salmaq üçün istifadə edirlər. Bunun isə əsas yolu İslam dini pərdəsi altında yaranan təşkilatların terrorla məşğul olduğu fikrini beyinlərə yeritməkdən ibarətdir. Həqiqətən də belə bir proses varmı?
Bir çox mütəxəssis hesab edir ki, İslam pərdəsi altında formalaşan radikal qrupların arxasında böyük dövlətlər dururlar. Məsələn, “əl-Qaidə”ni ABŞ-ın meydana atdığını yazırlar (bax: Дмитрий Минин. Под знаменем джихада / “Столетие”, 1 oktyabr 2013).
Keçən əsrin 80-ci illərindən başlayaraq, Amerika kəşfiyyatı Əfqanıstanda müsəlmanların müqavimət hərəkatını formalaşdırmağa çalışıb. Bu dalğa “Taliban” və “əl-Qaidə”ni meydana atdı. Sovetləri oradan vurub çıxaran islamçı qüvvələr, sonra silahlarını ABŞ-a qarşı çevirdilər.
Lakin bunlar baş verənlərin görünən tərəfləridir. Mütəxəssislərin qənaətinə görə, “əl-Qaidə” konkret olaraq Amerikanın geosiyasi planlarını reallaşdırmaq üçün dünyanın müxtəlif regionlarında istifadə etdiyi terror silahıdır (bax: Леонид Савин. Сирия: сетевая война / “Столетие”, 23 aprel 2013). Hazırda Suriyada “əl-Qaidə” bu funksiyanı yerinə yetirir. ABŞ həmin təşkilatla yanaşı, digər radikal islami qrupları da maliyyələşdirir (məsələn, Liva a-Tövhid, Liva əl-İslam və Sukor əş-Şam) (bax: əvvəlki mənbəyə). “The Washington Post”un yazdığına görə, məhz ABŞ-ın fəal dəstəyi ilə hazırda Suriya müxalifətinin 75 faizini islami qruplar təşkil edir.

“Şəbəkə müharibəsi” və “cihad”
Dini pərdə altında radikal əhval-ruhiyyəli savaşçılar yetişdirmək üçün “cihad” anlayışından geniş istifadə edilir. Sosial şəbəkələr vasitəsi ilə həmin üsulla çoxlu sayda insanı bir yerə toparlamaq mümkün olur. Hazırda “şəbəkə müharibəsi” adlanan ifadə bu kimi proseslər nəticəsində meydana çıxıb (bax: Дмитрий Седов. “�?сламский” терроризм американского разлива / “Фонд стратегической культуры”, 23 sentyabr 2012).
Doğrudan da, “əl-Qaidə” qəribə bir tərzdə fəallığını Suriyaya yönəltdi. Bu, Əfqanıstanda Qərbin öz vəzifəsini yerinə yetirmiş hesab etdiyinin və orada Vaşinqtonun “Taliban”la danışıqlar apardığının fonunda baş verir. Proqnozlara görə, 2014-cü ildən sonra həmin təşkilatın əsas hədəfi Çin, Mərkəzi Asiya dövlətləri və Rusiya olacaq (bax: əvvəlki mənbəyə).
Bundan başqa, “Müsəlman qardaşları”nın ingilis kəşfiyyatı tərəfindən meydana atıldığı haqqında informasiyalar mövcuddur. “Həmas”ı Səudiyyə Ərəbistanının, “Hizbullah”ı isə İranın maliyyələşdirdiyi deyilir. Belə çıxır ki, hazırda Yaxın Şərqdə siyasi meydanda aktiv olan təşkilatların hər birinin arxasında kənar qüvvələr dayanır. Əsas ssenarini isə Qərb ölkələrinin yazdığı hiss edilir.
Əgər bu məlumatlar doğrudursa, sözsüz ki, böyük bir geosiyasi məkanda hansısa oyunun aparıldığı təəssüratı yaranır. Bu oyunda “cihad”ın mərkəzi yerlərdən birini tutduğunu demək olar. Süni şəkildə yönləndirilən və İslamın əsas mahiyyətinə zidd olan həmin proses bütövlükdə müsəlman aləmi üçün ciddi fəlakətlərə səbəb olmaqdadır. Bir-birinin ardınca İslam dövlətləri daxili təlatümlərlə üzləşir və qəribə şəkildə bu hadisələrin altından “əl-Qaidə” kimi terror təşkilatları çıxır. Burada bir məntiq vardır.
Məsələ ondan ibarətdir ki, proqnozlara əsasən, dünyanın ən potensiallı ölkələri sırasında müsəlman dövlətləri xüsusi yer tutur. Hətta S.Hantinqton sivilizasiyaların perspektivindən yazanda, 2020-ci ilə qədər İslam dünyasının qabaqcıl sıraya çıxa biləcəyini proqnozlaşdırmışdı. Burada demoqrafik və sosial-iqtisadi inkişaf meyarları əsas götürülmüşdü.
Təbii ki, dünyada liderliyi saxlamaq üçün Qərb buna qarşı siyasət qoymalı idi. Artıq bir neçə on ildir ki, həmin məqsədlə müsəlmanların özlərindən istifadə edildiyi düşündürücüdür (bax: Сергей Василенков. США всех посчитали по двойным стандартам/ www.pravda.ru, 26 aprel 2013). Bu üsulla iki məqsədə nail olunur. Birincisi, İslamın mənfi obrazı yaradılır. İkincisi, müsəlman ölkələrində demokratiyanın bərqərar olması üçün kənar təsirlərə ehtiyacın olduğu təəssüratı yaradılır.
Bunların nəticəsində hər hansı müsəlman ölkəsində mövcud sosial-iqtisadi infrastrukturu dağıdıb, yerində kənar qüvvələrin maraqlarına uyğun sistem formalaşdırırlar. Həmin proses ölkənin təbii sərvətlərindən birbaşa milli maraqlar üçün istifadə etmək imkanının kəskin məhdudlaşdırılması fonunda baş verir.
Belə görünür ki, müasir tarixi mərhələdə “cihad”dan daha çox bəzi siyasi qüvvələrin maraqlarına xidmət etmək üçün istifadə edirlər. Burada ilk növbədə söhbətin Qərbdən getdiyini demək olar. O cümlədən, ABŞ öz liderliyini uzun müddətə saxlamaq üçün ciddi işlənmiş geosiyasi planlar qurur. Həmin planları reallaşdırmaqla qlobal miqyasda prosesləri idarə etməyə çalışır (bax: Евразийский Джихад, триумф и крах США. Часть вторая: планы США по захвату планеты, Арабская весна и Сирия / www.anvictory.org, 11 oktyabr 2013).
Bütün bunlar bəzi pessimist geosiyasi nəticələr çıxarmağa imkan verir. Əvvəla, müasir qlobal geosiyasətdə qərəzli planlar quran böyük dövlətlər mövcuddur. Bu, dünyada qeyri-müəyyənliyin qalmasına təsir edir. İkincisi, müsəlman dövlətlərində ixtilafların, silahlı toqquşmaların uzun sürə bilməsi təhlükəsi vardır. Çünki həmin dövlətlər bütövlükdə çox zəifləməsə, onları həmin vəziyyətdən çıxarmağa çalışmayacaqlar. Bununla yanaşı, böhrandan sonra müsəlman ölkələrində hansı quruluşun bərqərar olacağı da məlum deyil. Üçüncüsü, bu proseslər üçüncü dünya müharibəsi üçün münbit zəmin hazırlayır. Əgər terror dalğaları Çin və Rusiya kimi dövlətlərə qarşı çevrilsə, bunun necə nəticələnəcəyini heç kəs proqnozlaşdıra bilməz. Böyük bir geosiyasi məkanda xaos yaranar və çoxlu sayda insan tələfatı olar. Bura inkişaf etməkdə olan ölkələrdə hansı vəziyyətin yarana biləcəyini də əlavə etmək mümkündür.
Göründüyü kimi, “cihad”dan öz geosiyasi məqsədləri üçün istifadə edənlər, əslində, odla oynayırlar. Bu da bütün dünya üçün çox təhlükəlidir.

Newtimes.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button