Qafqaz.ir xəbər verir ki, Türkiyənin “Ulusal Kanalı” ölkənin müxtəlif yerlərində çıxan meşə yanğınları ilə bağlı reportaj hazırlayıb.
Reportajda qeyd edilib ki, yanğınla mübarizə canla-başla davam edir.
Vurğulanıb ki, ABŞ və Avropa dövlətləri “keçmiş olsun” mesajları ilə kifayətlənərkən, İran, Rusiya və Azərbaycan yanğınla mübarizədə Türkiyə ilə çiyin-çiyinə çalışır:
“Qonşu ölkə İran Silahlı Qüvvələrinin tərkibindəki 40 ton su tutumuna malik yanğınsöndürən təyyarə və 2 helikopteri Türkiyəyə göndərdi. Rusiyanın göndərdiyi İL-76 yanğınsöndürən təyyarəsi Türkiyəyə çatdı. Rusiya daha öncə Manavqatdakı yanğının söndürülmsi üçün 3BE-200 yanğınsöndürən təyyarəsi göndərmişdi.Rusiya Fövqəladə Hallar Nazirliyi 11 texnikadan ibarət qrupun da Türkiyəyə çatdırılacağını açıqlayıb”, – deyə reportajda bildirilib.
Azərbaycandan göndərilən yanğınsöndürənlərin çalışmaları haqqında da söz açılan reportajda qeyd olunub ki, Azərbaycanda 100 nəfərlik professional yanğınsöndürənlə əməliyyatlarda iştirak edir:
“Azərbaycanlı qrup Marmarisdə alovlara qarşı çiyin-çiyinə savaşır. Azərbaycandan bir amfibiya təyyarəsi də yanğınların söndürülməsində iştirak edir. Bundan başqa, 1 helikopter, 53 yanğınsöndürən avtomobil və 220 canlı qüvvə də Türkiyəyə göndərilib”.
Reportajda Ukraynanın da dəstəyindən bəhs edilib:
“Ukraynaya aid 5 yanğınsöndürən helikopter və canlı qüvvə də yanğının söndürülməsinə dəstək verir”.
Bundan başqa, Pakistan baş naziri İmran Xan və İordaniya xarici işlər naziri Ayman əs-Safadi Türkiyəyə yardıma hazır oduğunu açıqlayıb.
Qeyd edək ki, Türkiyənin 107 fərqli yerində başlayan yanğının məsuliyyətini PKK terror təşkilatı öz üzərinə götürüb