Aktual

ABŞ-dan Əliyevə qorxulu xəbərdarlıq: «Rusiya Azərbaycanda stabilliyə başlıca təhlükədir»

«Azərbaycan hakimiyyəti dəqiq bilir ki, Rusiyanın xüsusi xidmət orqanları bu ölkədəki milli azlıqları hakimiyyətə qarşı qızışdırmaq siyasətindən heç vaxt əl çəkməyib»

ABŞ Konqresinin fəaliyyəti üzrə ixtisaslaşan “The Hill” qəzetində Rusiyanın Azərbaycanda stabilliyə başlıca təhlükə olmasından bəhs edən geniş material yayımlanıb. Müəllif Stefen Blank hazırladığı “Azərbaycan terror təhlükəsi altında” başlıqlı məqaləni təqdim edirik:
Boston marafonundakı bombardman göstərdi ki, Şimali Qafqazda baş verən terrorun “uzun əli” uzaq məsafələrə də çatır. Son hadisələrin təhlili göstərir ki, Şimali Qafqazdakı bu terror hədəsi həm də qonşu ölkələri, xüsusən Azərbaycanı ələ keçirmək üçün saxlanılır.
Bu yaxınlarda Dağıstanın paytaxtı Mahaçqalada qonşu Azərbaycan hökumətinə qarşı etiraz aksiyası keçirildi. Aksiyada iddia olunurdu ki, Azərbaycanda dağıstanlı milli azlıqlarla qəddar rəftar olunur. Nəzərə almaq lazımdır ki, Dağıstanın özü də təkmillətli yer deyil, burada ən müxtəlif etnik qrupların təmsilçiləri yaşayır.
Təxminən elə o ərəfədə yerli qəzetlər xəbər yaydı ki, Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstan sərhədində Şimali Qafqazdakı yaraqlı və terrorçulara qarşı birgə anti-terror əməliyyatlarına başlayıblar.
Moskvanın özünün də bacarmadığı Şimali Qafqazdakı terror Azərbaycan üçün də ciddi təhlükədir. Azərbaycan onsuz da Iran tərəfindən daim hədələrə məruz qalır. Iran Azərbaycan daxilində islamçı qruplaşmalarla qızışdırıcı iş aparır.
Indi isə eyni siyasəti Rusiya sünnilərdən istifadə etməklə Azərbaycana qarşı aparmağa çalışır. Əvvəllər də Rusiya mediasında Azərbaycanda milli azlıqlara qarşı xoşagəlməz rəftar barədə məlumatlar yayılırdı, amma bu problemlə əlaqədar nümayiş keçirilməsi halı qeydə alınmamışdı.
Azərbaycan hakimiyyəti dəqiq bilir ki, Rusiyanın xüsusi xidmət orqanları bu ölkədə yaşayan milli azlıqları hakimiyyətə qarşı qızışdırmaq siyasətindən heç vaxt əl çəkməyib.
Beləliklə, baxmayaraq ki, Rusiya və Azərbaycanın silahlı qüvvələri ümumi təhlükəyə qarşı birgə fəaliyyət göstərmək haqqında razılığa gəliblər, Rusiyanın hakim dairələri gizli şəkildə Azərbaycan hökumətini zəiflətmək üçün milli zəmində qızışdırıcılıq fəaliyyətini davam etdirir.
Rusiya özünü terrorun qurbanı kimi göstərməyə çalışır, hətta bu məsələdə ABŞ hökumətindən də dəstək umur. Eyni zamanda, Moskva onun maraqlarıyla uzlaşmayan rejimləri laxlatmaq üçün də eyni alətlərdən istifadə edir. Azərbaycana qarşı da bu cür münasibət var.
Azərbaycanın neft-qazının Avropaya daşınması enerji daşıyıcıları məsələsində Rusiya üçün rəqabət yaradır və Rusiya bu ölkənin Avropaya inteqrasiyası, ölkədə demokratik idarəetmə ənənəsinin yaranmasının qarşısını almağa çalışır.
Boston partlayışlarından sonra bəlli oldu ki, Rusiya xüsusi xidmət orqanları ABŞ hökuməti və Federal Təhqiqatlar Bürosu ilə tam şəkildə əməkdaşlıq etmək niyyətində deyil. Hərçənd, “Böyük səkkizlik” ölkələrinin toplantısında hər iki tərəf əməkdaşlığın gələcəkdə də gücləndirilməsi və genişləndirilməsi haqdı razılıq imzalamışdılar. Ola bilsin ki, Rusiya ilə bu istiqamətdə razılaşma doğrulmayan ümid kimi elə kağız üzərində qalacaq.
Qafqazda elə vəziyyət yaranıb ki, Azərbaycanı təhlükələrdən müdafiə etmək üçün bu barədə hay-küy salmadan dərin və həqiqi əməkdaşlıq sistemi qurulmalıdır.

azadliq.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button