Aktual

Cəmil Həsənlini öz kəndində uduzdurdular

Hakimiyyət Milli Şuranın namizədinin Alarda məğlub olduğunu göstərmək üçün dəridən-qabıqdan çıxdı; əməkdaşımız Cəlilabaddan yazır.

Oktyabrın 9-da ölkə başqa, Cəlilabadın Alar kəndi başqaydı. Səhər saatlarından başlayaraq Alar sakinləri axın-axın seçki məntəqələrinə gedirdilər. Onlar həmyerliləri olan Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə yekdilliklə səs verəcəkdilər. Hər halda, sakinlərin replikalarından, öz aralarında danışdıqlarından belə anlaşılırdı.

***

C.Həsənlinin doğma kəndində prezident seçkilərinə ilk dəfə belə xüsusi və böyük maraq var idi. Bundan əvvəlki seçkilərə biganə yanaşan Alar camaatı məhz C.Həsənliyə dəstək vermək üçün seçki məntəqələrinə axışdıqlarını deyirdilər.

Amma ölkə boyunca seçki məntəqələrində baş verənlər Alar kəndindən də yan keçmədi. Eyni ssenari və oxşar saxtakarlıq taktikaları C.Həsənlinin doğma yurdunda da təkrarlandı. Kəndin seçki keçirilən 3 məntəqəsində “karusel” əməliyyatı həlledici oldu. Biz səhər saatlarında Alarda olarkən hər üç məntəqəyə baş çəkdik. Eşitdiklərimiz və gördüklərimiz onu deməyə əsas verirdi ki, seçici fəallığı yüksəkdir və vətəndaşlar səsverməyə gedirlər.

Di gəl ki, müşahidəçilər saxtakarlığa elə məntəqələr açıldığı saatdan başlandığını söylədilər. Onların sözlərinə görə, seçki prosesi total saxtakarlıqla müşayiət olunur, bir nəfər bir neçə bülleten atır, “karusel” əməliyyatı açıq şəkildə həyata keçirilir, yerli icra nümayəndələri, məktəb direktorları, bələdiyyə sədrləri prosesə müdaxilə edir, seçiciləri yönləndirirdilər. Ümumilikdə isə kənddə ab-hava normal idi, hər hansı insident və ya gərginlik yaşanmadı.

***

1 saylı məntəqədə olarkən Cəmil Həsənlinin müşahidəçisi Zahid Əzimov bildirdi ki, məntəqə sədrinin açıqladığı rəqəmlə onun hesabladığı rəqəmlər üst-üstə düşmür: “Mənim hesablamama görə, 195 artıq bülleten atılıb. Bir adam 3-4 dəfə səs verir. Barmaqların mürəkkəblənməsində nizamsızlıq var. Bir neçə nəfərin şəxsiyyət vəsiqəsini götürüb səsverməyə gələnlər də var. Bu məntəqədə 1415 seçici qeydiyyatdadır”.

2 saylı məntəqədə C.Həsənlinin müşahidəçisi olan İlham Dadaşov isə dedi ki, seçici fəallığı yüksəkdir, qanun pozuntusu qeydə alınmayıb: “Qeydiyyatda olan 1000 seçicidən 968 nəfər artıq seçkidə iştirak edib”.

Amma Alar sakinləri və digər müşahidəçilər bu rəqəmi inandırıcı saymırlar. 3 saylı seçki məntəqəsində müşahidəçi olan Səxavət Cəfərov söylədi ki, bülletenlərin sayılmasını tələb etsə də, məntəqə sədri buna əməl etməyib. Onun sözlərinə görə, bir şəxs bir neçə nəfərin şəxsiyyət vəsiqəsini götürərək səsverməyə gəlib. Bununla belə, müşahidəçi seçici fəallığını yüksək qiymətləndirdi.

Bundan başqa, Cəlilabadın Adnalı kəndindəki 26 saylı məntəqədə də aşkar saxtakarlığa yol verilib. Hamının gözü qarşısında toplu şəkildə bülletenləri qutuya atıblar. Bu zaman C.Həsənlinin müşahidəçisi Yalçın Qiyasov məntəqə sədri Aslan Fətiyevə öz iradını bildirib. O isə “özümüz bilərik” deyərək “işini” davam etdirib.

***

Günorta saatlarında Alar kəndinin seçki məntəqələrində bir passivlik müşahidə olunmağa başladı. Təqribən saat 13:00-dan 16:00-a qədər səsverməyə tək-tük adamlar gəlirdi. Məntəqələrin qarşısında və içərisində seyrəklik yaranmışdı. Kənd sakinləri bizimlə söhbətdə qeyd edirdilər ki, Alarda hər kəs C.Həsənliyə səs verəcək: “Hakimiyyət Cəmil Həsənlini öz kəndində uduzdurmaq istəyir. Bunun üçün də hər cür saxtakarlığa gedirlər. Biz var gücümüzlə çalışırıq, nəzarət edirik ki, karusel olmasın, bülletenlər atılmasın”.

C.Həsənlinin qardaşı oğlu Orxan Həsənli qəzetimizə açıqlamasında dedi ki, əhali seçkiyə gedib, səhər saatlarında yüksək fəallıq olub: “İnsanların seçkiyə ümidi böyükdür. Ancaq saxtakarlığa yol verirlər. Bu da gözlənilən idi. Əgər şəffaf seçki keçirilsə, YAP məğlub olacaq. Ona görə axıra qədər belə davam edəcəklər. Ölkənin hər yerində olduğu kimi, Cəlilabadın da bütün kəndlərindəki seçki məntəqələrində ”karusel” əməliyyatıdır”.

***

Saat 17 radələrində isə yenidən Alar kəndinin 3 məntəqəsində reyd keçirdik. Kəndin 1 saylı məntəqəsində C.Həsənlinin müşahidəçisi olan Zahid Əzimov artıq 30 nəfərin “karusel”də iştirak etdiyini açıqladı. Onun dediyinə görə, səhər saatları ilə müqayisədə bu vaxta olan seçici fəallığı aşağı düşüb. Müşahidəçi 1415 seçicidən 228 nəfərin səsvermədə iştirak etdiyini vurğuladı. Məntəqə sədri isə iddia edir ki, 1046 nəfər seçkiyə qatılıb.

2 saylı məntəqənin müşahidəçisi İlham Dadaşov isə səhər açıqladığı rəqəmlərə zidd fikir söylədi. Onun dediyinə görə, bu saata qədər 1443 seçicidən 1040 nəfər iştirak edib. Hərçənd səhər 1000 nəfər qeydiyyatda idi və onlardan 968 nəfər iştirak etmişdi. 3 saylı məntəqədə isə müşahidəçi Səxavət Cəfərov 1447 seçicidən 467 nəfərin səs verdiyini söylədi.

Gün ərzində gedən prosesdən müşahidəçilərə istinadən xəbər tutan kənd sakinləri baş verənləri rüsvayçılıq adlandırdılar. Onların sözlərinə görə, C.Həsənlini öz doğma kəndində uduzdurmaq üçün bütün saxtakarlıqlara, qanunsuzluqlara əl atıldı. Kənd sakinləri yekdilliklə eyni düşüncədədir ki, Cəmil Həsənli Alarda ən çox səs alan namizəddir.

***

Nəhayət, saat 19:00-da seçki məntəqələrinin qapıları bağlandı və bülletenlər hesablanmağa başlandı. Müşahidəçilərin verdiyi məlumata görə, səslər sayıldıqdan sonra İ.Əliyevin Alar kəndi üzrə 2531, C.Həsənlinin isə 564 səs aldığı elan olunub. Alar sakinlərinin çoxu isə bunu böyük saxtakarlıq adlandırdılar.

islamtimes

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button