Aktual

Rusiya azərbaycanlıları sumqayıtlı mollaya qəzəbləndilər

“Moskvada və Moskva ətrafında 3 milyona yaxın azərbaycanlı yaşayır. Hamı ehtiyac üzündən buralarda məskunlaşıb. Amma hansısa üzdəniraq molla bizləri burada yaşadığımıza görə kafir adlandırmaqla böyük səhvə yol verir”. Bu barədə Rusiyada yaşayan 100-dən artıq azərbaycanlının Avropa.info-ya daxil olmuş bəyanatında bildirilir.

Sumqayit cümə məscidinin axundu Hacı Rauf Sərdarovun Rüstəm İbrahimbəyovu “donuz əti yeyən kafir” adlandırmasına cavab olaraq yayılmış bəyanatda daha sonra deyilir: “Bu, biz azərbaycanlıların etirazıdır. Xahiş edirik, xalqı qiyama sürükləməyin.

Molla bu sözləri bizə ünvanlamayıb, konkret olaraq Rüstəm İbrahimbəyov haqqında danışıb. Amma Rusiyada Rüstəm müəllim kimi çoxlu sayda Azərbaycan vətəndaşları yaşayır. Rüstəm müəllim kimi, 3 milyona yaxın azərbaycanlı vətənindən didərgin düşüb. Mollanın Rüstəm İbrahimbəyov haqqında danışdıqları Rusiyada yaşayan azərbaycanlı gəncləri qəzəbləndirib”.

Sumqayıt cümə məscidinin axundu Hacı Rauf Sərdarov isə Rüstəm İbrahimbəyov barədə dediklərini boynundan atıb. Avropa.info-ya açıqlamasında Hacı Rauf məsciddə Rüstəm İbrahimbəyov haqqında səsləndirilən fikirlərdən xəbərdar olmadığını deyib.
“Dini etiqad azadlığı haqqında” AR qanununun məsciddə siya təbliğatı qadağan etməsini Hacı Raufa xatırlatdıqda onun cavabı belə olub: “Biz ora yığılmışdıq ki, məscidin tikintisində yardımına görə cənab prezidentə minnətdarlığımızı bildirək. Eldar Əzizovun məsciddə siyasi təbliğat aparmasından və Rüstəm İbrahimbəyovun əleyhinə çıxışlardan xəbərim yoxdur”.

Daha sonra Hacı Rauf “mən sizə sonra zəng edərəm” deyə telefonu söndürüb. Bir müddətdən sonra Hacı Rauf Avropa.info-nun mobil telefonuna “vızov” atıb və sayt əməkdaşının zənginə cavab olaraq deyib ki, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin bəyanatı yayılıb: “Orada məsələyə aydınlıq gətirilib. Qafqaz Müsəlmanları İdarəsinin saytında bəyanata baxa bilərsiniz”. Amma bunun ardından Hacı Rauf dərhal əlavə edib ki, bəyanatı bu gün yox, sabah oxuya bilərsiniz. Yəni Qafqaz Müsəlmanları İdarəsi sabah məsələ ilə bağlı bəyanatla çıxış edəcək.
Xatırladaq ki, məsciddəki mollalardan biri Rüstəm İbrahimbəyovun “donuz əti yeyən kafir” olduğunu əsas gətirməklə onun prezidentliyə namizədliyinə qarşı çıxıb. Çıxışın videoyazısı telekanallarda yayımlanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button