Xəbərlər

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı hesabat

“Heç kəs öz fikrini ifadə etdiyinə görə həbs edilməməlidir”

ABŞ Dövlət Departamenti 2013-cü il üzrə dünyada insan haqlarına dair hesabatını yayıb.
Fevralın 27-də hesabatı təqdim edən ABŞ dövlət katibi Con Kerri deyib ki, bəzi hökumətlər öz xalqının ifadə və sərbəst toplaşmaq azadlığını sistematik şəkildə pozur. “Heç kəs öz fikrini ifadə etdiyinə görə həbs edilməməlidir”, – deyə Kerri əlavə edib.
Hesabatın Azərbaycanla bağlı hissəsinin xülasəsində qeyd olunur ki, 2013-cü ilin 9 oktyabrında keçirilən prezident və 2010-cu ildə keçirilmiş parlament seçkiləri ATƏT-in bir sıra əsas standartlarına cavab verməyib. Ölkədə 50-dən çox siyasi partiya olsa da, prezidentin sədr olduğu Yeni Azərbaycan Partiyası siyasi sistemdə dominantlıq edir.
Sənəddə qeyd olunur ki, separatçılar, Ermənistanın dəstəyi ilə, Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın digər 7 rayonunu hələ də nəzarətdə saxlayır.
Departament il ərzində insan haqları sahəsində Azərbaycanda qeydə alınan daha qabarıq problemlər kimi bunları göstərir:
– Sərbəst toplaşmaq və ifadə azadlığı daha da məhdudlaşdırılıb, o cümlədən jurnalistlər, hüquq müdafiəçiləri, demokratiya fəalları qorxudulub, həbs olunub və zorakılığa məruz qalıb.
– Prezident seçkilərinin rəsmi kampaniya dövrünə qədər hökumət cəmi bir neçə dinc nümayişə razılıq verib. Razılaşdırılmış aksiyalara əsasən əlverişsiz yerlər ayırmaqla maneə yaradılıb, sanksiyalaşdırılmamış aksiyalar zorakılıqla dağıdılıb və nümayişçilər tez-tez həbs olunub.
– İl ərzində qanunvericiliyə QHT-lərin maliyyələşməsi ilə bağlı məhdudlaşdırıcı əlavələr edilib. 9 oktyabr president seçkilərindən sonra isə 2 QHT-yə qarşı cinayət işi açılıb (SMDT və Könüllülərin Beynəlxalq Əməkdaşlığı). SMDT rəhbəri həbs olunub (Anar Məmmədli) və digər təşkilatın rəhbərlərinə ölkədən çıxmaq yasaq edilib.
– Vətəndaşların öz hökumətlərini dinc yolla dəyişmək hüququ əlindən alınıb. 9 oktyabr prezident seçkiləri səsvermə günü də davam edən repressiv siyasi mühitdə keçib, namizədlər üçün bərabər şərait yaradılmayıb, bütün mərhələlər boyu seçki prosesində çatışmazlıqlar olub, şikayətlərə obyektiv baxılmayıb.
Dövlət Departamenti Azərbaycanda insan haqları sahəsində başqa bir problem kimi ordudakı qeyri-humanist davranışı, bəzən hətta həyat üçün təhlükəli olan cəzalandırmaları, özbaşınalığı göstərir. Sənəddə bildirilir ki, il ərzində Azərbaycan ordusunda qeyri-döyüş şəraitində baş vermiş 69 ölüm faktı qeydə alınıb.
Hesabatda məhkəmələrdə ədalətsizliyin baş verməsi, qanunsuz həbslərin həyata keçirilməsi, siyasi motivlərlə həbslər, məhkəmə sisteminin icra hakimiyyətindən asılı vəziyyətə düşməsi, istintaq dövrü üçün uzunmüddətli həbs qərarlarının verilməsi və s. problemlərdə sadalanır.
Sənəddə qeyd olunur ki, vətəndaşlara münasibətdə mülkiyyət toxunulmazlığı hüququna əməl olunmayıb, məcburi köçürmələr zamanı sökülən evlərin sakinlərinə ədalətli kompensasiya verilməyib.
Hesabatda bildirilir ki, ölkədə bütün səviyyələrdə korrupsiyanın geniş yayıldığı haqda deyilənlər əvvəlki kimi qalmaqdadır. Hərçənd, Prezident Administrasiyası Bakıda sosial xidmətlər sahəsində korrupsiyanın səviyyəsini aşağı salmaq üçün əhəmiyyətli addımlar atıb.
Hesabat həmişə olduğu kimi, ayrı-ayrı parametrlər üzrə əhatəli şəkildə və güniş həcmdə hazırlanıb. Onun ən mühüm məqamlarını təqdim etməyə çalışacağıq./azadliq.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button