ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Cahangir Hacıyev dostlarının məhkəməsində ifadə verməyə çağırıldı

Dünyamin Xəlilov ayrılan kreditləri özü mənimsəməsi haqda haqda cinayət işinin materiallarında yazılanları qəbul etmir

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev iki dostu – keçmiş deputat, “General Construction” şirkətinin rəhbəri Dünyamin Xəlilov və Bakı Fındıq Emalı Zavodunun rəhbəri olmuş Azad Cavadovun məhkəməsində dindiriləcək.
Oktyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar verib.
Bu məhkəmədə hazırda Azad Cavadov və Dünyamin Xəlilovun barəsində cinayət işinə baxılır. Onlar vaxtilə Cahangir Hacıyevin verdiyi qanunsuz göstərişləri icra edərək, müxtəlif adamları Beynəlxalq Bankın bankın müxtəlif filiallarına göndərib, adlarına kreditlər rəsmiləşdirərək, həmin vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Cinayət işində bu yolla bankdan götürülmüş ümumilikdə 6 milyon 600 min manatdan artıq pulun mənimsənilməsindən söhbət gedir.
Cahangir Hacıyev
Lakin Azad Cavadov və Dünyamin Xəlilov özlərini təqsirli bilmir. Oktyabrın 16-da məhkəmədə də deyiblər ki, bankda formal kredit rəsmiləşdirilməsinin də, həmin pulların da onlara heç bir aidiyyəti olmayıb.
Azad Cavadov bildirib ki, ona Beynəlxalq Bankdan zəng gəlib, müəyyən layihələr üçün pul lazım olduğu və bu məqsədlə onun rəhbərlik etdiyi Bakı Fındıq Emalı Zavodunun adına kredit rəsmiləşdiriləcəyi bildirilib. Lakin ona deyilib ki, kredit sadəcə, onların adına rəsmiləşdiriləcək, ödənişi özləri həyata keçirəcəklər.
Azad Cavadovun sözlərinə görə, o da razılıq verib, dostu Rauf Şahbazov da bu işə qoşub, onun adına kredit rəsmiləşib. Onun sözlərinə görə, Rauf Şahbazovun adına rəsmiləşmə olsa da, o, bankdan pul götürməyib. Pullar bankın kassasında qalıb.
Azad Cavadov əlavə edib ki, adına kredit rəsmiləşdirilmiş digərlərini tanımır.
Uzun müddət keçəndən sonra – 2015-ci ildə isə öyrənib ki, götürülmüş kreditlər ödənilməyib.
Adıçəkilən Rauf Şahbazov da oktyabrın 16-da məhkəmədə şahid qismində dindirilib. O, Azad Cavadovun dediklərini təsdiqləyərək bildirib ki, onunla 1998-ci ildən yaxın dostdular. Bu üzdən onun sözüylə adına kredit rəsmiləşməsinə razılıq verib. Adına 1750 min manat kredit rəsmiləşdirilsə də, ona 1 manat da pul verilməyib.
Digər təqsirləndirilən keçmiş deputat Dünyamin Xəlilov da ifadə verib. O bildirib ki, Cahangir Hacıyev özü müəyyən layihələrin icrası üçün 3 nəfərin adına kredit rəsmiləşməsini xahiş etmişdi. Sabiq deputatın sözlərinə görə, onların da kredit müqavilələri formal olub, çünki kredit kimi ayrılan pul bankda qalıb.
Dünyamin Xəlilov ayrılan kreditləri özü mənimsəməsi haqda haqda cinayət işinin materiallarında yazılanları qəbul etmir.
Təqsirləndirilən şəxslərin ifadələrindən sonra Əli Məmmədovun sədrlik etdiyi, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası qərar verib ki, Cahangir Hacıyevin özü də məhkəməyə çağırılıb dindirilsin.
Bu iş üzrə növbəti məhkəmə iclası noyabrın 13-nə təyin olunub.
Dünyamin Xəlilov və Azad Cavadov bundan əvvəl də Beynəlxalq Bank işiylə əlaqədar mühakimə olunub və uzun müddətdir ki, həbsdədir. Bundan əvvəlki məhkəmələrində Azad Cavadova 10 il 6 ay, Dünyamin Xəlilova isə 14 il 6 ay həbs cəzası kəsilib. Lakin onlar həmin məhkəmələrində də özlərini təqsirli bilməyiblər.
Cahangir Hacıyev özü də 2015-ci ildən bu yana 2 dəfə məhkum edilib. Ona 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilib. O da özünü təqsirli bilmədiyini, Beynəlxalq Bankdan mənimsənildiyi iddia olunan vəsaitlərin müxtəlif layihələrə yönləndirildiyini deyib.
Cahangir Hacıyev birinci dəfə mühakimə olunanda Azad Cavadovla, ikinci dəfə məhkəmədə isə Dünyamin Xəlilovla birlikdə hakim qarşısına çıxarılmışdı.
Onların uzun illər öncədən dost olduqları bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button