Müsahibə

Zərdüşt Əlizadə: “Müsəlmanlar Qərb demokratiyasının nə qədər saxta olduğunu müşahidə etdi”

“Misirin və bütün Ərəb ölkələrinin tarixində ilk dəfə olaraq demokratik seçkiləri keçirildi və xalq tərəfindən parlament və prezident seçildi. Baş verənlərin hamısı qərbin iddia etdiyi kimi tam demokratik və xalqın iradəsi ilə həyata keçirildi. Lakin bütün seçkiləri uduzmuş qərbpərəst azlıq ordunun köməyi ilə prezidenti həbs edərək dinc şəkildə etiraz edən islamçıları qırmaqla məşğuldur.”

Bu sözləri FaktXeber.com-a politoloq Zərdüşt Əlizadə Misirdə baş verən olayları qiymətləndirərkən söyləyib. Müsahib bildirdi ki, hazırda Misirdəki qırğınlar, həbslər və basqınlar davam edir: “Müsəlman Qardaşlarının liderlərinin əksəriyyəti həkimlər, müəllimlər və professorlardır. Hazırda onların hamısı həbs olunub. Həbs edilənlərin bəzilərini hətta məhkəməsiz belə güllələyirlər. Hökumət artıq bunu etiraf etməyə başlayıb ki, Əbu Zəbəl həbsxanasında 17 nəfər güllələnib.”

Qərbin baş verənləri hərbi çevriliş adlandırmaqdan çəkindiyini bildirən ekspert, “Qərbin qanunlarına görə hərbi çevriliş etmiş hakimiyyətə və inqilablara maliyyə və hərbi yardımlar etmək olmaz. Ona görə də Qərb Misir ordusu tərəfindən həyata keçirilən qətliamları inqilabın davamı və ya dünyəvi dövlət tərəfdarlarının etirazı kimi adlandırır”, – deyə qeyd etdi: “Baş verənlər 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını xatırladır. Belə ki, həmin dövrdə Qarabağ münaqişəsini elə bir formada təqdim etdilər ki, guya ki, Azərbaycanın torpaqları Aydan gəlmiş hansısa işğalçı erməni qüvvələri tərəfindən zəbt olunub. Bununla da Ermənistan məsuliyyətdən azad etmək istədilər. Hazırda da Misirdəki qətliamlar Qərb dövlətləri və ərəb diktatorları hesab edilən Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ tərəfindən dəstəklənir. Halbuki sözügedən ərəb ölkələrində hakimiyyətdə olan diktatorlar ya qardaşını, ya atasını, ya da ki, xalqı zorlayaraq hakimiyyətə gəliblər. ABŞ və Amerika da öz növbəsində qiyamçıları dəstəkləyirlər. Eyni halda İsrail mediası Misirin müdafiə naziri general Əbdül Fəttah Sisini İsrailin xalq qəhrəmanı elan edib.”

Zərdüşt bəy onu da bildirdi ki, hazırda Müsəlman Qardaşları Təşkilatının məhv edilməsi istiqamətində işlər aparılır: “Artıq qiyamçıların təyin etdiyi baş nazir Xazim Əl-Bəblavi Ədliyyə Nazirliyinə Müsəlman Qardaşlarına məxsus olan Hürriyyət və İnkişaf Partiyasının qeydiyyatının ləğv edilməsinə dair göstəriş verib. Nəticədə isə Misir xalqının problemləri daha da çoxalacaq. Hərbi çevriliş edənlər Misir xalqına rifah və əmin-amanlıq gətirə bilməyəcəklər. Ona görə ki, indiyə qədər onlar hakimiyyətdə ola-ola Misiri qarət etməklə məşğul idilər. Bununla da müsəlmanlar Qərb demokratiyasının nə qədər saxta və yalançı olduğunu müşahidə etdi. Misir xalqının yalnız yeganə çıxış yolu qalıb ki, o da silahlı müqavimətdən ibarətdir.”

“Proseslərin sonunu necə görürsünüz”, – sualını da cavablandıran politoloq, “bununla da Qərb müsəlmanlara göstərdi ki, onların demokratiya və digər dəyərləri nisbidir. Artıq Qərb iddia etdiyi və tərəfdarı olduğu dəyərlər müsəlman arasında gözdən düşdü ”, – deyə bildirdi: “Özlərini Qərbçi adlandıran istismarçı qüvvələr vətəni satmaqdan, xalqın pulunu oğurlamaqdan və milləti istismar etməkdən əl çəkməyəcəklər.”

http://abna.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button