ArxivFatimi yaşayişIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Xanım Zəhranın (s.ə.) dünyaya mesajı

Xanım Zəhranın (s.ə.) şəhadət günlərini yaşayırıq. Bəşərin bu Xanıma matəm saxlaması İslam dinində şəxsə verilən dəyərlər müstəvisində gerçəkləşir deyə Zəhra (s.ə.) aşiqləri əsrlər ötməsinə baxmayaraq Fatimənin (s.ə.) şəhadət əzasını bu günlərdə tutmaqdadırlar. Əlbəttə, Fatiməni (s.ə.) tanımaq bu matəmə, həqiqi Zəhra (s.ə.) xəttinin dərkinə və onun davamlı izlənməsinə gətirib çıxaracaq əsas amildir. Buna görədir ki, onun həyatı, düşüncəsi, ibadəti, ailə davranışı, mübarizəsi də daxil olmaqla bütünlükdə həyat hekayəsi durmadan araşdırılaraq ümmətə təqdim edilir.
Bu istiqamətdə cildlərlə kitablar yazılmış, bir çox İslam mütəfəkkirlərinin çıxışları xanımın həyatının ən incə nöqtələrini aydınlatma istiqamətində cəhddir. Fatimənin (s.ə.) İslam ümmətinə nə kimi dəyərli olmasını söyləyən Quran ayələrindən hədislərə qədər çoxsaylı nümunələr həqiqətən də heytətamizdir. Mövzuya nöqtə olaraq İmam Həsən Əskərinin (ə) dediyi bir hədis ona sadə dildə ən gözəl nümunədir.
Hədis buyurur: “Biz İmamlar Allahın insanlar üzərində höccəti olduğumuz kimi, anamız Fatimə (s.ə.) də bizim üzərimizdə Allahın höccətidir.” Olduqca geniş izaha ehtiyac duyulan bu hədisin elə adi ağılla dərk olunan ifadəsi, bu xanımın kimliyi haqda hədsiz böyük sözlər söyləyir. Hədis bütünlükdə Fatimənin (s.ə.) davranışını tam olaraq  məsum imamların davranışı kimi hər bir Əhli-beyt (ə) aşiqinə höccət, araşdırılmalı məsul dəyər olaraq təqdim edir. Məhz bu məntiqdən çıxış edərək şəhadəti yaşanan bu günlərdə Fatmə (s.ə.) ilə bağlı bir məqam, onun günümüzə qədər özünün istəyi ilə məzarının gizli qalması mövzusuna kiçik də olsa diqqət çəkmək istədik.
Tarixdən bilənlərə bir daha xatırlatma olaraq Zəhranın (s.ə.) şəhadəti anlarında vəsiyyətindən bir neçə cümləni qeyd etmək istərdik: “Əli, mənə gecə ikən qüsul ver, özün cənazə namazımı qıl və mənə gizlində bir məzar qaz. Heç kəsin məzarın yerini bilməməsi üçün yalnız ən yaxın adamlarının yardımı ilə məni dəfnə apar…”
Bu ifadələr çox üzcü və ağrılıdır. Eyni halda kəlmələrdə yatan qəribə bir sual “niyə?” deyə fəryad edir. Axı  o, İslam dünyası rəhbərinin tək qız övladı ikən niyə dəfnini gizlin, məzarını pünhan istəsin?! Bu mövzuya yetərincə geniş izah verən İslam mütəfəkkürləri var, olub və olacaqda. Şübhəsiz bəziləri bunu Fatimənin (s.ə.) o dövrün xilafət qəsbkarlarından xəyanətkar ümmətinə qədər hər kəsdən küskünlüyü ilə də əlaqələndirirlər və du fikir doğrudurda. Lakin bu sonraki ümmətin Fatimənin (s.ə) məzarının ziyarətindən məhrum olmasına səbəb ola bilərdimi? Fatimə (s.ə) o zamanın insanlarına qarşı küskün idisə, sonrakılar Fatimənin (s.ə) ziyarətinə niyə həsrət qalmalı idilər? Məlumdur ki, gizlin dəfn təkcə küskünlüklə yekunlaşmır. Zəhra (s.ə.) bu addımı ilə gələcək nəsillərə hamının araşdırmasına səbəb olan bir mesaj da vermək istəyir. Elə bir mesaj ki, nəsillərin dəyişməsinə baxmayaraq aktuallığı dəyişməyəcək bir çağırışdır. Elə bir çağırış ki, məsumlara höccət olan şəxsin davranışı məsumların həyat hekayəsində də əks olunaraq görünsün.
Belə olan halda bu nə idi? 
Şübhəsiz, bunun üçün Zəhra (s.ə.) missiyası araşdırılmalıdır. Diqqət olunduğu zaman Allah Rəsulundan (s) sonra qısa bir zaman ömür sürən Fatimə (s.ə.) öz yaşam tərzi ilə mübarizəvi bir səlnamə canlandırır. Peyğəmbərin (s) rehlətdən sonrakı üç aya yaxın bir zamanda onun həyatı tamamən zülmə qarşı mücadilə, haqqın-həqiqətin müdafiəsi mərkəzinə gəlir. Hər kəsin xəyanəti ilə üzləşən bir ailə və güclü hakimiyyətin ordusundan mediasına qədər əlində resusları olan əks tərəf. Az bir tərəfdarla Əli (ə) ailəsi və tərəfdarları, eyni halda ümmətin xəyanət oxu, dünya sevgisi və qorxu mühitində əzilən inanclılar.
Fatimənin (s.ə.) missiyası, bu günə qədər uzanan çağırışı da həyatın təkcə o dönəminə deyil, sonrakı zamanlara da aid bir çağırış olaraq təqdim edilirdi. Hansı ki, İmam Hüseyn (ə) davamında, Kərbəlada “Mənimkimilər səninkimilərə…” deməklə eynən tarixin bütün səhifələrini çevirirdi. Zəhra (s.ə.) mesajı ilə düşmənin rəzilliyini, onun iyrənc xislətini göstərmək üçün susmaq, gözləmək, dayanmaq deyil, əlində olan hər bir vasitədən istifadə etməklə onun kimliyini tanıtmaq və batilin üzündəki yalançı haqq pərdəsini yırtmaqda idi.
Fatimə (s.ə.) bunun üçün rahat həyatın bütün mümkün gözəlliklərinə arxa çevirdi. Üzünə zərbə dəydi, qapısı yandırıldı, haqqı olan Fədəki əlindən alındı, bətnində körpəsi öldürüldü… Lakin o zülmün tanıdılması, onun həqiqətinin ifşası yolunda bütün imkanlarını səfərbər etməkdə bir anlıq tərəddüd etmədi. Sonunda isə buna gizli qalan məzarı ilə böyük bir sual işarəsi qoyaraq insanlığa çağırışla ömrünə son verdi. Bu addımı ilə məsum bir xanımın ümumbəşər missiyası, ardıcıllarına zəiflik, tənhalıq, düşmənin güclü olması deyil, haqqın yaşaması üçün mətin bir mübarizəni miras qoydu. Zəhra mirası. 
Müsəlman Birliyi Hərəkatının Təhlil Mərkəzi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button