ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Vəkil: Bəxtiyar Hacıyev tez-tez huşunu itirir, başı hərlənir, gözü qaralır

insan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 22 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.
Yanvarın 28-də vəkillər Zibeydə və Elçin Sadıqovların Bəxtiyar Hacıyevlə görüşünə imkan verilməyib. Vəkillər bildirib ki, onlara təcridxanada dezinfeksiya işləri aparıldığını və bu səbəbdən görüş olmayacağını bildiriblər.
Bəxtiyar Hacıyev yanvarın 29-da ailə üzvləri ilə telefonla danışa bilib və yanvarın 28-də təcridxanada dezinfeksiya aparılmadığını bildirib.
“Mənim telefon danışığıma da imkan vermirdilər. Bu zaman quru aclığa keçməyimlə bağlı ərizə ilə müraciət etdim və bundan sonra telefon danışığıma icazə verdilər”, o ailəsi ilə telefon danışığı zamanı deyib.
Hacıyev vəkillə görüşünə imkan verilməməsinin, ailəsi ilə telefon danışığına maneə yaradılmasının səbəbləri barədə danışmayıb.
“Biz, ailəsi hesab edirik ki, Bəxtiyara psixoloji təsir edirlər. Təbii ki, bir aydan çoxdur aclıq edən insana psixoloji təzyiq əsəb gərginliyi yaradır”, ailəsindən Amerikanın Səsinə deyiblər.
Bu gün, yanvarın 30-da “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı növbəti dəfə Ombudsman Səbinə Əliyevaya müraciət edərək 22 gündür aclıq edən Bəxtiyar Hacıyevə baş çəkməsini, səlahiyyətləri çərçivəsində problemə müdaxilə etməsini xahiş edib.
“Bəxtiyar Hacıyev müayinə və müalicə məqsədilə özəl klinikaların birinə köçürülməlidir. Həkim Adil Qeybulla yenidən Bəxtiyarı ziyarət etməlidir. Vəziyyəti çox ağırdır. Rəsmi dairələrin eyninə deyil. Hökumət Bəxtiyarı ölümə tərk edib. Faciəvi vəziyyətlə qarşılşa bilərik” , hüquq-müdafiə təşkilatının müraciətində deyilir.
Bununla yanaşı, Ombudsman Aparatı ombudsmanın Bəxtiyar Hacıyevə baş çəkib-çəkməyəcəyi ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Vəkil Zibeydə Sadıqova yanvarın 30-da Bəxtiyar Hacıyevlə görüşdən sonra Amerikanın Səsinə deyib ki, Hacıyevin səhhəti daha da ağırlaşıb.
“Bəxtiyar artıq 36 gündür aclıq edir. 14 gün əvvəldən, bir-iki gün fasilədən sonra yanvarın 9-dan yenidən aclığa başlayıb və artıq 22 gündür aclıq edir. Vəziyyəti yaxşı deyil, günü-gündən pisləşir. Çəkisi yenə bir kiloqram azalıb, 71 kiloqrama (təcridxanaya qəbul ediləndə 84.5 kiloqram olub) düşüb. Tez-tez huşunu itirir. Mənimlə danışanda da başı hərləndi, gözü qaraldı. Biz dayandıq ki, o özünə gəlsin. Dedi ki, belə hallar tez-tez olur. Əllərində, əzələlərində keyləşmə olur. Hətta ötən beşinci və altıncı gün əlləri buz kimi olub, yumruğunu belə sıxa bilməyib. Həkim deyib ki, bu hallar sinirlə bağlıdır, aclıq etdiyinə görə belə fəsadlar yaranıb. Həkim bildirib ki, aclıq davam etdirilsə yaddaşını da itirəcək, diqqət dağınıqlığı da olacaq. Amma diqqət yayınıqlığı artıq var, danışanda hərdən fikri qarışır, nə danışdığını unudur. Ondan yanvarın 26-da qan analizi götürmüşdülər. Həkim nəticələrini deyib. Deyib ki, qanda maqnezium, şəkər və kalsium çox aşağıdır, bədəndə minerallar tamamilə qurtarıb. Qanda şəkər gösəricisi 56-dır və bu normadan çox aşağıdır. Nəbzi 68, bəzən də 78 olur. Mədəsində də dəhşətli yanğılar, ağrılar var. Həkim deyib ki, bu mədə xorasının başlanğıcıdır. Qan təzyiqi də aşağıdır, 90/60-dır”, vəkil Amerikanın Səsinə deyib.
Vəkil bildirib ki, Hacıyevin təcridxananın tibb-sanitar hissəsindən müalicə müəssisəsinə köçürülməsi vacibdir.
“Çünki, həftənin şənbə və bazar günləri təcridxanada həkim olmur. Təsəvvür edin ki, şənbə günü Bəxiyarın dəhşətli mədə ağrıları olub. Hətta ona ağrıkəsici verilməyib. O, hər an huşunu tam itirə bilər”.
Vəkil ötən həftəinin şənbə günü Bəxtiyar Hacıyevlə görüşə buraxılmamasının səbəbləri ilə bağlı deyib ki, ona rəsmi qaydada təcridxanada dezinfeksiya işləri aparıldığını deyiblər. Amma, Bəxtiyar Hacıyev vəkilə bildirib ki, şənbə günü hər hansı dezinfeksiya işləri aparılmayıb.
“Mənə rəsmi qaydada dedilər ki, xəstəliklə bağlı həftənin şənbə günləri təcridxanada dezinfeksiya işlər aparılır. Bu səbəbdən şənbə və bazar günləri müstəntiqlər və vəkillərin təcridxanaya buraxılması dayandırılıb”, o qeyd edib.
Zibeydə Sadıqova Bəxtiyar Hacıyevlə bağlı istintaq işlərinin aparılmadığını da deyib.
“Sonuncu dəfə yanvarın 13-də Bəxtiyarla bağlı istintaq işi olub”.
O, Hacıyevin telefon danışıqları ilə bağlı probleminin artıq aradan qaldırldığını bildirib.
Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 22 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib
Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə “Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button