ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyəli jurnalist “prezidenti təhqir etmə” ittihamı ilə həbs edilib

Sedef Kabaş işlətdiyi “Öküz saraya girərsə kral olmaz, saray tövlə olar” ifadəsinə görə hədəfə alınıb

Yanvarın 22-də Türkiyədə jurnalist Sedef Kabaş “prezidenti təhqir etmə” ittihamı ilə həbs edilib. Türkiyə mətbuatının yazdığına görə, Sedef Kabaş Sülh Cəza Məhkəməsində bildirib ki, onun proqramda işlətdiyi ifadə atalar sözüdür: “Mən hətta orijinal sözü dəyişdim və istifadə etdim. Buradan da anlaşıldığı kimi, mən təhqir etmək fikrində deyiləm. Demək istədiyim odur ki, cəmiyyəti əhatə edən, birləşdirən üslub olmalıdır. Bunu vurğulamaq istədim”. Jurnalist ittihamı qəbul etmədiyini söyləyib. “Mən azadlığa buraxılmağı tələb edirəm”, – deyə o bildirib. Sedef Kabaş qatıldığı televiziya proqramında bunları deyib: “Taclanan baş ağıllanır deyə bir ifadə var. Amma görürük ki, gerçək deyilmiş. Ya da tam əksi bir ifadə var, onu söyləməyim, iribuynuzlu heyvan deyim. İribuynuzlu heyvan saraya girərsə kral olmaz, əksinə girdiyi yer tövlə olar”. Kabaş sosial şəbəkədə hədəfə alındıqdan sonra bu sözün çərkəz atalar sözü olduğunu paylaşıb. Atalar sözündə “iribuynuzlu heyvan” deyil, “öküz” sözü işlədilir. Bunun ardınca jurnalist gecə saat 2 radələrində evində saxlanılıb.

Onun ədliyyədəki əməliyyatları tamamlandıqdan sonra Bakırköy Qadın Qapalı Cəzaçəkmə Müəssisəsinə göndərilib.
Məhkəmədə Kabaşın vəkili Uğur Poyraz müvəkkilinin ifadəsi ilə razılaşaraq, “Sedef Kabaşın qaçmaq, sübutları gizlətmək imkanı yoxdur, sübutlar toplanıb. Qəzəbi oyatmaq deyə bir şey yoxdur. İnanıram ki, məhkəmə düzgün qərar verəcək. Müvəkkilim daimi sakindir, onun azadlığa buraxılmasını tələb edirik. Əgər hakim əksini düşünürsə, biz məhkəmə nəzarəti qərarının verilməsini xahiş edirik”, – deyə o bildirib.

Növbətçi hakim isə həbs qərarı çıxarıb.

Vəkil Uğur Poyraz məhkəmə qərarını “Türkiyədə ifadə azadlığını məhdudlaşdıran bu təcrübə insanlara edilən zülmün təzahürüdür”, – deyə qiymətləndirib. Vəkilin sözlərinə görə, jurnalistin həbs səbəbi son dərəcə qeyri-müəyyəndir: “Çünki Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra nə Sedef Kabaşın, nə də başqasının prezidenti təhqir etdiyinə görə həbs olunması mümkün deyil. Lakin məhkəmələr nə Avropa Məhkəməsinin, nə də Konstitusiya Məhkəməsinin qərarlarını tanınmamaqda israrlı olduqları üçün bu gün də eyni həbs qərarı çıxarıblar. Nə qaçmaq, nə dəlilləri qaraltmaq şübhəsi, nə də çağırılanda gəlmədiyi halda həbs olunması qanun adına çox ciddi biabırçılıqdır. Çox ciddi səhvdir”. Uğur Poyraz ümid edir ki, ədalət bu səhvdən dönəcək və Sedef Kabaşa azadlığını ən qısa zamanda qaytaracaq. Prezidentin sözçüsü İbrahim Kalın, Kabaşın fikirlərinə “Prezidentimizə və Prezidentliyə qarşı təhqiramiz sözlər bunu deyən adamın pafoslu və azğın vəziyyətini ortaya qoydu” sözləri ilə reaksiya verib: “Onun prezidentliyi alçaq sözlərlə hədəfə alması müxalifətçilik deyil, əxlaqsızlıq və vulqarlıqdır. Biz bu əxlaqsızlığı pisləyirik”. Kommunikasiya direktoru Fahrettin Altun da Kabaşın sözlərini ən sərt şəkildə qınadığını ifadə edərək, “Bu, təkcə əxlaqsızlıq deyil, həm də siyasət, müxalifət və jurnalistika adına məsuliyyətsizlikdir”, – deyib.

Demokrat Partiyasının sədri Gültəkin Uysal isə jurnalistin həbsinə görə hökuməti tənqid edib. “Sən qorxursan! Qorxun artdıqca, zülmün də artır”, deyən Uysal, “FETÖ-çülərdən miras qalan üsullarla, gecəyarısı saxlama və həbslərlə jurnalistləri, siyasətçiləri, vətəndaşları qorxudacağını düşündün, amma bacarmayacaqsan”, – deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button