ArxivNardaranXəbər lentiXəbərlər

Taleh Bağırzadə: Mən İlham Əliyevə sözümü deməyi bacarıram

”Cəsarətləri yoxdur, heç olmasa sussunlar”

“Mən altı dəfə ürək əməliyyatı keçirmişəm. Özüm həkim işləyirəm. Məni çağıranda elə bildim işimlə bağlıdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müstəntiq biləndə ki, həkiməm, məndən bir neçə məsləhət aldı. Mən də dedim: “oğlum, evlən keçəcək”. Daha sonra məndən Taleh Bağırzadəni tanıyıb -tanımadığımı soruşdular. Mən də tanımadığımı dedim. Sonra Fuad Qəhrəmanlını soruşdular. Mən də layiqli bir vətəndaş kimi tanıdığımı dedim. Onun hansı statusuna nə şərh yazmışam, xatırlamıram”.

Bu sözləri noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində ifadə verən Hüseynbala Mehdiyev deyib.

“Desinlər, şərh yazan tutulacaq, işimizi bilək”

Nardaran hadisələrinə görə həbs olunan Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Hüseynbala Mehdiyev deyib ki, o, hansı statusa şərh yazdığını dəqiqləşdirə bilməyib: “Hər şeyin seçki ilə olmasının, seçkiyə vətəndaşların getməsinin tərəfdarıyam və bu, mənim mövqeyimdir. İfadə verən zaman mənimlə çox yaxşı rəftar etdilər. Sonra dedilər ki, oxu və imzala. Lakin eynəyim evdə qaldığı üçün oxuya bilmədim və imzaladım. Müstəntiq səmimi danışırdı, inandım. Bir şərhə görə mənə bu qədər stress yaşatdılar. Buraya niyə gəldiyimi və nəyə görə ifadə verdiyimi hələ də anlamıram”. O, həmin hadisədən sonra heç bir statusa şərh yazmadığını da deyib: “Desinlər, şərh yazan tutulacaq, işimizi bilək. Sonra axtardım, lakim yazdığım şərhi tapa bilmədim. Ola bilsin siliblər”
F. Qəhrəmanlı isə deyib ki, istintaq tərəfinin şahidlərinin ifadələrindən ittihamın nə qədər absurd olduğu görünür:”Bir rəyə görə adamları istintaqa çağırırlar. Bu hakimiyyət yalan söz üzərində, şər üzərində qurulduğu üçün ermənidən çox haqq sözdən qorxurlar”.

Şahid: “İfadəmi oxumadan imzalamışam”

Daha sonra şahid qismində Nardaran sakini Xəqani Dadaşov ifadə verib. Balıq alveri ilə məşğul olduğunu deyən şahid istintaq zamanı verdiyi ifadəni oxumadan imzaladığını deyib. Bildirib ki, Nardaran qəsəbəsində baş verən hadisədən telefonla xəbər tutub. Onun ifadələrində ziddiyyət olduğu üçün istintaqa verdiyi ifadəsi elan edilib. O, istintaqa deyib ki, Taleh Bağırzadə hər kəsi silahlanmağa və dövlətə qarşı qalxmağa səsləyib: “Deyirdi ki, dini dövlət qurmaq lazımdır. “Müsəlman Birliyi” Hərəkatının üzvü kimi mənə vəsiqə vermişdilər. Biz elə bilirdik Taleh Bağırzadə bunu dini təbliğat və bizim yaxşılığımız üçün edir. Sonradan bildik ki, onun məqsədi təxribat və bizi prezidentə qarşı qaldırmaq olub. Taleh Bağırzadə və ətrafındakıların pis niyyətlərini anladığım üçün vəsiqəni cırıb atdım və onlardan uzaqlaşdım. Ötən il noyabrın 25-də Əbülfəz Bünyatovun evinin yanından keçəndə gördüm ki, silah və partlayıcı maddələr yığırlar. Deyirdilər, polislər kəndə gələndə hücum edəcəklər. Sonra eşitdim ki, Talehin adamları polisləri öldürüblər “.

O, ifadəni təsdiq etməyib və belə ifadə vermədiyini, ifadəni oxumadan imzaladığını deyib.

“Sərdar Bünyadova təzyiq edilib”

Hakim Əlövsət Abbasov bildirib ki, Taleh Bağırzadənin müraciət kitabçasının alınması üçün istintaq orqanına göndərdikləri sorğuya cavab olaraq həmin kitabça məhkəməyə təqdim edilib. O, vəkillərin istədikləri vaxt onunla tanış ola biləcəklərini deyib.

İclasda çıxış edən Abbas Hüseynov isə deyib ki, deputat Ağacan Əbiyev İslam dini və peyğəmbər əleyhinə müsahibə verib.

Taleh Bağırzadə isə bildirib ki, A.Əbiyev Nardaran hadisələrindən danışıb: “Bu cür adamların təfəkkürünün nəticəsində Nardaran hadisəsi baş verdi. Mən uşaq vaxtı boksla məşğul olmuşam. O zaman Ağacan Əbiyev Boks Federasiyanın sədri idi. Yəqin cavanlığında başına çox zərbə dəyib”. Hakim isə onların çıxışını dayandıraraq bildirib ki, danışdıqlarının məhkəməyə dəxli yoxdur.

Daha sonra hakim bildirib ki, Sərdar Bünyadov və digər bir neçə şahid məhkəməyə teleqram vurublar: “Onlar istintaqa verdikləri ifadəni təsdiq ediblər. Məhkəməyə gəlmək istəmirlər”.

T.Bağırzadə isə deyib ki, S.Bünyadova təzyiq edilib. O, şahidlərin dindirilməsini istəyib.

F.Qəhrəmanlı isə prosesin uzadılmasına etiraz edib. Bildirib ki, şahidlər məcburi gətirilib dindirilə bilər. Hakim isə deyib ki, məcburi gətirilmə üçün polis idarəsinə müraciət edilməlidir. Lakin bu, ötən dəfə problem yaratdığı üçün şahidləri özləri məhkəməyə çağırırlar.

Daha sonra hakim bildirib ki, təqsirləndirilən şəxslərin istintaq zamanı polis əməkdaşlarının Mehriban Əliyevaya qarşı nalayiq ifadələr işlətmələri haqqında bildirdikləri məsələ ilə bağlı prosesin sonunda müvafiq qurumlara məlumat göndəriləcək.T. Bağırzadə isə deyib ki, onun adından istintaq orqanı tərəfindən yazılan müraciət kitabçasında “Oğru İlham” ifadəsi yer alıb: “Bu Ramil Usubov ya başqasının göstərişi ilə edilib. Cəsarətləri yoxdur, heç olmasa sussunlar. Mənim adımdan danışmasınlar. Mən lazım olanda İlham Əliyevə sözümü deməyi bacarıram”.

Proses noyabrın 16-da davam edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button