ArxivXəbərlər

Mənzil bazarında fantastik qiymətlər

Bakının mərkəzində 2 otaqlı evlərin qiyməti 500 min manata qədər yüksəlib, orta statistik vətəndaş yemək və sudan imtina etsə, Pirallahıda 1 otaqlı mənzili 8 ilə, Yasamalda isə 30 ilə ala bilər.

Fevralda paytaxtın təkrar mənzil bazarında qiymətlər 3,5 faiz artıb. Buna səbəb “Sovetski” küçəsində söküntülər və elektron KİV-dəki ajiotajdır. Əgər Füzuli, Bədəlbəyli və Mirzağa Əliyev küçələrindəki (“Qış bulvarı” ərazisi) söküntü kəskin, 20-40 faizlik artımla nəticələndisə, indi isə qiymət süni şəkildə, ancaq tədricən artır. Ən başlıcası isə qiymət artımına hələ söküntüyə başlamamış start verilib.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinqi göstərib ki, təkrar mənzil bazarında vəziyyət ciddi dəyişməyəcək, çünki 2013-cü ildə ARDNŞ 149 çoxmənzilli evə (30 min 374 mənzil) qaz verib.
“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədr müavini Rövşən Ağayev “Turan”a bildirib ki, onsuz da şişirdilmiş olan təkrar mənzil bazarında qiymətlər ikinci rübün ortalarında yenə artacaq. Tikinti materialları da bahalanır. Bu isə təkcə paytaxtdakı söküntülərlə bağlı deyil.
O, hesab edir ki, Bakıda 2 otaqlı mənzil 40-500 min manatdır. Ona görə orta qiymətdən danışmaq çətindir. Bank sistemində ipoteka kreditləşməsindəki zəifləmə (indi mənzilin 40 faizi qədər depozit, 700 manata qədər maaş haqda arayış tələb olunur) nəticəsində evlər 15-20 faiz bahalaşacaq.
Fevralda təkliflə tələb uyğun idi. Bakının ən cəlbedici rayonları Səbayel və Xətaidir. Əvvəllər ən cəlbedici rayonlar olan Yasamal, Nərimanov, Nəsimi indi onlardan geri qalır. Fevralda təklif portfelinin 79 faizi Səbayel və Xətai rayonlarının payına düşüb. Tendensiyanın əsas səbəbi budur ki, yeni evlər satılaraq təkrar bazar yaradır, bu rayonlar ipoteka krediti üçün əlverişlidir.
2 və 3 otaqlı mənzillərə daha çox tələbat var. Nəqliyyata yaxınlıq prioritet olaraq qalır. Bakıxanov qəsəbəsində metrodan 1 kilometr məsafədə 2 otaqlı ev 70 min manatdır. Əhmədlidə metronun çıxışında belə ev 85 min manatdır.
Ekspert qeyd edib ki, pul yığımı artdığı üçün 2-3 otaqlı mənzillərə tələbat çoxdur (55 faiz).
Ötən ay ölkənin başqa iri şəhərlərində də təkrar mənzil bazarında qiymətlər artıb. Hərçənd onlarda söküntülər yoxdur. Ekspertlər belə hesab edir ki, mənzil bazarının bütün seqmentlərdə, hətta mənzil kirayəsində də qiymətlər yüksəkdir. Rəsmi versiya görə, bunun obyektiv səbəbi əhalinin gəlirlərinin artmasıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə adambaşına orta gəlir 3 min 705,7 manat olub. Hesablamanın özü qüsurludur. Rəsmi statistika 120-170 manat alan pensiyaçıları yüz milyonlarla qazancı olan oliqarxlarla bərabər göstərir.
Rəsmi statistikanın məntiqinə görə, orta statistik vətəndaş yemək və sudan imtina etsə, Pirallahıda 1 otaqlı mənzili 8 ilə, Yasamalda isə 30 ilə ala bilər.
Halbuki əhali gəlirlərinin 64,3 faizi ərzaq məhsullarının alınmasına və xidmətlərin göstərilməsinə, 10,1 faizi isə vergi, rüsum və s. xərcləyir. Yəni bu hesabla vətəndaş mənzil almaq üçün 100 il işləməlidir. Təbii ki, bu halda rəsmi statistikanı mötəbər mənbə hesab etmək olmaz.
İlkin mənzil bazarında qiymətlərin kəskin artımına əsas subyektiv səbəb müxtəlif dövlət qurumlarının (Bakı şəhər İcra Hakimiyyəti, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s.) yeni tikililərin hər kvadrat metrinə görə “rüsum” ödənilməsidir. Tikinti şirkətinin sahibləri etiraf edir ki, bir kvadrat metrin maya dəyərində belə “rüsum”ların həcmi 200-300 manat arasında dəyişir.
Bu paytaxtın kənar rayonlarında olan göstəricidir. Mərkəzə yaxınlaşdıqca bu göstərici sürətlə artır. Metronun “İçərişəhər”, “28 May”, “Sahil” və “Nizami” stansiyalarının ətrafındakı yeni tikililərdə isə bu rəqəm 500 manata qədər yüksəlir. Yeni tikililərin belə sürətlə bahalaşması köhnə mənzillərin də qiymətinin eyni templə bahalaşmasına gətirib çıxarır.
Bununla yanaşı, orta və iri çaplı məmur korpusunun mənzil kolleksiyası toplamaq xəstəliyi də bazarda qiymət artımına səbəb olur. Pullarını biznesə yatırmağa risk etməyən məmurlar daşınmaz əmlak bazarına üz tutur və çoxsaylı mənzillərə sahib olur.
Adının açıqlanmasını istəməyən, mərkəzdə mənzil alqı-satqısı ilə məşğul olan firmalardan birinin icraçı direktoru bildirir ki, onların müştəriləri əsasən məmurlardır. Onlar mütəmadi olaraq mənzil alır və mənzil kolleksiyalarını zənginləşdirirlər. İcraçı direktor belə hesab edir ki, Bakıda 3 minə yaxın mənzil kolleksiyası olan məmur qrupu var (nazir müavinləri, baş idarə, idarə rəisləri, hakimlər, hüquq-mühafizə sistemində məsul vəzifədə çalışanlar, iri dövlət müəssisələrinin rəhbər şəxsləri və s.).
Onların hər birinin kolleksiyasına ən azı 10-15 mənzil daxildir, hətta 50-60 mənzil sahibi olanlar da var. Bu bazarda tələbi artıran, qiymət artımını stimullaşdıran bir tendensiyadır. Əgər bu təbəqə olmasa, bazarda qiymətlər ən azı 20-30 faiz ucuzlaşa bilər. Ancaq istənilən halda mənzillərin qiyməti əhalinin gəlirlərinə adekvat deyilsə, onda daşınmaz əmlak bazarının böhranı qaçılmazdır. Ona görə də belə yüksək qiymətlər uzun müddət davam gətirə bilməz./Musavat/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button