Azərbaycanlı tanınmış politoloq noyabrın 11-də başlanacaq COP29 konfransının ölkə üçün faydasız və hətta ziyanlı tədbirlərdən biri olduğunu vurğulayıb.
Ərəstun Oruclu özünün feysbuk hesabında bildirib ki, COP29 kimi tədbirlrin nə ölkəyə, nə xalqa, nə də Azərbaycanın beynəlxalq imicinə zərrə qədər də xeyri yoxdur. Əksinə, ancaq hər mənada ziyan vururlar.
Oruclu soruşub: “Avropa Oyunları, Eurovision və ya elə illərdir əbədi bəlaya çevrilmiş Formula-1 Azərbaycana nəsə bir xeyir verib? Verməyib, verə də bilməz, çünki bunların hamısı ev sahibliyi edən ölkələrdə bir ovuc insanın marağına xidmət edən pul maşınıdır”.
Politoloqun yazdığına görə, bu gün COP29 keçirilməsi nəzərdə tutulan stadion Avropa Oyunları üçün tikiləndə orada istifadə olunmuş kilometrlərlə kabelin hər metrinin qiyməti 18-20 dəfə baha göstərilmişdir. Bu, hələ cəmi bir bənddir. Bütün bu tipli tədbirlərin nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyan haqqında onlarla misallar gətirmək olar.
Müəllif qeyd edir ki, belə tədbirlərin keçirilməsi nəticəsində ölkənin kiçik və orta sahibkarlıq subyektlərinə, iqtisadiyyatın nəqliyyat, ticarət və digər sahələrinə dəyən birbaşa və dolayı ziyanları da hesablayırlar. Lakin onların miqyası ilə Azərbaycanda heç kim maraqlanmır.