ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bölgələrdə bankların kredit faizi Bakıdan yüksəkdir

Azərbaycanda əhaliyə ən bahalı kredit Şamaxı, İsmayıllı, Ağsu və Qobustanda təklif edilir

Füzuli sakini Adil Məmmədov deyir ki, bir il öncə, oğlunun toyu ərəfəsində bankdan kredit götürməli olub. Nə az, nə çox, 7 min manata ehtiyacı yaranıb. Əvəzində 8 min 400-ə yaxın məbləğ qaytarmalı olub. Deyir, orada faizlərlə yanaşı, başqa ödənişlər də üstünə gəlir və məbləğ qalxır:
Yuvarlaqlaşdırıb deyirəm bu rəqəmi. Hələ ödəyib bitirə bilməmişik. Toydan əvvəl evi təmir etdirdim, materialı nisyə götürdüm, ustaya da dedim ki, toydan sonra pulunu verəcəm. Haradasa 10 mindən çox edirdi. Toyda istədiyim kimi pul yığılmadı, üstünü düzəltmək üçün kredit götürməli oldum. Altı ay normal ödədim, iki yerdə işləyirdim. İşimin birini itirəndən sonra ödəmələri etmək çətinləşdi”.
Adil Məmmədov deyir ki, sonra oğlu öz adına başqa bankdan kredit götürüb. Krediti kreditlə bağlayıblar:
“İndi digər krediti ödəməyə çalışırıq. Ümumi 2 min 100 manata yaxın əlavə pul ödəməli olmuşuq. Ailəmizin aylıq gəliri hardasa 780 manatdır. Faizlər üç aylıq gəlirimizə bərabərdir”.
Azərbaycanda əhaliyə ən bahalı kredit Şamaxı, İsmayıllı, Ağsu və Qobustanda təklif edilir – 19.6 faizlə.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, növbəti yüksək faizli kreditlər Qarabağ iqtisadi rayonundadır. Yəni Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarındakı banklar krediti orta hesabla 19.37 faizlə verirlər. Sonrakı sıralamada Mil-Muğan və cənub bölgəsi gəlir. Həmin regionlarda kredit faizi 19-dur. Mərkəzi Bank ən ucuz kreditlərin Bakıda təklif olunduğunu qeyd edir. Paytaxtda kredit faizi 10.98-dir.
Вугар Байрамов
İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, rayonlarda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri bölgələrdə biznes kreditlərinə əlçatanlığın aşağı olmasıdır. Beləliklə, risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər:
Bu isə bir tərəfdən, bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Rayonlarda bank filallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir”.
Mərkəzi Bankın məlumatında bildirilir ki, ölkə üzrə kreditlər orta hesabla 12.53 faizlə təklif olunur. Bununla belə, orta kredit faizləri ilə vətəndaşların daha çox istifadə etdiyi istehlak kredit faizləri arasında fərq var. Vüqar Bayramov deyir ki, aydındır, Azərbaycanda 12.53 faizlə istehlak kreditləri cəlb etmək çox çətindir. Orta kredit faizlərinin nisbətən aşağı olmasının səbəbi isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərin faizlərindən istifadə edilməsidir:
Bu hesablama orta faiz ilə real faiz arasında fərq yaradır. Bununla yanaşı, orta faizdən daha çox, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir”.
Qaydalara görə, vətəndaşın kredit ödənişlərindən sonra əlində ən azı yaşayış minimumu qalmalıdır. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat müəyyənləşdirilib. Bu məbləğ əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manatdır.
Azərbaycan Mərkəzi Bankı, RHMN/shutterstock
Adil Məmmədovun ailəsi dörd böyük, bir uşaq olmaqla, beş nəfərdən ibarətdir. Onun ailəsinin yaşayış minimumu 1204 manatdır. Ailənin aylıq gəliri isə 780 manatdır, yəni yaşayış minimumuna çatmır. Bu gəlirdən kredit ödəyəndə isə ailəyə qalan məbləğ yaşayış minimumunun yarısından da az olur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button