ArxivIslamXəbər lentiXəbərlər

Barıt qoxulu İraqda “Eşq səfəri”nin sirri – FOTO

Müsəlmanların üçüncü İmamı Hüseyn (ə), ailə üzvləri və silahdaşlarının şəhadətə yetişməsinin qırxıncı günü – Ərbəin münasibəti ilə bir qrup zəvvarla birgə İraqa səfər etdim.

Bu, İraqa ilk səfərim idi. Çox maraqlı, diqqətimi çəkəcək məsələlərlə zəngin səfər olacağına inanırdım.

Əvvəlki illərdən fərqli olaraq karvanımız İranın İraqla arasında olan Mehran sərhəd qapısından deyil, Şələmçədən keçməli idi. Çünki İranın özündən axın daha çox olduğu üçün digər ölkədən gələn zəvvarlar daha az insan axını olan Şələmçəyə yönləndirilmişdi.

Səfər zamanı diqqətimi çəkən ilk məsələ İranda yolu azaraq tamamilə səhv istiqamətdə gedərkən yol polisinin bunu görməsi və bizə istiqamət, daha doğrusu xəritə verərək Şələmçəyə tərəf yönləndirməsi idi. Yəni yad ölkəyə məxsus dövlət nişanlı avtobusun həmin yolda hərəkətinin məntiqsiz olduğu dərhal anlaşılmışdı.

Şələmçə keçid məntəqəsində də insan axını var idi. Amma buna baxmayaraq, xarici zəvvarlar üçün ayrıca dəhliz yaradılmışdı.

Bu qapıdan keçib hara düşəcəyimi bilmirdim. Ancaq elə sərhəd qapısındaykən ümumi rəy formalaşdıra bildim. İraqda müharibə getdiyi hiss olunurdu. Avtobusların dayanması üçün nəzərdə tutulan ərazi toz-torpaq içində və gecə də qaranlıq idi.

Ərəb və fars dillərindən hər hansı birini bilməmək isə istənilən şəxs üçün çətinlik yaradır. Çünki ingilis dilini çox az adam bilir.

İlk səfərimiz Samirra şəhərinə idi. Paytaxt Bağdaddan keçərək getdiyimiz ərazidə ilk hiss etdiyim barıt qoxusu idi. Birinci Qarabağ müharibəsi dövründə evimiz cəbhə bölgəsinə yaxın yerləşdiyi üçün bu iyi heç zaman unuda bilmərəm. Keçdiyimiz yolun bir hissəsinin kənarına divarlar çəkilmişdi, İŞİD güllələrindən mühafizə üçün. Bütün gecə yol getdik. Məlum oldu ki, əvvəlki illərdən fərqli olaraq İmam Həsən Əskərinin (ə) hərəminə gedən yolda böyük avtobusların hərəkəti yasaqlanıb və zəvvarlar ya mikroavtobuslarla, ya da təxminən 15 km-lik yolu piyada getməlidir. Və biz piyada hərəkətə qərar verdik.

Təxminən 300-400 metrlik məsafədən bir zirehli maşınlar və hər cür silahlarla tam təchiz olunmuş əsgərlər keşik çəkirdilər. Qısası, quşun belə uçması mümkün deyildi. Yerli sakinlərdən və elə əsgərlərin özlərindən öyrəndim ki, onlar Müqtəda Əs-Sədrin əsgərləridir. Vəzifələri də Ərbəin zəvvarlarını canları bahasına müdafiədir.

Binaların üstündə belə keşik çəkən pulemyotlu, snayperli əsgərlər var idi. Binaların özləri isə İŞİD terrorçularla aparılan döyüşlərin şahidi idi, güllələrdən və qəlpələrdən dəlik-deşik olmuşdu.

Yol boyu insanlara pulsuz xidmət göstərən yerli sakinlər var idi. Onlar gah su, gah da müxtəlif təamlar təklif edirdilər. Hətta belə demək mümkünsə, zəvvarın ondan hər hansı bir şey götürməsi üçün yalvarırlar da.

Samirra, Nəcəf və Kərbəla yolundakı piyada səfərlər zamanı çox insanlarla – yaşlı, cavan və uşaqlarla rastlaşdım. Qəribədir ki, üst-üstə götürdükdə 100 km-dən artıq piyada qət edilən bu yolda kimsəni hirsli görmədim. Hər kəs bir-birinə xidmətə can atırdı. Çay süzən, meyvə paylayan kim, yorulanları masaj edən, tibbi xidmət göstərən kim.

Nəcəf-Kərbəla yolunda hərəkət üçün dəstə rəhbərləri təxminən 3 günlük proqram tərtib edirlər. Yəni Ərbəin mərasiminə 3 gün qalmış Nəcəfdən hərəkətə başlanılır və Ərbəindən bir gün qabaq 76 km-lik məsafə qət edilərək Kərbəlaya çatılır. Amma bu məsafədə yolu qət edərkən heç bir plan-proqram yada düşmür. İnsan sadəcə qabağa baxır. Qeyd etmək yerinə düşərdi ki, yolda qrup halında hərəkət edən insanların işlərinin asanlaşdırılması üçün yol boyu olan işıq dirəklərinin üzərinə nömrələr yetişdirilib. Misal üçün, əgər bir nəfər qrupdan ayrı düşübsə, ancaq öncədən müəyyən olunmuş işıq dirəyinin yanından bir-birini tapa bilərlər. Qrupdan ayrı düşmək 2×2-dir. Çünki milyonlarla insan selinin olduğu yolda kimisə tapmaq mümkün deyil, itirmək isə çox asandır. Bunun üçün 1 saniyə kifayətdir.

İlk dəfədir bu qədər uzun bir məsafəni qət etdiyim üçün ayaqlarımın altında döyənək və suluq yaranmışdı. Buna görə də yol kənarında olan “Qızıl aypara”nın çadırına yaxınlaşıb, yardım istədim. Əvvəl ayağımın suluq olan hisəsini təmizlədilər, sonra suyu çəkib, dərman vurdular. “Qızıl aypara”nın çadırında olarkən diqqət etdim ki, bu yolda insanların sağlamlıqla bağlı üzləşdiyi bir neçə problem var. Bunlardan biri soyuqdəymədir. Hava soyuq deyil. Amma zəvvarların yüngül də olsa daşıdıqları bel çantası kürəklərinin tərləməsinə və onların da səhlənkarlıq edərək tərli paltarlarını dəyişməmələri soyuqdəyməyə səbəb olur. Digər bir problem isə qəbzlik və diqqət edilmədikdə babasilə qədər gedən xəstəlikdir. Buna səbəb isə adət etmədikləri yemək və quru qidanın daha çox qəbuludur. Gələcəkdə bu yolda gedəcək zəvvarlara məsləhətim budur ki, tərləmiş paltarla hərəkət etməsinlər, qida rasionunda isə meyvə-tərəvəzə, sulu yeməklərə üstünlük versinlər, tez-tez su qəbulunu isə yaddan çıxarmasınlar. Üzləşdikləri hər hansı bir səhhət problemi ilə isə utanmadan və çəkinmədən dərhal yol kənarında yerləşən “Qızıl aypara” çadırlarına müraciət etsinlər. Çünki ilk öncə adi görünən ağrı böyük fəsad yarada bilər.

Bayaq da qeyd etdiyim kimi, bu yolda dəstədən ayrı düşmək bir göz qırpımıdır. Və həmin göz qırpımında dəstədən uzaq düşdüm. Telefona gələn mesaja baxmaq üçün cibimdən telefonu çıxarmaq məni dəstədən ayrı saldı. Yolun yerdə qalan 1/3 hissəsini tək getməli idim.

Bu yolda itmək kimi bir problem yoxdur. Çünki hamı eyni istiqamətə və eyni yerə gedir. Ona görə də dəstədən ayrı düşdükdə təlaşa düşmək lazım deyil. Sakit olub, bir kənara çəkilmək və bundan sonra nə edəcəyini düşünmək lazımdır. Mən də dayandım və ilk öncə yorulduğumu hiss etdim, tək gedəcəyimi də nəzərə alıb kiminləsə hərəkət etmək məcburiyyətində olmadığımı başa düşdüm. Yol kənarındakı Hüseyniyəyə daxil olub, 2 saata yaxın yatdım. Sonra isə yavaş-yavaş yolu qət etməyə başladım.

Bəzən bir yolu tək qət etməli olursan. Səbəb isə ətrafa daha aydın nəzər salmaq üçündür. Buna imkanım oldu. Gecə-gündüz fərq etməz, balaca uşaqlar gördüm, el arasında da deyildiyi kimi, “cinbala” idilər, valideynləri də yanlarında. Uşaq evdə bir balaca nadinclik edən kimi, onu öz istədiyimiz xəttə qaytarmaq istəyirik, qışqırırıq, tənbeh edirik, hədələyirik. Amma bu nadinc balaların valideynləri heç nə olmamış kimi hərəkət edirdilər, sanki heç nə olmayıb. Cavan oğlanlar gördüm, onlara küçədə rastlaşsaq, ən azından saç düzümünə görə salam verməyi özümüzə sığışdırmarıq. Amma piyada, ayaqyalın bu yolda irəliləyirdilər. Yaşlı qadınlar gördüm, küçədə görsək, bugün-sabahlıqdır deyərik, amma hərəkətdə idilər. Qoca kişilər gördüm, bir qıçı yox, gözünü itirmiş, qolu kəsilmiş, qoltuq ağacı ilə, onlar da mənimlə bərabər gedirdilər. Niyə? Nə məcbur etmişdi bu insanları yola çıxmağa? Ümumiyyətlə məcbur idilərmi? Vacib idimi onlara bu ağır yolda getmək, 76 km-lik yolun əzabına qatlaşmaq? Düşündüm ki, xeyr, heç bir vacibat yoxdur. Təxmini saylarının 38 milyon olduğu bildirilən bu insanları keç kəs məcbur etməyib belə ağır səfərə çıxmağa. Bu yola çıxmış 38 milyon insanı birləşdirən dəyərin adı eşqdir. Öz imamlarına olan eşq onları birləşdirib. Məhz bu eşq onları həmsəfər edirb. İndiyə qədər heç zaman üzlərini görmədiyim, səslərini eşitmədiyim Kərkük türkmənlərini gördüm. Mənə “qardaş”, – deyib, bağrına basdı, elə danışdı ki, Bakıda, yoxsa Nəcəf-Kərbəla yolunda olduğumu bilmədim. İlk dəfə gördüyü mənə başlarına açılan müsibətlərdən danışdı. Hindistanın Qoa ştatından olan müsəlmanlarla qol-qabırğasını qıra-qıra ingilis dilində 3-5 kəlmə danışa bildik. Bundan əlavə, Türkiyədən, Fransadan, Nigeriyadan, Pakistandan, Almaniyadan gələn müsəlmanları gördüm. Azərbaycanca danışdığımızı görüb, Kərbəlada itən və Almaniyadan gələn türkmənlərin bizə mehribancasına yaxınlaşdığını gördüm. Bizi tanımadığı halda evlərinin qapısını zəvvarlara açan, qulluğunda duran ərəbləri gördüm. Az qala ölkəsinin əhalisinin sayı qədər (İraq əhalisinin sayı 36 milyondur) zəvvarın bir şəhərə toplanması və onların idarə edilməsi heç də asan iş deyil. İraq hökuməti bu qədər zəvvarın təhlükəsizliyi üçün hər bir şey etmişdi. Küçələrdə insanların sayı çox olan zaman təhlükəsizliyin zəif təşkil edildiyini düşünsək də, insanlar azaldıqca kifayət qədər mülki geyimli şəxsin bizim aramızda addımladığını və üzərlərində də partlayıcı və ya digər silahları aşkar edə biləcək qurğular olduğunu gördük.

Qısası, bəzi kiçik qüsurları nəzərə almasaq, bu səfərin nəyə görə “Eşq səfəri” adlanmağını görməmək mümkün deyil. Dili, mədəniyyətləri ayrı olan insanlar bir-birinə mehribancasına davranır, məhəbbətlərini, eşqlərini göstərirlər. Səbəb isə birdir: şəhid olan İmamlarının görüşünə gələn zəvvarları incitməmək.

Səfərdə diqqətimi çəkən məsələlərdən biri də ziyarətgahların içərisinə insanları çanta ilə buraxmamaları idi. Belə olan halda isə zəvvarlar öz çantalarını yol kənarındakı dəmir məhəccərlərə asıb gedirdilər. Və heç kəs düşünmürdü ki, qayıdanda birdən çantamı tapmaram.

Başqa bir məsələ isə hərbçilərin yorulan zəvvarları hərbi maşında daşımaları idi.

Aqil Mehdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button