ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tərsə qoyulan siyasət

Hakimiyyətin təəccüblü siyasi yanaşması, təəssüf ki, ünvanını tərsə çevirib. Bu mövzu qəribə bir forma alaraq Azərbaycan reallığında hakimiyyətin siyasi yanaşmasının təzahürüdür. İki qütblü olan bu günün siyasi səhnəsi Azərbaycan hakimiyyətindən iradəli addım tələb etdiyi halda, rejim cəsarətini qütblər üzərində icra etməli olduğu halda, bunu xalqa tətbiq edir.

Qərbin siyasi təzyiqi, tələbləri altında sıxıntıya məruz qalıb asan çıxış yolu axtaran hakimiyyət cəsarət nümayiş etdirə bilmədikdə, demokratiya carçıları olan müxalifətçiləri həbs, işgəncə və təzyiqlərə məruz qoyması yeni hal deyil.

Bu gün repressiya dalğasına məruz qalan bir çox müxaliflərin həbsi məhz Qərbə qıcıq yaratmağa çalışan hakimiyyətin onlara cavab vermək əvəzinə, öz xalqının nümayəndələrinə qarşı alternativ olaraq seçdiyi davranışıdır. Bununla da rejim sanki Qərbə etiraz sərgiləmiş olur. Hətta bu, xalqının azad düşüncəli vətəndaşlarının səbəbsiz həbsi sayəsində olsa belə.

Bunun əksini inanclılar da eyni ssenari üzərində yaşayır. İranla siyasi gərginlik yaşayan hakimiyyət öz inanclı vətəndaşlarını təzyiqlərə məruz qoymaqla, guya özlüyündə İranın siyasi qələmini qırırmış kimi davranmağa çalışır. Bu absurd düşüncə öz xalqından özünə düşmən düzəldən hakimiyyətin siyasi dünyada sözünü söyləməyə acizliyindən başqa bir şeyin olmadığı təəssüratı yaradır.
Ötən gün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin bir gün öncə Daxili İşlər Nazirliyinin rəsmilərindən birinin açıqladığı fikri təkrarlaması da bunun nümunəsi idi. Komitə rəsmisinin “xarici qüvvələr, təxribatçı, qaragüruhçu, kənar dairələrin təlimatını yerinə yetirənlər” – dediyi sözlər əslində özü-özlüyündə İrana “göz dağı” verməyə hesablanıb. Məhz İrana mesaj olaraq, Azərbaycan inanclısına qarşı belə ittihamlar irəli sürülür.
Maraqlısı budur ki, dövlət qurumunun əzadarlıq, “İmam Hüseyn” (ə) şüarları və matəm tutub sinə vurulmasına etiraz olaraq səsləndirdiyi bu fikirləri hələ bir müddət əvvəl komitə sədri ateizmi, allahsızlığı təbliğ etdiyi zaman da dilə gətirirdi. Azərbaycanda əsrlərdən bəri dindar əhali əzadarlığı elə bu formada qeyd etdiyi halda, komitə bunu xarici sifariş olaraq dəyərləndirirdi.
Şübhəsiz bu, xarici sifariş ola bilməz. Əzadarlıq, “İmam Hüseyn” (ə) şüarları bu xalqın artıq tarixi kimliyidir. Deməli, narahatlıq yalnız bir nöqtəyə cəmlənir: İranla yaşanan gərginliklər fonunda öz xalqının inanclısına qarşı təzyiq etməklə, İrana beləcə “göz dağı” vermək. Elə işin də üzüntülü tərəfi budur. Qərbə qarşı narahatlığını müxalifətə qarşı təzyiqlərdə, İrana qarşı narazılığını da inanclılara qarşı həqarətdə görən hakimiyyət nə Qərb, nə də İranla problemləri həll olunmadığı halda, təəssüflər olsun ki, ölkəsi daxilində öz xalqı ilə arasındakı uçurumu getdikcə daha da dərinləşdirmiş olur. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button