Faktla bağlı cinayət işi başlayıb
Aprelin 28-də axşam saatlarında Tərtər rayonunda mina partlaması nəticəsində üç nəfər həlak olub. Hadisə rayonun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətinə gedən ərazisində baş verib.
Baş Prokurorluğun mətbuat xidməti də məlumatı təsdiqləyib. Prokurorluqdan bildirilib ki, ilkin araşdırmalara görə, sözügedən ərazidə tank əleyhinə mina partlayıb və nəticədə 3 nəfər ölüb.
Həlak olanlar “RPS Energy Ltd.” şirkətinin əməkdaşlarıdır – 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Prokurorluğun məlumatına görə, 2020-ci il noyabrın 10-da döyüş əməliyyatlarının dayandırılması haqda tərəflər arasında razılaşma imzalanandan bu yana Azərbaycan tərəfdən ümumilikdə 298 nəfər mina partlayışının qurbanı olub. Onlardan 54 nəfər həlak olub, 244 nəfər isə yaralanıb.