Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşev, Qurban Cümşüdov və korpus komandiri, general-mayor Hikmət Həsənovun keçmiş hüquqşünas köməkçisi Fuad Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qafqaz.ir-nin məlumatına əsasən, proses Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutub.
Fuad Ağayev 13 il, Fuad Axundov və Ramil Əhmədovun hər biri 9 il 6 ay, Qurban Cümşüdov və Cavid Ağadadaşovun hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fuad Ağayev cinayət törətdiyi vaxt keçmiş korpus komandiri, general-mayor Hikmət Həsənovun hüquqşünas köməkçisi işləyib. İş üzrə 317 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 4-ü işgəncə nəticəsində dünyasını dəyişən şəxslərin hüquqi varisləridir.
Xatırladaq ki, 2017-ci ildə Tərtər və ətraf rayonlarda bir qrup azərbaycanlı hərbçi Ermənistanın xeyrinə casusluqda şübhəli bilinən yüksək rütbəli zabitlərin göstərişi ilə işgəncələrə məruz qalıb. Tərtər işi üzrə istintaq 2021-ci ildə bərpa edilib. Məlum olub ki, dövlətə xəyanətdə ittiham olunanların əksəriyyəti günahsızdır.