Şimal-Cənub Dəhlizi çərçivəsində Astaradan İrana daxil olan tranzit yüklərin həcmi 3 dəfə artıb.
Qafqaz.ir-in məlumatına görə, bunu İranın Yol və Nəqliyyat Təşkilatının tranzit və beynəlxalq nəqliyyat idarəsinin baş direktoru Cavad Hedayəti yerli mediaya açıqlamasında deyib.
Baş direktor bildirib ki, Beynəlxalq Şimal-Cənub Dəhlizindən iqtisadi və ticari baxımdan daha sərfəli məhsulların daşınması məqsədəuyğun görünür.
Onun sözlərinə görə, Rusiya və Hindistan yükdaşımalar və yük nəqliyyatı xərclərini azaltmaq üçün “Fesco” şirkəti ilə marşrut xətti yaradıblar. Qeyd olunan marşrutda yükdaşıma xərci təxminən 4 min dollardır. Yükün çoxu dəniz marşrutu ilə daşındığına görə xərclər 4 min dollardan aşağı başa gəlir. Buna əsasən, dəniz marşrutu ilə yükdaşıma yük sahibləri üçün daha sərfəlidir.
“Beynəlxalq Şimal-Cənub Dəhlizində hər hansı addım atılarsa, yükdaşıma xərci 4 min dollardan aşağı olmayacaq. Buna əsasən, İran Beynəlxalq Şimal-Cənub Dəhlizində elə yüklərin daşınmasına diqqət yetirməlidir ki, iqtisadi cəhətdən daha sərfəli olsun. Bu məsələdə yükün daşınma vaxtı da diqqət mərkəzində durmalıdır.
Bəzi məhsulların, o cümlədən, kalium hidroksid, kimyəvi maddələr və sairənin Şimal-Cənub Dəhlizi ilə daşınması üçün təkliflər var. Daha çox yük konteynerlərinin daşınması və tranzit olunması üzərində işləmək lazımdır”, – deyə o qeyd edib.
Hedayəti əlavə edib ki, ötən İran ilində (21 mart 2023 -19 mart 2024) Beynəlxalq Şimal-Cənub Dəhlizi çərçivəsində 1,08 milyon ton yük Astara vasitəsilə tranzit məqsədilə İrana daxil olub. Halbuki bu rəqəm öncəki ildə (21 mart 2022 -20 mart 2023) təxminən 320 min ton yük tranzit məqsədilə Astara vasitəsilə İrana daxil olub. Bu isə təxminən 3 dəfə artımın olduğunu göstərir. Cari İran ilində də (20 mart 2024 -20 mart 2025) qeyd olunan istiqamətdə yükdaşıma artmaqdadır.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.