Sevinc Abbasova Vaqif qızı 1989-cu il iyulun 5-də Füzuli rayonunda anadan olub. 1993-cü ildə Qarabağ müharibəsi zamanı məcburi köçkün düşərək ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 2006-2010-cu illərdə Sevinc BDU-nun jurnalistika fakultəsində təhsil alıb.
Tələbəlik illərindən qəzetlərlə əməkdaşlıq etməyə başlayıb. 2009-2012-ci illərdə “Bizim Yol”, 2012-2013-cü ildə isə “Azadlıq” qəzetlərində jurnalist kimi çalışıb. 2013-cü ildən Meydan TV-də video reportyor kimi işə başlayıb.
2015-ci il sentyabrın 20-də gecə saatlarında Ukraynadan təlimdən qayıdarkən polis tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel) aparılıb. Meydan TV-yə açılan cinayət işi çərçivəsində Bakı Şəhər Ağır Cinayətlərə dair İstintaq idarəsində dindirilib. Cinayət işində şahid qismində dindirilməsinə baxmayaraq, 2015-2019-cu illərdə ölkədən çıxışına qadağa qoyulub.
2018-ci il Prezident seçkilərində seçki saxtakarlığını üzə çıxaran, “karusel” əməliyyatını göstərən materialına görə məhkəməyə verilib. 2019-cu ildə çəkiliş zamanı saxlanılaraq 10 saata yaxın Nizami rayon 24-cü Polis Bölməsində saxlanılıb.
OCCRP ilə birgə jurnalist araşdırmaları edib.
2022-ci ildən etibarən “AzbasMedia” müstəqil media platformasında baş redaktor kimi çalışır. İlham Əliyevin və yüksək vəzifəlilərin korrupsiya cinayətlərini ortaya çıxaran araşdırmalar dərc edib.
Sərhədsiz Reportyorlar Təşkilatının 2023-cü il üzrə Media Azadlığı indeksində Azərbaycan dünya üzrə 180 ölkə arasında 151-ci yerdə göstərilib. 151-ci pillədən baxanda Sevincin həbsi ilə bağlı daha aydın təsəvvür yaranmağa başlayır. Amma Sevincin özünün də dediyi kimi:
“Düşünməsinlər ki, tək-tək şəxsləri həbs etməklə bu araşdırmaları dayandıra bilərlər…”
Hakimiyyət, qarşısında gözüqırpıq jurnalistika ilə məşğul olmaq istəmədiyini deyən, təkidlərə baxmayaraq həbs ehtimalını gözə alıb, Bakıya qayıdan Sevinc Vaqifqızına cavabını onu Heydər Əliyev adına Hava limanında təyyarədən enərkən saxlamaqla verdi. Sevincə də “AbzasMedia”nın direktoru Ülvi Həsənli və Məhəmməd Kekalovla eyni maddə ilə ittiham irəli sürüldü – qaçaqmalçılıq. İndi hakimiyyət mediası korrupsiya araşdırmaları ilə məşhurlaşan sayt əməkdaşlarını elə korrupsiyada ittiham edən silsilə yazılar yazır.