ArxivXəbər lentiXəbərlər

Şəhid ailələri və qazilərin mənzil problemi: pul ayrılıb, amma…

Sentyabrın 30-da Binəqədi rayon ərazisində Qarabağ qaziləri ilə SOCAR işçiləri arasında yeni qarşıdurma yaşanıb. 
Qarşıdurmaya səbəb sentyabrın 29-da özünü SOCAR işçisi kimi təqdim edən şəxslərin Qarabağ əlilinin evini sökmək cəhdləri olub.
Sökülməsi tələb olunan tikilinin sahibi və bir neçə digər müharibə əlili SOCAR işçilərinə müqavimət göstərib.
Qazilərin iddiasına görə, SOCAR işçiləri evin sökülməməsi üçün rüşvət tələb edib. Baş verən hadisə Qarabağ əlillərinin mənzil problemini yenidən gündəmə daşıyıb.
Qarabağ əlilləri və şəhid ailələri 25 ildir mənzil növbəsinə dayanıb. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi saytında yerləşdirilən məlumatdan aydın olur ki, onların yalnız az bir qismi ev ilə təmin olunub.
Dövlət Neft Fondu (DNF) tərəfindən açıqlanan məlumata görə, 31 dekabr 2018-ci il tarixinə fond tərəfindən maliyyələşdirilməsi davam edən “Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması” layihəsinə 2001-2018-ci illər ərzində ümumilikdə 2 milyard 302 milyon 700 min manat vəsait ayrılıb.
Bu vəsait hesabına 33 min 781 ailə üçün fərdi evlərdən ibarət 71 qəsəbə, habelə hündürmərtəbəli binalardan ibarət 17 məhəllə və sosial-infrastruktur obyektləri tikilib.
Dövlət Neft Fondunun 2019-cu il üçün büdcəsində bu məqsədlə 200 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Rəqəmlərdən aydın olur ki, ümumilikdə 2001-ci ildən indiyədək Qarabağ qazilərinə mənzil vermək üçün 2,5 milyard manat pul ayrılıb. Amma mənzil növbəsinə dayanan xeyli sayda insan hələ də ev ilə təmin olunmayıb.
Hazırda yalnız Bakı və Bakı ətrafı rayonlarda 1187 nəfər mənzil növbəsinə dayanıb. Binəqədi rayonunda 248 nəfər, Nəsimi rayonunda 144 nəfər, Yasamal rayonunda 165 nəfər, Qaradağ rayonunda 74 nəfər, Nizamı rayonunda 159 nəfər, Nərimanov rayonunda 270 nəfər, Səbail rayonunda 127 nəfər Qarabağ müharibəsi əlili, şəhid ailəsi və digər imtiyazlı qruplar mənzil növbəsi gözləyir. Həmçinin Azərbaycanın digər rayon və bölgələrindən mənzil növbəsi üçün sırada gözləyən imtiyazlı şəxslər var.
Onların arasında ən gəncinin 50 yaşı vardır, əksəriyyəti isə 60 yaşa çatıb.
Növbə gözləyənlərlə bağlı siyahı ilə ƏƏSMN-nin dərc etdiyi “Rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə dayanan Qarabağ əlilləri və şəhid ailələrinin növbəlilik siyahısı” adlı sənəddən tanış olmaq mümkündür.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bu problemin vətəndaş fəallığı sayəsində həll oluna biləcəyini deyir: “2001-ci ildən indiyə qədər mənzil tikintisinə 2,5 milyard manatdan çox vəsait xərcləyən ölkənin bütövlüyü uğrunda müharibədə bədəninin bir hissəsini itirən Qarabağ qazilərinə mənzil vermək olmazdımı?”
İqtisadçı cəmiyyətin qazilərə və şəhid ailələrinə qarşı biganə münasibətə şahidlik etməməli olduğunu diqqətə çatdırıb: “Daha əvvəl şəhid ailəsinə ayrılan pullar ünvanına çatdırılmayanda da eyni münasibətin şahidi olduq, sonradan vətəndaş fəallığı sayəsində bu problem həll olundu. Hesab edirəm ki, biz toplum olaraq Qarabağ qaziləri üçün torpaq ayrılmasına və onlara ev tikilməsi üçün DNF-dən vəsait ayrılmasına nail olmalıyıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button