Qarabağda son hərbi əməliyyatlar nəticəsində həbs olunanlardan biri – Madat Babayan 1992-ci il fevralın 26-da Xocalı faciəsinin törədilməsində ittiham olunur. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) noyabrın 2-də bu barədə yaydığı məlumatda bildirilir ki, hazırda Madat Babayanın Xocalıda törədilənlərlə bağlı verdiyi məlumatlar əsasında araşdırmalar aparılır.
Babayan Madat Arakelinin sentyabrda keçirilən əməliyyatlar zamanı Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində saxlandığı bildirilir.
DTX-nın məlumatına görə, Madat Babayan ifadəsində Xocalı faciəsinin törədilməsində iştirakçı olduğunu təsdiqləyib. Deyib ki, plana uyğun olaraq, hələ iki gün əvvəl – fevralın 24-də “Xolostoy” ləqəbli polkovnik-leytenant Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrilə Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni silahlıları Xocalının Təzəbinə kəndində birləşiblər. Fevralın 25-də gecə saat 23:00 radələrində Xankəndidən Xocalı şəhəri istiqamətində hücum başlayandan sonra xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən 150 nəfərdən çox mülki əhalini həmin ərazidə pusquya salıb, güllələyərək qətlə yetiriblər.
Məlumatda bildirilir ki, Madat Babayan həmçinin Vamik Petrosyan, Şirin Şirinyan və digərlərinin meyitlər üzərində təhqiredici hərəkətlər etməsi, 100 nəfərdən çox Xocalı sakininin əsir götürülməsi haqda da ifadə verib.
DTX-nın məlumatına görə, Madat Babayan 1992-ci il fevralın 26-da Xocalı şəhərində azərbaycanlılara məxsus əmlakları talan etmək və kütləvi qətliam faktını gizlətmək üçün Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, 3 gün sonra bu postda xidmətdə olarkən Xocalıda öldürülən azərbaycanlıların meyitlərinin yük avtomobillərində gətirildiyini deyib. O, ifadəsində bildirib ki, postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazıntı aparıb, meyitləri kütləvi şəkildə ora töküb basdırıblar.
Marat Babayanın ifadəsində göstərdiyi bu halların araşdırılması məqsədilə onun ifadəsinin hadisə yerində yoxlandığı, həmin vaxt onun sözügedən yerləri əyani şəkildə göstərdiyi bildirilir.
“Bundan əlavə, Madat Babayan, əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib. Hazırda bu və başqa cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır”, – DTX-nın rəsmi açıqlaması belədir.
Bu məlumatda yer alan ittihamlara Madat Babayanın özünün, vəkilinin və ya yaxınlarının münasibəti məlum deyil.