ArxivIslamXəbər lentiXəbərlər

“Allah xarici serialların ayağını Azərbaycana açanların evini yıxsın”-Şeyx Əbdül Mahmudbəyov

  • Bildiyimiz kimi televiziyada ən çox izlənilən seriallar olur. Lakin serialların reytinq qazanması ondan peşəkar rejissor, aktyor və yardımçı işçi heyəti tələb edir. Bəs, Azərbaycanda serialların vəziyyəti nə yerdədir?

xalq artisti, kinorejisor Şeyx Əbdül Mahmudbəyov mövzu barədə Modern.az-a açıqlama verib.

“Əvvəla Allah xarici serialların ayağını Azərbaycana açanların evini yıxsın. Çünki o xarici seriallar işini bilən, peşəkarlar tərəfindən çəkilir. Serial çəkmək də qısa metrajlı film çəkmək qədər çətin və əzablıdır. Çünki serial uzun-uzadı yol keçir və orda qoyulan hadisələr, dramatik konfiliktlər, obrazların xarakterləri, əsərin ideyası uzanır. Qısa metrajlı filmlərdə isə hansısa bir ideyanı qısa bir zaman kəsiyində yerləşdirərək tamaşaçıya çatdırmaq lazımdır və bunun üçün gərək istedadlı, peşəkar bir rejissor olasan. Hazırda o qədər serial çəkirlər ki, heç özləri də bilmirlər nə çəkirlər.

Ümumiyyətlə, bu gün çəkilən türk, rus serialları da hansısa xarici seriallardan götürülür. Və onların da “su”yu bizim seriallara keçir. Bu tip seriallarla da bizim peşəkar rejissorlarımız məşğul ola bilmir, yerinə 3-4-cü dərəcəli yeni rejissorlar gəlir. Məsəl var ki, “Kasıb itinin adını “Qızıl”, “Gümüş” qoyar, onun kimi bizim serialların da tək üstün cəhəti onlara yaxşı adların seçilməsidir. Serialın adına baxanda deyirsən ki, indi mən möhtəşəm bir bir şeyə baxacam. İzlədikdən sonra bəlli olur ki, “3 badam, 1 qoz”dur, ortada heçnə yoxdur.

Mənim bir xahişim ondan ibarətdir ki, kino, serial üçün pul yatıranda işi peşəkar insanlarla görsünlər ki, nə şiş yansın, nə kabab. Əgər layihələrində yeni rejisorlarla iş görmək istəyirlərsə, onlar heç olmasa, gəlsin peşəkar rejisorlardan-Eldar Quliyev, Vaqif Mustafayev, Oqtay Miqasımov, özümü demirəm ki, tərifləmək kimi çıxmasın və s.-dən dərs alsınlar”.

Kinorejisor Aydın Kazımzadə qeyd edib ki, serialların olması çox gözəldir, seriallar bir tarixdir.

“Azərbaycanda serial Sovet hakimiyyəti dövründə 2 seriyalı film çəkiləndə biz sevinirdik. Həmin dövrlərdə bizdə 10 seriyadan çox film çəkilmədi.

Kinorejisor uğurlu serialların adını çəkməyi də unutmayıb.

“Seriallarda əsas məsələ ssenarinin düzgün qurulmasıdır. Elə seriallarımız var ki, demək olar ki, eyni ssenaridən ibarətdir. Bir ara yaxşı bir serial çəkildi. Adı “Pərvanələrin rəqsi” idi. O serial öz professionallığını göstərdi. Orda da bəzi nöqsanlar var idi, amma ssenaridən gələn nöqsanları nəzərdə tuturam.

Sonralar “Vicdan haqqı” serialı çəkildi. İnanın ki, mən ilk dəfə idi ki, bir serialı ilk bölümündən sonuna qədər izlədim. Halbuki digər seriallara mən gözucu baxmışam. Burada hadisələrin gedişi çox gözəl idi. Çünki real həyatdan qaynaqlanaraq çəkilmişdi. “Vicdan haqqı” tamaşaçı kütləsi qazana bilmişdi. Sonradan filmin rejisoru ilə maraqlandım və gördüm ki, olduqca peşəkar biridir. Daha sonra mənə məlum oldu ki, həmin rejisor, yəni Rövşən İsax “Aktrisa” filiminin də rejisoru olub. Onda anladım ki, filmin tamaşaçı kütləsi qazanması təsadüfi deyil, professional birinin əlindən çıxmış bir sənət əsəridir.

Burda da təbii ki, nöqsanlar var idi, amma aktyor oyunları əvəzsiz idi. “Vicdan haqqı”ndan sonra maraqla yeni serial gözləyirdim. Və ardınca daha bir maraqlı serial – “Ata ocağı” çəkildi. Bizim serialların ən böyük bir bəlası odur ki, onları Braziliya seriallarına bənzədirik. “Ata ocağı” da bir müddətə qədər tamaşaçı qazandı. Lakin sonradan fraqmentlər, seriyalar süni şəkildə yaradılırdı. Ümumiyyətlə, filmləri, serialları çəkəndə onun ssenarisinə və obrazlar üçün uyğun aktyor seçiminə diqqət yetirmək lazımdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button