ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Şəhid anası: “Evim qəzalı vəziyyətdədir, maddi imkanım çatmır”

“Yaşımın elə vaxtıdır ki, səbr etməyə gücüm qalmayıb”

“Evim qəzalı vəziyyətdədir, buna görə də Sumqayıtda yaşayan oğlumun yanına köçmüşəm. Onların da şəraiti yoxdur, burda yaşaya bilmirəm. Şəhid anası kimi illər əvvəl ev növbəsinə götürsələr də, mənzil vermirlər”.

Bunu Meydan TV-yə Birinci Qarabağ Müharibəsində həyatını itirmiş Habil Nəciyevin anası, 78 yaşlı Nəsibə Nəciyeva bildirib.

Onun Lerik rayonunun Noda kəndindəki evi qəzalı vəziyyətə düşüb, yaşayış üçün təhlükəli olduğuna dair rəy veriblər. O, 2005-ci ildən mənzil növbəsinə götürülüb.

“Sumqayıtda qala bilmirəm, kənddəki evim də dağılıb-tökülüb. Məndən sonra növbədə olanlara ev verilib, ya da evinin yerində ev tikiblər. Dəfələrlə Lerik Rayon İcra Hakimiyyətinə müraciət etmişəm, gəlib baxıb, yazıb gediblər”, – Nəsibə Nəciyeva deyib.

Şikayətçi bildirib ki, Sumqayıtda yanında yaşadığı oğlu da ikinci qrup hərbi əlildir, maddi imkanı yoxdur:


“Şəhid anası kimi aylıq yardım alıram. Amma bu yaşımda o pulla ev alıb, yaşaya bilmirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2016-cı ildən bəri deyirlər ki, səbrli olun. Yaşımın elə vaxtıdır ki, səbr etməyə gücüm qalmayıb”.

Ana əlavə edir ki, oğlunun kənd qəbirstanlığındakı məzarı da uçub-dağılıbmış. Rayon rəhbərliyinə edilən müraciətlər isə nəticəsiz qalıb:

“Oğlum pensiyanın hesabına başdaşını dəyişib. Birotaqlı ev versələr, heç kimə möhtac olmadan ömrümü başa vurardım”.

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi ilə əlaqə yaratmağı məsləhət bilsələr də, dəfələrlə edilən zənglərə cavab verilmədi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, şəhidlərin ailə üzvləri və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda qanunvericiliyə uyğun olaraq, qurumun tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər:

“Haqqında məlumat verilən şəhidimiz Habil Nəciyevin anası Nəsibə xanım da imtiyazlı şəxs kimi Lerik Rayon İcra Hakimiyyətində ev növbəsinə dayanıb. Şəhidimizin ailə üzvünün fərdi evlə təminatına bu il ərzində baxılacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button