ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Səbuhi Səlimovun ailəsi: “Məhkəmədə bərk əsəbləşdi, həbsxanaya qayıdıb vəfat etdi”

Azərbaycan İslam Partiyasının üzvü, Qarabağ qazisi Səbuhi Səlimov martın 2-də həbsdə vəfat edib. Ailə üzvlərinin Meydan TV-yə verdiyi məlumata görə, bu gün onun apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib və prosesin gedişində o əsəbiləşib:
“Məhkəmədə möhkəm əsəbiləşmişdi. Atılan böhtanlara dözə bilmirdi. Cinayət işində həddindən artıq yalanlar vardı. Aclığı da buna görə başlamışdı və uzun müddət (50 gün) davam etdirmişdi. Amma bir müddət əvvəl dayandırmışdı. Bu qədər yalanlara, böhtanlara baxmayaraq, bu gün (2 mart) həmin hökmü apelyasiya məhkəməsi də qüvvədə saxladı. Bu da onu çox əsəbləşdirdi. Əlbəttə ki, uzunmüddətli aclıq səhhətində kəskin problemlər yaratmışdı, sağalmaz izlər buraxmışdı. Bir tərəfdən də əsəb…”.
Yaxınları bildirib ki, Səbuhi Səlimov məhkəmədən təcridxanaya qaytarılandan sonra ürək tutmasından vəfat edib.
Səbuhi Səlimov İslam Partiyasının üzvü olmaqla yanaşı, həm də uzun müddət partiya sədri Elçin Manafovun sürücüsü işləyib.
O, 2022-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinib və 17 il azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarında iddia olunur ki, Səbuhi Səlimov İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edib – İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəhbər şəxslərinin Azərbaycan əleyhinə göstərişlərini icra edib, onlara məlumatlar göndərib.  İttihama əsasən, o, maddi maraq qarşılığında casusluq edib.
Lakin Səbuhi Səlimov bu ittihamları qəbul etmir. O, ailə üzvlərilə birlikdə İrana səfər etdiyini, Bakıda İsrail bayrağını yandırıb, bunun görüntülərini çəkərək, İrana göndərdiyini təsdiqləyir. Lakin bunu onların göstərişilə etməsi haqda iddialarla razılaşmır.
Səbuhi Səlimov bildirib ki, illər öncə İslam Partiyasının sədr əvəzi, həmçinin qohumu olan Elçin Manafovun sürücüsü işləməyə başlayıb. Uşaqlıqdan inanclı olduğunu, eyni zamanda, 2000-ci illərin əvvəllərindən ticarət məqsədilə İrana gedib-gəldiyini deyən Səbuhi Səlimovun sözlərinə görə, 2011-ci ildə ürək əməliyyatına görə ora gedib. Həmin vaxt ailə üzvləri də onunla olub. Amma ürək əməliyyatı olunmadan geri qayıdıblar. Deyir ki, qiymətə görə əməliyyat baş tutmayıb, maddi imkanı çatmayıb.
Cinayət işinin materiallarında yazılıb ki, Səbuhi Səlimov orada olduğu müddətdə SEPAH-ın rəhbər şəxslərindən olan Vəli Cabbari ilə görüşüb, ailənin orada qalmaq xərclərini də onlar çəkib. Lakin Səbuhi Səlimov bunu təkzib edir:
“Mən Vəli Cabbarini bircə dəfə onda görmüşəm, məni qarşılayanların arasında idi. Onun xüsusi xidmət orqanının əməkdaşı olduğunu da bilməmişəm. Mənə nə pul verib, nə də tapşırığı olub.
Mən Bakıda dini mövzuda keçirilən aksiyalarda fəal olmuşam. İsrailə, Amerikaya, Ermənistana nifrətimi bildirmişəm. Lakin heç bir ölkənin xüsusi xidmət orqanıyla əməkdaşlıq etməmişəm. Neyləmişəmsə, öz inancıma görə eləmişəm”.
Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 2011-ci ildə, sədr əvəzi İlham Əliyev isə də 2020-ci ildə həbs olunub. Mövsüm Səmədova 12, İlham Əliyevə isə 16 il həbs cəzası verilib. Mövsüm Səmədov bu ilin yanvarında 12 illik cəzanı başa vuraraq, azadlığa çıxıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button