Aktual

Aşura və “zillətsiz dünya”nın sakinləri… (Köşə yazısı)

Bu gün və sabah dünyanın bir çox ölkələrində Aşura mərasimi qeyd ediləcək

İnsanlar İmam Hüseynə (ə) sevgisini göstərmək üçün bu məclislərdə iştirak etməyə can atırlar. Məclislərin keçirilməsi və ya fəlsəfəsi haqqında yazmaq fikrim yoxdu. Toxunmaq istədiyim mətləb Aşura məktəbinin insanlara öyrətdiyi dərslərdir. Əlbəttə ki, bu məsələni tam olaraq nəinki bir, iki məqalədə, hətta cildlərlə kitablarda açıqlamaq mümkün deyil…

Amma bir cümlə ilə bunu yazmaq istəsək belə deyərik:
Aşura məktəbi insanlara – azadəlik, zülmə boyun əyməmək, şərəfli ölüm, rizayət məqamı (Allahın bütün imtanahlarına – təqdirlərinə razı olmaq), xoş aqibət üçün dünyada zillətsiz həyat yaşamaq və əbədiyyat üçün fani dünyadan keçmək dərslərini öyrədir. Aşura məktəbini dərk edənlər “zillətsiz dünya”nın sakinləridir…

…Aşura əzası münasibətilə İslam Peyğəmbəri və onun Pak Əhlibeytinə, zamanın Sahibinə sonra seyidlərə baş sağlığı verirəm…

“Zillətsiz dünya”nın sakinləri… 444555_713093602023

Seyid Fəramiz….
Yazımın bu hissəsində ilk öncə hazırda zindan həyatı yaşayan seyid Fəramiz Abbasovu yad etmək istəyirəm. Bu ruhani, ağsaqqalla əvvəldən tanışlığım olmamışdı. İlk dəfə onu məhkəmədə görmüşdüm. Məhkəmədən reportaj hazırlamaq üçün jurnalistlər üçün nəzərdə tutulan stulda əyləşib tarixə düşən səhnələrə tamaşa edirdim.  Bu seyidin nəzərləri sanki qəlbimdə həm fərəh, həm də hüzn yaratmışdı. Fərəh ona görə yaratmışdı ki, bu seyid babaları kimi imtahanlar zamanı başını dik tutmuşdu. Hüzn yaratmışdı ona görə ki, babası İmam Museyi Kazim (ə) kimi seyid Fəramiz də zindanda hələ çox qalacaqdı…

… Hakim nəhayət seyid Fəramizə söz verdi. Ayağa qalxan seyid, ədəblə “Bismillah”, sonra Peyğəmbər və onun Pak Əhlibeytinə salam və salavat dedi. Bir az söhbət etdikdən sonra üzünü ona qarşı ittihamı müdafiə edən şəxsə tutub dedi:  “Mən səninlə nə danışım?  Vay olsun yalan danışana və onu müdafiə edənə. Hədislərdə yalan danışanlar haqqında ağır əzabların olduğu bildirilir. Təsəvvür edin,  biri yalanı müdafiə edə. Allah onun üçün daha ağır əzabı daddıracaqdır. Mən istəyərdim, barəmdə  güllələnmə qərarı verilsin. Bunun icra edilməsində sən də iştirak et.  Onda görərdin  seyyidlər necə ölürlər”…

Seyidin bu cümlələrini eşidəndə sanki İmam Hüseynin (ə) “zillətlə yaşamaqdansa izzətlə ölmək şərəfdir” cümləsini kimsə qulağıma pıçıldadı…
… Bəli seyid hələ çoxlarının görə bilmədiyi “zillətsiz dünya”nın sakini idi…

Hacı Abgül….
Hacı Abgül haqqında çox şey danışılıb, bir çox məqalələr yazılıb. Lakin onun Aşura günü hansı əməli etdiyindən çoxları məlumatsızdır.  Aşura günü Hacı Abgül Süleymanov sübh namazından sonra əvvəldən planlaşdırdığı çadırlara gedərdi. İlk getdiyi yer “Varovski” və Biləcəri qəsəbələrindəki qurulan çadırlar idi. Burada o, namaz, din, yaxşılıq, valideynə itaət və Aşura günündə baş verən hadisələrdən danışardı. Yadımdadı hətta, dinlə əlaqəsi heç olmayan qonşular, poisin sahə müvəkkili çadırda Hacı Abgülə diqqətlə qulaq asardı. Çadırdan sonra o məhəllənin sakinlərini  Aşura günüylə bağlı xəbərdar etmək üçün keçirilən yürüşün önündə gedərdi. Məscidə getməkdən çəkinən və ya səhhəti imkan vermədiyi insanlar  bina balkonlarında, evlərinin qapısında sinə vurar və ağlayardılar. Bir sözlə Hacı Abgül sadə insanlarla Aşura keçirməyi çox sevərdi. Fürsət düşdüyündə İslama can yandıran Hacı Abgül Süleymanov bir köşəyə çəkilər və ağlamağını saxlamazdı…
… Hacı Abgül bu Aşura görəsən nə edəcək? Əlbəttə əza saxlayacaq. Bunu bilmək elə də çətin deyil. Ancaq onun belə, müqəddəs günlərdə etdiyi dua “zillətsiz dünya”nın İmam Zaman (s.ə) tərəfindən tezliklə qurulması üçündür.
“Zillətsiz dünya”nın sakini kimi,  bütün insanların da  “Zillətsiz dünya”nın sakini olması üçün hətta canını belə qurban verməyə hazırdı Hacı Abgül.  Necə ki, moizəsinin birində deyir: “Həmdin ən kamil mərtəbəsi budurki, zülmün kökünü kəsəsən”.  Zülmün kökü kəsiləndə “zillətsiz dünya” qurulur, budur azadələrin ən böyük arzusu…

Hacı Mövsüm…
…Hacı Mövsüm Səmədov partiyaya sədr olmamışdan əvvəl tanış olmuşdum. Qubada evlərində qonaq da olmuşduq. Arada “Hədisi Kisa” duasında bir məclisdə olardıq. O zaman Hacının Xanım Ruqəyyə haqqında daha çox həssaslığını görürdüm…

…O artıq həbs edilmişdi. Türkiyədən gələn insan haqları müdafiəçiləri ilə birlikdə onun evinə getdik. Azyaşlı qızını gördüm. Gözü hey atasını axtarırdı. Hətta orada eşitdim ki, danışmağa yeni başlayan bu bala tez-tez atasını soruşur və ağlayırdı. Bunu eşidəndə, istər istəməz Hacı Mövsüm Səmədovun xanım Ruqəyyəyə olan kövrəkliyi gözümün önündə yenidən canlandı…

“Zillətsiz dünya”nın sakinidir Hacı Tale….
Bir neçə gün əvvəl camaat namazına qoşulan zaman pişnamazın  namazdan öncə dediyi ayə məni Hacı Tale Bağırzadəni xatırlatdı. Zindanda ikən namaza başlamamışdan əvvəl bu duanı, Ənam surəsinin 79 ayəsini zikr edərdi: “Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm!”

… Həqiqətən Hacı Taleyi yaxından tanıyan biri kimi onun təkəbbür, zülm və haqsızlığla barışmazlığını dəfələrlə özüm şahidi olmuşam. Zindanda baş verən bir hadisəni diqqətinzə çatdırmaq istəyirəm. Hacı Tale Bağırov və bir neçə dustaq otaqda oturduqları zaman həbsxananın yüksək rütbəli məsullarından biri otağa daxil olur. Otağa daxil olan kimi bu məsul qışqırır “ayağa niyə durmursunuz?”. Hacı Tale isə buna belə cavab verir: “sən təkəbbürcəsinə içəri daxil olub bizi “sındırmaq” üçün ayağa qalxmamızı istədiyinə görə durmuruq. Sən, sənin böyüyün, hətta prezidentin bu cür içəri daxil olsa onun da, qarşısında ayağa durmaram”…

Ruhullah Axundzadə…
Son olaraq Ruhullah Axundzadədən yazmaq istəyirəm. Bu mərd, cəsur şəxs yenə xəstəxanaya yerləşdirilib. Vəkili bildirir ki,  ona neçə dəfə “əfv üçün xahiş” etməsini təklif ediblər.  Ruhullah Axundzadə günahsız tutulduğunu bildirərək əfv ərizəsi yazmaqdan imtina edib. Ailəsi Ruhullah Axundzadənin səhhətindən narahatdır. Oğlu dəfələrlə etiraz məktubu və açıqlaması yayıb. Bəli, bu etirazlara biz də qoşuluruq. Ancaq bunu bilək ki, Ruhullah Axundzadə bu yola qədəm qoyanda şəhadətinə sanki imza atmışdır. Bu imza “zillətsiz dünya” sakinlərinin imzasıdır…

Allah bizi, İmam Hüseynin (ə) hörmətinə həqiqi “zillətsiz dünya” sakinlərindən qərar verərək bu dünyanı quracaq İmam Zaman Həzrətlərinə (ə.f) əsgər etsin.

Bir daha, İmam Hüseyn (ə) əzası münasibətilə başda İmam Zaman (ə.f) və naibləri olmaqla, bütün müsəlmanlara dərin hüznlə baş sağlığı veirrəm.

Ramin Bayramov
İslamazeri.az-ın baş redaktoru

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button