İran Rusiyanın Beynəlxalq Şimal-Cənub Dəhlizini ciddi şəkildə dəstəkləməsini gözləyir.
Qafqaz.ir-in məlumatına görə, bunu İranın iqtisadi işlər və maliyyə naziri Əbdülnasir Hemməti bu gün Tehranda Rusiya prezidentinin köməkçisi İqor Levitinlə görüşdə deyib.
Onun sözlərinə görə, Beynəlxalq Şimal-Cənub Dəhlizinin münasib tranzit istiqaməti olaraq tezliklə aktivləşməsi İran, Rusiya, Hindistan və Fars körfəzinin ətrafında yerləşən ölkələr arasında əməkdaşlığın güclənməsinə təkan verə bilər.
Hemməti bildirib ki, İran başqa ölkələrin də bu dəhlizin aktivləşməsi üçün investisiya yatırımını dəstəkləyir və xüsusi investisiya təşviqləri nəzərdə tutaraq digər ölkələrin bu layihədə (Rəşt-Astara dəmiryolu) iştirakını asanlaşdıra bilər.
“Ümid edirik ki, Rusiyanın İranda, əsasən də neft və logistika və tranzit layihələrində investisiyalarının artmasının şahidi olacağıq”, – deyə o qeyd edib.
Görüşdə Rusiya prezidentinin xüsusi köməkçisi İqor Levitin də Rusiya tərəfindən Rəşt-Astara dəmiryolunun tikintisi üçün büdcənin ayrıldığını qeyd edib. Bu dəmiryolu vasitəsilə daşına biləcək yükün həcmi 15 milyon tondur və onu 30-50 milyon tona yüksəltmək mümkündür.
Levitin qeyd edib ki, Rusiya Beynəlxalq Şimal-Cənub Dəhlizindəki layihə çərçivəsində işlərin tezliklə həyata keçirilməsini istəyir. Rusiya prezidentinin göstərişinə əsasən, bu layihənin icrasına başlanıb və Rusiyanın VTB Bankı tərəfindən işlər həyata keçirilməkdədir.
“Hazırda Şimal-Cənub Dəhlizi üzrə layihənin (Rəşt-Astara dəmiryolu) 1-ci hissəsi, yəni texniki işlər başa çatdırılıb və hazırda İqtisadiyyat Nazirliyinin koordinasiyası ilə inşa işlərinə başlamaq mərhələsindədir”, – deyə o qeyd edib.
Qeyd edək ki, 17 may 2023-cü il tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən, bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var – Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.