ArxivSosialXəbər lentiXəbərlər

Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir?

“Artıq üç ildir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutu xəstələrə keyfiyyətli tibbi xidmət göstərmək imkanından mərhumdur. Son beş ayda həkim-reanimatoloq çatışmazlığı səbəbindən 68 xəstənin dünyasını dəyişməsi buna əyani sübutdur”.

Bu iddianı özünü ictimai vəkil kimi təqdim edən Samir Zeynalov gündəmə gətirib. O bildirib ki, xəstəxanada həkim-reanimatoloq çalışmır: “Reanimasiya şöbələrinin fəaliyyəti təcrübəsiz və başqa ixtisaslara sahib şəxslərə həvalə edilib. Eyni zamanda, şöbələrdə şəraitsizlik, antisanitariya hökm sürür. Suyun fasilələrlə verilməsi son vaxtlar daha ciddi problemə çevrilib. Xəstələr belə vəziyyətdə çox qala bilmirlər”.

S.Zeynalov qeyd edib ki, COVİD-19 infeksiyası ilə əlaqədar olaraq institutda cəmi 8 palatanın (boks) ayrılmasına baxmayaraq, hazırda məlum virusa yoluxan və institutda müalicə alan xəstə sayı 150-dən çoxdur: “Onların izolyasiyasında ciddi problemlər var ki, bu da tibb işçilərinin biotəhlükəsizliyinin təhdid altında qalması deməkdir”.

Onun sözlərinə görə, tibb işçilərinin ağır mənəvi-fiziki şərtlər altında işləməsinə baxmayaraq, direktor Həqiqət Qədirova onların bu şücaətini, məziyyətini dəyərləndirmək əvəzinə, bir sıra işçilərə qarşı qərəzli, kinli, qeyri-adekvat münasibət sərgiləməkdə davam edir. S. Zeynalov bununla bağlı prezidentə açıq məktub ünvanlayaraq Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Qədirova Həqiqət Əbdül qızının tutduğu vəzifədən azad edilməsini xahiş etdiyini vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə xəstəxanada bir gündə altı nəfərin dünyasını dəyişməsi barədə də iddia səsləndirilib. Bildirilir ki, COVİD-19-a yoluxmuş həmin xəstələr İVL aparatının işlək olmaması səbəbiylə keçiniblər.

Məsələyə aydınlıq gətirmək üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ilə əlaqə saxladıq.

Qədirova öncə qeyd etdi ki, bu şayiələri yayan bir neçə nəfər var:

“Mən onları cinayətkar dəstə adlandırardım. Həmin o bir neçə nəfər Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu barədə həqiqətə uyğun olmayan məlumatar yaymaqla məşğuldurlar. Hazırda bizim reanimasiyada ixtisasca reanimatoloq olan, yüksək ixtisaslı 9 reanimatoloq çalışır. Bir rəhbər olmaqla, səkkiz nəfər növbəli şəkildə işləyir. İyulun 17-də İnstituta rusiyalı mütəxəssislər qrupu gəlmişdi. Onlar burada aparılan işlərlə tanış oldular. Daha əvvəl Türkiyədən gələn həkimlər də burada olublar. Hər iki ölkənin mütəxəssisləri görülən işlərə çox yüksək qiymət verdilər. Amma doğrudan da xəstəxananın şəraiti elə də ürəkaçan deyil, digər xəstəxanalarda olan tək nəfərlik palatalar, hər palatanın ayrı-ayrı sanitar qovşağı bizdə yoxdur. Xəstəxana binasının köhnə və təmirsiz olmasına baxmayaraq, həm təşkilatçılıq baxımından, həm də həkim və tibb bacılarının səyi nəticısində burada çox yaxşı işlər həyata keçirilir”.

Qədirova bir gündə altı nəfərin ölməsi barədə iddiaları da uydurma adlandırdı:

“Bu, şər-böhtan və qarayaxma kampanasiyasıdır. Bu şayiəni yayanlar burada çalışmış və çalışan bəzi həkimlərdir. Çünki onlar xəstələrə pul mənbəyi kimi baxdıqları üçün mən onların bəzilərini işdən azad etmişəm, bəzilərinə isə töhmət vermişəm. Bəzilərinin fəaliyyəti dayandırılıb, bəziləri nəzarət altında fəaliyyət göstərirlər. Ona görə də, bax, həmin adamlar bu işlərlə məşğuldurlar”.

Qədirovanın sözlərinə görə, hazırda xəstəxana COVİD-19 xəstələrinin müalicəsi üçün də fəaliyyət göstərir:

“Martın 5-dən ilk xəstələr bura yerləşdirilib. Beş aydan artıqdır ki, bizim tibbi personalımızın gecəsi-gündüzü yoxdur, dayanmadan çalışırlar. Yəqin ki, xəbərdarsınız, eşidirsiniz, ən yaxşı müalicə bizim institutda həyata keçirilir. Məişət şəraitimizin o qədər yaxşı olmasına baxmayaraq, əzmlə çalışırıq. Düzdür, şikayət, narazılıqlar olur, hər birini həll etməyə çalışırıq. Amma bu ittihamlar əsassızdır. Samir Zeynalov deyilən şəxs var, özünü ictimai vəkil kimi qələmə verir, halbuki heç bir hüquq təhsili yoxdur. Həmin bir qrup insan ona deyir, o da başlayır, yazır, pozur və qışqırır. Bir jurnalist olaraq, TƏBİB-dən icazə alın, gəlin instituta, soruşun, maraqlanın, görün həqiqətən vəziyyət necədir. Qapılarımız mediaya açıqdır. Biz heç kəsdən heç nəyi gizlətmirik. ”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button