Rusiya XİN: Cənubi Qafqaz üzrə “3+3” formatında ikinci görüş yaxın aylarda baş tuta bilər
“3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) formatında regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər.
bunu “TASS”a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.
“Hazırda “3+3” formatında ikinci iclasının keçirilməsinin təşkilati üsulları hazırlanır. Yaxın aylarda görüşün baş tutacağını gözləyirik. Bütün iştirakçıların mövqeyinə əsasən, bu görüş üçün Gürcüstana da dəvət göndərilə bilər”, deyə Qonçar vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Federasiyası iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi maraqları naminə “3+3” platformasına olan tələbata əmindir.
Diplomat qeyd edib ki, Moskva regionun tranzit potensialına xüsusi önəm verir və buna nəqliyyat marşrutlarının bərpası kömək edəcək.
“Təkcə nəqliyyat sahəsində deyil, energetika sahəsində də infrastrukturun modernləşdirilməsi üzrə birgə layihəhələrin perspektivləri böyük maraq doğurur. Bu cür əməkdaşlıq hərtərəfli regional əlaqələrin qurulması yolu ilə regionda etimadın yaradılmasına kömək edəcək və Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında normallaşma proseslərinin dəstəklənməsinin sütunlarından birinə çevriləcək”, deyə Qonçar əlavə edib.
Bir müddət öncə Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağ üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü və Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması təklifi ilə çıxış ediblər. Rusiya və İran bu ideyanı müsbət qarşılayıblar. Gürcüstan isə bildirib ki, o, bu təşəbbüsdə iştirak etməyi planlaşdırmır, lakin “üçlük” şəklində sülhün dəstəklənməsi üçün Bakı və İrəvan arasında öz danışıqlar formatını təklif edir.
2021-ci il dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində 3+3 regional məsləhətçi platformasının ilk iclası keçirilib.