Ermənistanın “Hraparak” nəşri yazır ki, Qarabağdakı separatçıların başçısı Rusiyanın ən yüksək institutlarına müraciət edərək Rusiyalı sülhməramlıların ailələrinin Qarabağa köçürülməsini istəyib.
Ermənistanın “Hraparak” nəşri belə yazır:
“Heç kimə sirr deyil ki, Artsaxda təhlükəsizlik və bütövlükdə ermənilərin burada sağ qalması üçün bütün ümidlər Rusiya sülhməramlıları ilə bağlıdır. Və Artsax xalqı dəfələrlə bildirib ki, rus əsgəri getsə, Artsax əhalisi də onunla birlikdə gedəcək. Bu baxımdan sülhməramlılar uzun müddət Artsaxda məskunlaşmalı və buradan getmək haqda düşünməməlidirlər”.
Nəşrdə dərc olunan materialda daha sonra deyilir ki, 10 noyabr 2020-ci il tarixli sənəddə sülhməramlıların Qarabağda olmasının hər iki tərəfin, Ermənistan və Azərbaycanın istəyindən asılı olduğu bildirilsə də, bu sənədin bütün digər bəndləri pozulub və müddətlərə əməl olunmayıb. Nəşrin bildirdiyinə görə bu baxımdan sənəd artıq keçərli deyil, işləmir və sülhməramlıların Qarabağda qalması yalnız Rusiyanın, separatçı rejimin və bir az da Ermənistanın iradəsindən asılıdır.
Ermənistan nəşrinin əldə etdiyi məlumata görə, Azərbaycan torpaqlarındakı separatçı rejimin başçısı Arayik Arutyunyan Qarabağ və Şərqi Zəngəzurdakı azı 1500 sülhməramlının öz ailələrini Rusiyadan buraya köçürmələri üçün hər şeyi edir ki, onlar burada daha möhkəm məskunlaşsınlar. “Bizə dedilər ki, A.Arutyunyan bununla bağlı Rusiya Federasiyasının ən yüksək instansiyalarına müraciət edib və rus hərbçi ailələrinin üzvlərinin Artsaxa köçürülməsinin təşkil olunacağına dair təminat alıb”- deyə erməni nəşri vurğulayır.