ArxivIslamXəbər lentiXəbərlər

Zəkat və onun hökmləri haqqında

Qafqaz.ir  zəkat və onun hökmləri haqqında araşdırma aparıb. Şiə alimi Seyid Əli Hüseyni Sistaninin “İzahlı şəriət hökmləri” kitabından əldə etdiyimiz məlumatları sizə təqdim ediirk.
Məsələ 1819: On şeyə zəkat vacibdir:
1) Buğda;
2) Arpa;
3) Xurma;
4) Kişmiş;
5) Qızıl;
6) Gümüş;
7) Dəvə;
8) İnək;
9) Qoyun;
10) Ehtiyat-lazıma əsasən ticarət malı (sərmayə);
Əgər bir şəxs, bu on şeydən hər hansına sahib olsa, gərək sonradan deyiləcək şərtlər daxilində, müəyyən olunan miqdarını, müəyyən olunan yerlərə sərf etsin.
ZƏKATIN VACİB OLMASININ ŞƏRTLƏRİ

Məsələ 1820: Zəkat əvvəldə deyilən on şeydə, ancaq malın sonradan deyiləcək nisab (ölçü) miqdarına çatdığı, insanın şəxsi malı olduğu və sahibinin azad olduğu təqdirdə vacib olur.
Məsələ 1821: Əgər insan 11 ay müddətində inək, qoyun, dəvə, qızıl və gümüş sahibi olsa, 12-ci ayın əvvəlində onun zəkatını verməlidir. Amma sonrakı ilin əvvəlini 12-ci ay tamam olandan sonra hesab etməlidir.
Məsələ 1822: Zəkatın qızıl, gümüş və ticarət malında vacib olması onun sahibinin bütün il boyu ağıllı və həddi-büluğa yetmiş olması ilə şərtlənir. Amma buğda, arpa, xurma, kişmiş, dəvə, inək və qoyunda onların sahibinin həddi-büluğa çatması və ağıllı olması şərt deyildir.
Məsələ 1823: Buğda və arpaya zəkat o vaxt vacib olur ki, onlara buğda və arpa deyilsin. Kişmişin zəkatı isə, onun üzüm olduğu zaman vacib olur. Xurmanın zəkatı da, ərəb ona «təmr» dediyi vaxt vacib olur. Amma onun nisabını nəzərə almaq (və zəkatını vermək) zamanı quruduğu vaxtdır; buğda və arpanın zəkatının vacib olması xərməndə samandan ayrıldığı vaxtdır; xurma və kişmişdə isə onları dərmə zamanıdır. Əgər bu vaxtda üzürlü səbəb olmadan, eləcə də müstəhəqq ola-ola zəkatı verməyi təxirə salsa və tələf olsa, malik ona zamindir.
Məsələ 1824: Əvvəlki məsələdə deyilən buğda, arpa, kişmiş və xurmaya zəkatın vacib olmasında, onların sahibinin onlardan istifadə (təsərrüf) edə bilməsi şərt deyildir. Deməli, əgər mal sahibinin, yaxud onun vəkilinin əlində olmasa da, məsələn; bir şəxs onları qəsb etmiş olsa, hər vaxt əlinə çatsa, zəkatı vacib olar.
Məsələ 1825: İnək, qoyun, dəvə, qızıl və gümüşün sahibi, ilin bir hissəsində sərxoş və ya bihuş olarsa, zəkat ondan saqit olmaz. Həmçinin əgər buğda, arpa, xurma və kişmiş zəkatının vacib olduğu zaman sərxoş və ya bihuş olarsa da, hökm eynidir.
Məsələ 1826: Buğda, arpa, xurma və kişmişdən başqa şeylərə zəkatın vacib olmasında, sahibinin şərən və təkvinən onda təsərrüf etməyə qüdrətli olması şərtdir. Deməli, əgər bir şəxs onu etina olunacaq bir zaman ərzində qəsb etmiş olsa və sahibi şərən onu təsərrüf etməkdən məhrum edilərsə, onun zəkatı yoxdur.
Məsələ 1827: Əgər qızıl, gümüş və ya bunlar kimi zəkat vacib olan bir şeyi borc alsa və bir il saxlayarsa, gərək onun zəkatını versin. Borc verən şəxsə isə bir şey vacib deyildir. Amma əgər borc verən şəxs onun zəkatını versə, borc alanın üzərindən götürülür…
BUĞDA, ARPA, XURMA VƏ KİŞMİŞİN ZƏKATI

Məsələ 1828: Buğda, arpa, xurma və kişmişin zəkatı nisab həddinə çatdıqları vaxt vacib olur. Onların nisabı üç yüz sadır. Bəzilərinin dediklərinə əsasən, təqribən 847 kiloqramdır.
Məsələ 1829: Zəkatı vacib olmuş buğda, arpa, xurma və üzümün zəkatını verməzdən əvvəl, ondan bir miqdarını özü və ailəsi yeyərsə və ya zəkat niyyəti olmadan fəqirə verərsə, sərf etdiyi miqdarın da zəkatını verməlidir.
Məsələ 1830: Əgər buğda, arpa, xurma və kişmişin zəkatı vacib olduqdan sonra onun sahibi ölərsə, onun malından zəkat miqdarı verilməlidir. Amma əgər zəkat vacib olmazdan əvvəl ölərsə, varislərdən hansı birinin hissəsi nisab miqdarında olarsa, o öz payının miqdarını verməlidir.
Məsələ 1831: Şəriət hakiminin tərəfindən zəkatı toplamağa məsul edilən şəxs, buğda və arpanın samandan ayrıldığı xərmən zamanı, xurma və üzümün də quruduğu vaxt zəkatı tələb edilə bilər. Bu təqdirdə əgər bunların sahibi zəkat verməsə və zəkatı vacib olan şey tələf olub aradan gedərsə, onun əvəzini verməyə borcludur.
Məsələ 1832: Əgər xurma və üzüm ağacına və ya buğda və ya arpa əkininə sahib olduqdan sonra, onların zəkatı vacib olarsa, onun zəkatını verməlidir.
Məsələ 1833: Əgər buğda, arpa, xurma və üzümün zəkatı vacib olduqdan sonra, əkini və ya ağacı satarsa, gərək satıcı onların zəkatını versin. O, zəkatı verərsə, alıcıya bir şey vacib deyil.
Məsələ 1834: Əgər insan buğda, arpa, xurma və ya kişmiş alıb satanın onların zəkatını verdiyini bilsə və ya verib-vermədiyində şəkk edərsə, ona bir şey vacib deyildir. Amma əgər onların zəkatını vermədiyini bilərsə, gərək özü onların zəkatını versin. Amma əgər satıcı onu aldadarsa, zəkatı verdikdən sonra, zəkatın miqdarını ondan tələb edə bilər.
Məsələ 1835: Əgər buğda, arpa, xurma və kişmişin yaş olan vaxtdakı çəkisi nisab həddinə çatsa, amma quruyandan sonra bu miqdardan az olsa, zəkat vacib deyil.
Məsələ 1836: Buğda, arpa və xurma qurumazdan əvvəl sərf edilərsə, onların qurusunun ölçüsü nisab miqdarında olarsa, gərək onları zəkatı verilsin.
Məsələ 1837: Xurma üç qismdir:
1. Qurudulan xurma; onunla bağlı zəkat hökmü əvvəldə deyildi.
2. Yaş ikən istifadə edilə bilən xurma.
3. Yetişməzdən əvvəl yeyilən xurma.
İkinci qism xurmanın qurusu nisab miqdarına yetişəcək miqdarda olarsa, ehtiyat-müstəhəb budur ki, onun zəkatı verilsin. Zahir budur ki, üçüncü qismin zəkatı vacib deyil.
Məsələ 1838: Zəkatı verilmiş buğda, arpa, xurma və kişmiş insanın yanında bir neçə il qalarsa, zəkatı yoxdur.
Məsələ 1839: Əgər buğda, arpa, xurma və kişmiş yağış, yaxud çay suyu ilə suvarılarsa və ya Misirdəki tarlalar (əkin sahələri) kimi, yerin rütubətindən istifadə edərsə, onun zəkatı onda birdir. Amma əgər vedrə və bu kimi şeylərlə suvarılarsa, onun zəkatı iyirmidə birdir.
Məsələ 1840: Əgər buğda, arpa, xurma və üzüm həm yağış suyu ilə, həm də vedrə və bu kimi şeylərlə suvarılarsa, bu təqdirdə, ürfün nəzərində «vedrə və bu kimi şeylərlə suvarıldığı» sayılarsa, onun zəkatı iyirmidə birdir. Əgər «çay və yağışla suvarıldı» deyərlərsə, onun zəkatı onda birdir. Əgər «hər ikisilə də suvarılırdı» deyərlərsə, onun zəkatı qırxda üçdür.
Məsələ 1841: Əgər camaatın sözündən onların nə söylədiyində şəkk edərsə və suvarma işini, xalqın hər ikisilə də suvarılmışdır və ya məsələn; yağışla suvarılmışdır dediyi şəkildə olduğunu bilməzsə, qırxda üç verməsi kifayətdir.
Məsələ 1842: Əgər bir nəfər ürfün nəzərində hər ikisilə suvarılıb və ya vedrə və bu kimi şeylərlə suvarılmasında, şəkk edərsə və bilməzsə, iyirmidə birini zəkat olaraq verərsə, kifayətdir. Həmçinin əgər camaat nəzərində «yağış suyu ilə sulanmışdır» deyildiyinə ehtimal verilirsə, hökm eynidir.
Məsələ 1843: Əgər buğda, arpa, xurma və kişmiş yağış və çay suyu ilə suvarılarsa, vedrə və bu kimi şeylərlə suvarılmaya ehtiyacı olmadığı halda onlarla da suvarılarsa, amma vedrə və bu kimi şeylərlə edilən suvarma onun məhsulunun çoxalmasına kömək etməzsə, onun zəkatı onda birdir. Əgər adı çəkilən məhsullar vedrə və bu kimi şeylərlə suvarılarsa, yağış və çay suyuna ehtiyacı olmadığı halda onlarla da suvarılarsa, amma onlarla edilən suvarmanın onun məhsulunun çoxalmasına bir köməyi olmasa, zəkatı iyirmidə birdir.
Məsələ 1844: Vedrə və bu kimi şeylərlə suvarılan tarlanın yanında başqa bir əkin olarsa və onun rütubətindən istifadə edib ayrıca suvarmaya ehtiyac qalmasa, vedrə ilə suvarılan əkinin zəkatı iyirmidə birdir, onun yanında olub rütubətindən istifadə edən əkin yerinin zəkatı isə, ehtiyata əsasən onda birdir.
Məsələ 1845: Buğda, arpa, xurma və üzüm üçün sərf etdiyi xərcləri məhsuldan çıxıb, sonra nisab mülahizə edə bilməz. Bununla belə, əgər onlardan biri xərclənən məsrəflər mülahizə edilməzdən əvvəl nisaba çatarsa, gərək onun zəkatını versin.
Məsələ 1846: İnsan, əvvəl tarlaya əkdiyi toxumu (istər özündən olsun, istər almış olsun) məhsuldan götürüb sonra nisabı mülahizə edə bilməz, əksinə nisabı məhsulun məcmusuna nisbətən mülahizə etməlidir.
Məsələ 1847: Dövlətin malın əslindən aldığı şeyə zəkat vacib olmaz. Məsələn; əgər əkinin məhsulu 2000 kq olsa və dövlət onun 100 kq-nı vergi olaraq alarsa, yalnız 1900 kq-nın zəkatı vacib olar.
Məsələ 1848: İnsan, ehtiyat-vacibə əsasən, zəkatın vacib olmasından əvvəl etdiyi xərcləri məhsuldan götürüb, fəqət yerdə qalanının zəkatını verə bilməz.
Məsələ 1849: Zəkat vacib olandan sonra etdiyi xərclərdən zəkat miqdarı üçün xərclədiyini onu xərcləməkdə şəriət hakimi və ya onun nümayəndəsindən icazə almış olsa da, ehtiyata əsasən məhsuldan götürə bilməz.
Məsələ 1850: Buğda və arpanın xərmən həddinə yetişməsini, üzüm və xurmanın quruma vaxtına yetişməsini gözləyib sonra zəkat verməsi vacib deyildir. Zəkat vacib olan vaxt zəkat miqdarının qiymətini məlum edib, qiymətini zəkat olaraq, vermək caizdir.
Məsələ 1851: Zəkat vacib olandan sonra, əkini dərmədən və ya xurma və üzümü toplamadan müstəhəqq olan şəxsə, yaxud şəriət hakiminə ya da onların nümayəndəsinə müşaən (müştərək) təslim edə bilər. Təslim edərsə, ondan sonra edilən xərclərdə ortaqdırlar.
Məsələ 1852: Mal sahibi əkinin və ya xurma və üzümün özünü şəriət hakiminə və ya zəkata müstəhəqq olan şəxsə, ya da onların vəkilinə təslim etdikdə, onları başqa mallar ilə birlikdə pulsuz və müşaən öz tarlasında saxlaması lazım deyildir. Onların yığılma və ya quruma vaxtına qədər tarlasında qalması üçün muzd istəyə bilər.
Məsələ 1853: Əgər bir insanın iqlimləri dəyişkən olub, əkin və meyvələri eyni zamanda yetişməyən bir neçə şəhərdə buğda, arpa, xurma, üzüm kimi məhsulları olsa və onların hamısı bir ilin məhsulu sayılırsa, əvvəl yetişənin miqdarı nisab miqdarına çatarsa, onun zəkatını yetişdiyi an verməlidir. Qalanlarını isə yetişdiyi vaxt verməlidir. Amma əgər əvvəl yetişənin ölçüsü nisaba çatmazsa, məhsulun sonrakı qismləri yetişənə qədər səbr edər. Əgər hamısı birlikdə nisab miqdarına yetişərsə, onun zəkatı vacib olar, nisab miqdarına yetişməzsə, vacib olmaz.
Məsələ 1854: Əgər üzüm və ya xurma ağacı bir ildə iki dəfə meyvə versə, birlikdə nisab həddinə çatsa, ehtuyata əsasən, onun zəkatı vacibdir.
Məsələ 1855: Quruduğu vaxt nisab miqdarına yetişəcək qədər təzə xurma və ya üzümü olarsa, əgər onun təzəsindən quruduğu vaxt ona vacib olan zəkat miqdarı zəkat qəsdilə verilərsə, eybi yoxdur.
Məsələ 1856: Quru xurma və ya üzümün zəkatı vacib olan şəxs, onların zəkatını təzə xurma və ya təzə üzümdən verə bilməz. Hətta onun qiymətini müəyyən edib, təzə olan ayrı bir üzüm və ya quru xurmanı zəkatın qiyməti olaraq verərsə də, işkallıdır. Həmçinin üzərinə təzə xurma və ya təzə üzüm zəkatı vacib olsa, onun zəkatını quru xurmadan və ya kişmişdən verə bilməz. Hətta zəkatın qiyməti olaraq başqa bir xurma və üzümü verərsə, hərçənd təzə olsa da, işkallıdır.
Məsələ 1857: Borclu olan şəxs, üzərinə zəkat vacib olan mal olduğu halda ölərsə, əvvəlcə zəkata vacib olan maldan onun zəkatı bütünlüklə verilməli, sonra da onun borcu ödənilməlidir. Amma əgər zəkat onun zimməsində vacib olmuşsa, sair borcları kimidir.
Məsələ 1858: Borclu olan bir şəxsin buğda, arpa, xurma və ya üzümü də olsa və o, ölsə və bunların zəkatı vacib olmazdan əvvəl, varisləri onun borcunu başqa mallarından ödəyərlərsə, hansının payı nisab miqdarına yetişərsə, gərək onun zəkatını versin. Amma əgər, bunların zəkatı vacib olmazdan əvvəl onun borcunu ödəməzlərsə, belə ki, ölən şəxsin malı yalnız borcuna çatarsa, bunların zəkatını vermək vacib deyildir. Əgər ölən şəxsin malı borcundan çox olarsa və əgər onun borcunu ödəmək istədikləri halda tələbkara buğda, arpa, xurma və üzümdən də bir miqdar verməli olsalar, tələbkara verilən miqdarın zəkatı yoxdur. Yerdə qalanında isə varislərin hansının payı nisab miqdarına yetişərsə, gərək zəkatını versin.
Məsələ 1859: Əgər zəkatı vacib olmuş buğda, arpa, xurma və kişmişin yaxşısı və pisi vardırsa, ehtiyat-vacib budur ki, yaxşının zəkatını pisdən verməsinlər.
Ardı var…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button