Azərbaycan ərazisində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında günahı öz üzərindən götürüb.
Rus general deyib: “Azərbaycan toponimlərinə hörmətlə yanaşırıq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq.”
General-mayor Andrey Volkov sözlərini belə davam etdirib: “Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir. Lakin qeyd etdiyim kimi, biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz”, – Volkov qeyd edib.
Beləliklə Azərbaycan Respublikasının az qala hər gün bu barədə etdiyi etirazlar yenə də cavabsız qalıb və bu o deməkdir ki, bundan sonrada adların erməni varyantının istifadə olunacağı gözlənilir.
Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirir ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları uydurma erməni toponimləri ilə qeyd olunmaqdadır.
Qeyd olunub ki, bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı MN tərəfindən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha israrla bildirib ki, Azərbaycan Respublikasının yaşayış məntəqələrinin adlarının düzgün qeyd olunmaması, habelə “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi yolverilməzdir.