ArxivQarabağSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

“Qarabağa uzunmüddətli siyasi həll yolu” – ABŞ nə istəyir? – TƏHLİL

Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Respublika Günü münasibətilə Azərbaycan prezidentinə yazdığı məktubda “Qarabağ munaqişəsi”-nin uzunmüddətli həllini tələb edib.

Qafqaz.ir-nin məlumatına əsasən, məktubda Bayden ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllini 30 ilə yaxın müddətdə uzatmış Minsk Qrupunun həmsədri olduğunu xatırladaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq olduğunu bildirib.

Göründüyü kimi, ABŞ prezidenti Qarabağ münaqişəsinin hələ də mövcudluğuna işarə etməklə, həmsədr ölkə kimi bu yöndə fəallıqlarını artıracaqlarına söz verir.

Xatırladaq ki, yanvarın 20-də ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lin Treysi demişdi: “ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həll yolunu tapmağa çalışacaqdır.”

Mayın 17-də isə Qarabağ münaqişəsi üçün uzunmüddətli siyasi həll yolu məsələsi ABŞ dövlət katibi Entoni Blinken və Fransanın xarici işlər naziri Jan İv Lö Drian arasında müzakirə olunub.

Azərbaycanda hesab edirlər ki, ABŞ və Fransanın siyasi həll yolundan danışmaqda məqsədləri rəsmi Bakıya təzyiq göstərmək və Cənubi Qafqazda Azərbaycan Respublikasının xeyrinə pozulmuş müvazinəti dəyişərək Ermənistanı ruhlandırmaqdır. Belə ki, 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycanın dəmir yumruqdan lazımi anlarda istifadə edəcəyinə dair açıqlamaları ermənilərin Qərbdəki müttəfiqlərini narahat etməyə başlayıb və onlar münaqişənin hələ bitmədiyini iddia etməklə regionda öz mövqelərini bərpa etmək istəyirlər. Qarabağ ermənilərinə yeni statusun verilməsi ideyası da məhz bundan irəli gəlir. Lakin Azərbaycan beynəlxalq hüquqdan qaynaqlanan müharibə haqqından istifadə edərək artıq status-kvonu öz xeyrinə, həmişəlik dəyişibsə, artıq bundan sonra status məsələsini qabartmaq mənasızdır.

Prezident İlham Əliyev mayın 10-da Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib ki, kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, öz ölkəsində onlara yer seçsin.

Qəribədir ki, Azərbaycanda əksər siyasətçilərin ABŞ ilə Fransanın ermənipərəst ideyalarına sərt etiraz bildirməsinə rəğmən, qərbpərəst dairələr hələ də Ağ Ev-in Qarabağ məsələsində səmimi olduğuna inanırlar. Moderator Saytının 24 may tarixli məqaləsində deyilir: ABŞ prezidenti “münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlar” ifadəsini işlətməklə hərbi həll variantını qəbul etdiklərini dolayısı ilə etiraf edib. Co Baydenin “danışıqlarda kömək etməyə sadiq qalırıq” deməsi ABŞ-ın münaqişənin həlli üçün yalnız danışıqlara kömək etməkdən başqa bir fəaliyyətinin olmayacağının açıq bəyanıdır. Bu o deməkdir ki, Azərbaycan öz problemini özü həll edib, Qarabağda yaşayan ermənilərin gələcək aqibəti üçün siyasi həll variantının tapılmasında ABŞ vasitəçilik missiyasını davam etdirə bilər-yazının sonu.

Bu, şübhəsiz ki, ABŞ-ın Qarabağ siyasətinə ən səthi yanaşmadır. Çünki hər bir fürsətdə ermənilərin müdafiəsinə qalxan ABŞ-ın birdən birə öz siyasətini korrektə etməsi ağla batan deyildir.

Qəhrəman Nurani – Səhər TV

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button